Interposta.Info

Bundan sonra Sudanı Əhməd Avad abad edəcək

Dünya
 12-04-2019, 13:41     10 315

Sudan ordusu aprelin 11-də prezident Ömər əl-Bəşiri devirərək istefaya göndərəndən sonra idarəçiliyi müdafiə naziri, birinci vitse-prezident Əhməd Avad ibn Auf öz üzərinə götürüb. Novator.az bildirir ki, Ali Təhlükəsizlik Komitəsinin başçısı olan general Avad ibn Auf konstitusiyanın qüvvədən düşdüyünü, parlamentin, hökumətin, Prezident Administrasiyasının, yerli hökumətlərin və qanunverici orqanların buraxıldığını, 3 ay müddətinə fövqəladə vəziyyət, komendant saatı tətbiq olunduğunu açıqlayıb.

Avad ibn Auf 1954-cü ildə doğulub. 2015-ci ilin avqust ayından müdafiə naziri, 2019-cu il fevralın 23-dən həmçinin birinci vitse-prezidentdir. Əvvəllər Hərbi Kəşfiyyatın rəisi və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri olub.

1944-cü il təvəllüdlü Ömər əl-Bəşir 1989-cu ildə silahlı çevrilişlə hakimiyyətə gəlib, 1993-cü ildən prezident postunu tutub.

Ötən ilin dekabr ayından ölkədə sosial şüarlarla kütləvi aksiyalar başlayıb, sonradan Ömər əl-Bəşirin istefası tələb olunub. Hökumət qüvvələri ilə qanlı toqquşmalar ara vermədiyi üçün ordu hakimiyyəti ələ almaq qərarına gəlib.

Sudan 1956-cı il yanvarın 1-dən müstəqil dövlətdir. 2011-ci ildə ölkənin cənub bölgəsi Sudandan ayrılaraq müstəqil dövlət statusu əldə edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26