Interposta.Info

Bu gün ABŞ-ın İrana qarşı ən sərt sanksiyaları işə düşür: Azərbaycanı nə gözləyir?

Dünya
 5-11-2018, 10:11     10 394

Elxan Şahinoğlu: “Bu vəziyyətdə biz də gələcəyimizi proqnozlaşdırıb addımlar atmalıyıq...”
Noyabrın 5-dən ABŞ-ın İrana qarşı embarqolarının növbəti - ikinci və daha sərt dalğası başlayır. ABŞ prezidenti D.Tramp bəyan edib ki, bu təqvimdən sonra İranla əməkdaşlıq edən dövlət və şirkətlər ABŞ-la işləyə bilməyəcək. Lakin buna baxmayaraq, ABŞ İrana qarşı tətbiq etdiyi sanksiyalarında bəzi yumşalmalar edib.

Belə ki, ABŞ Yaponiyanı İrana qarşı tətbiq etdiyi sanksiyalardan kənarlaşdıraraq, onun bu ölkədən xam neft ixrac etməsinə maneə yaratmayacaq. Yaponiyaya neft ixracında İran nefti cəmi 5 faiz paya malikdir. ABŞ-ın sanksiyaları ərəfəsində topdan neft alqısı ilə məşğul olan yapon şirkətləri İran ilə ticarəti dayandırıb. Eləcə də bəzi Hindistan mənbələri Vaşinqton rəhbərliyinin Hindistanın İrandan xam neft idxal etməyə davam etməsinə icazə verdiyini bildirib. Sözügedən qaynaqlar, buna görə Yeni Dehlinin İrandan 2019-cu ilin mart ayına qədər İrandan ayda 2.5 milyon ton xam neft idxal edə biləcəyini ifadə edib. Eyni zamanda ABŞ Türkiyəni də İrana qarşı sanksiyalar siyahısından azad edib. Türkiyənin Enerji və Təbii Ehtiyatlar naziri Fatih Dönmez ABŞ-ın İran sanksiyalarından Türkiyəni azad etməsilə bağlı qərarın sevincli olduğunu deyib.

"İnterPosta" xəbər verir ki, “Yeni Müsavat”a danışan politoloq Elxan Şahinoğlu söyləyib ki, tətbiq edilən sanksiyalar İranın vəziyyətini daha da ağırlaşdıracaq:
“Tramp dediyini yenə də edir. Doğrudur, Amerika bəzi istisnalar edib, ancaq bu da müvəqqətidir. İstisna etməsinə rəğmən, artıq İran 50 faiz neftini dünya bazarına çıxara bilməyəcək. Çünki alıcı olmayacaq. Hətta sanksiyalara qarşı çıxan Avropa və Çinin şirkətləri belə, İranla əməkdaşlığı məhdudlaşdırıblar. Artıq Çinin iki şirkəti İranı tərk edib. Halbuki Çin də bu sanksiyaların əleyhinə idi. Avropa İttifaqı demişdi ki, biz öz şirkətlərimizi sanksiyalardan qoruyacağıq. Ancaq görürük ki, Avropa şirkətləri özləri İranı tərk edirlər. Səbəb də odur ki, Amerika bazarı daha böyükdür və onlar bu ölkənin sanksiyaları ilə üzləşmək istəmirlər. Amerikada həmin şirkətlərin səhmləri, banklarında pulları var. Ona görə də düşünürlər ki, ABŞ-ı itirincə kiçik bazar olan İranı itirək. Bu baxımdan prosesin gedişatı İran üçün olduqca çətin olacaq. Bəli, müəyyən müddət Yaponiyaya, Hindistana neft sata biləcək. Ancaq getdikcə ondan neft almaq istəyənlərin sayı azalacaq. İranın da iqtisadiyyatı neft satışının üzərində qurulub. Əgər sanksiyalara qədər İranda vəziyyət ağır idisə, küçə və meydanlarsa mitinqlər keçirilirdisə, sanksiyalar işə düşdükdən sonra İranda vəziyyət bir qədər də ağırlaşa bilər”.

