Interposta.Info

Qərb Ukrayna ilə bağlı Rusiyaya ayrıca sanksiyalar tətbiq edəcək

Dünya
 18-12-2018, 17:59     10 455

ABŞ Dövlət Departamentinin Ukrayna üzrə nümayəndəsi Kurt Volker Qərb dövlətlərinin yaxın aylarda Rusiyanın Qara dənizdəki təcavüzkar hərəkətlərindən dolayı yeni sanksiyalar paketi hazırladığının anonsunu verib.

Musavat.com “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Kurt Volker Rusiyanın noyabrın 25-də qeyri-qanuni olaraq saxladığı Ukrayna dənizçilərini buraxacağına ümid etdiyini söyləyib.

Bundan başqa K.Volker Rusiyadan fərqli olaraq Ukraynanın davranışlarının beynəlxalq hüquq qaydalarına uyğun olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu situasiyada yeganə yaxşı xəbər ABŞ, Avropa Birliyi və NATO-nun qeyd-şərtsiz Ukraynanın tərəfində olmasıdır.

Qeyd olunur ki, yaxın aylarda ABŞ Ukraynaya müasir silahların ilk partiyasının tədarükünə başlayacaq. Pentaqon Ukraynaya 47 milyon dollar dəyərində “Javelin” tank əleyhinə raket komleksinin, o cümlədən 37 buraxılış qurğusunun və 210 idarə olunan raketin veriləcəyini bəyan edib. Doğrudur, Kurt Volker həmin silahların Donbasda istifadə edilməyəcəyinə dair Ukraynadan söz aldıqlarını da bildirib.

Bundan daha öncə isə Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsinin ABŞ-dan hava əleyhinə müdafiə sistemləri almaq niyyətini açıqlayıb. Ümumiyyətlə, 2019-cu ildə rəsmi Vaşinqton Ukraynaya 250 milyon dollarlıq hərbi yardım göstərməyi planlaşdırır. ABŞ həmçinin Qara dənizdə də hərbi mövcudiyyətini gücləndirmək niyyətindədir.

“Biz bu məqsədlə Türkiyə ilə Qara dənizdə naviqasiya azadlığı və təhlükəsizliyi məsələsi ətrafında müzakirələr aparırıq. Bizim Avropa Birliyinin köməyi ilə Qara dənizdəki varlığımızı daha da qüvvətləndirmək üçün ideyalarımız var”, - deyə Kurt Volker qeyd edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26