Politoloqa görə, bu məqamda Azərbaycan da ciddi şəkildə düşünməlidir:
“İranda vəziyyət axarından çıxarsa bu, qonşu dövlətlərə, o cümlədən də Azərbaycana problemlər yarada bilər. Ona görə də biz də hadisələrin gələcək inkişafını proqnozlaşdırmalıyıq. Doğrudur, Türkiyə, İran, Azərbaycan xarici işlər nazirləri İstanbulda görüşdülər. Azərbaycan və Türkiyə nazirləri bəyanat verdilər ki, birtərəfli sanksiyaların əleyhinəyik. Ancaq burada da xoşagəlməz hal baş verdi. Belə ki, İran xarici işlər naziri çıxışında dedi ki, biz Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıyıq. Niyə demir ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində maraqlıyıq. Yenə də görürük ki, müəyyən oyunlar aparılır. Azərbaycan, Türkiyə və eləcə də bəzi dövlətlər bu sanksiyaların əleyhinədir. Amerika istəyir ki, İran zəifləsin və qonşu dövlətlərə təsir imkanları heçə ensin. Çünki İran Suriyada, Livanda, İraqda aktivdir, Səudiyyənin özündə belə müəyyən şiə qruplarını dəstəkləyir. Amerika istəyir ki, bu aktivliyi azaltsın. Ona görə də İran üçün çox çətin olacaq və biz, yaxın günlərdə qonşu dövlətdə çox gərgin və maraqlı prosesləri izləyə bilərik. Bunun isə bölgəyə də müəyyən mənfi təsirləri ola bilər”.

E.Şahinoğlu hesab edir ki, müharibə olmasa da, İranın daxilində qarşıdurmalar başlaya bilər:
“İran gərgin vəziyyətdə müəyyən səhv addımlar da atıb, bölgədəki vəziyyəti gərginləşdirə bilər. Üstəlik, İranın daxilində artıq müəyyən proseslər gedir. Orada silahlı toqquşmalar da baş verə bilər. Biz istəmərik ki, İran Suriyanın, İraqın gününə düşsün. Çünki İran bizim qonşumuzdur. Lakin baş verəcəksə də bu, bizim istəyimiz xaricində olacaq. İran Suriyaya bənzəməyəcək. Orada daha dəhşətli olaylar yaşana bilər. Buna qədər İranda müəyyən siyasi islahatlar da aparılmadı. Oradakı azərbaycanlıların hüquqları müəyyən qədər tanınmadı. Əvvəl İran parlamentində bu cür mövzular müzakirə olunmazdı. Ancaq indi müşahidə edirik ki, artıq belə məsələlər İran parlamentinə də çıxıb. Cənubi Azərbaycandan seçilən deputatlar belə məcbur qalıb İran parlamentində deyirlər ki, niyə Ərdəbilə maliyyə yardımını artırmırsız, Urmiya gölü nə üçün quruyur, hansı səbəbdən kreditlər ancaq İranın mərkəzi bölgələrinə cəmlənib, Ərdəbilə, Təbrizə yatırımlar qoyulmur? Bu fikirlər artıq son zamanlar İran parlamentinə çıxır. Demək ki, onlar özləri təhlükənin İrana yaxınlaşdığını anlayırlar. İran Azərbaycana yaxınlaşmağa məcburdur. Çünki sanksiyaları yarmalıdır. İstanbul görüşü daha çox Tehranın işinə yarayırdı ki, sanksiyalar yarılsın, qonşu dövlətlərlə əməkdaşlıqdan uzaqlaşmasınlar. Biz bu məsələdə İranı dəstəkləyirik və İranla əməkdaşlığı davam etdirəcəyik. Ancaq İran da bizim problemlərimizlə bağlı diqqətli olmalıdır. Nəhayət ki, Qarabağ məsələsində qətiyyətli mövqe ortaya qoymalıdır. Hətta bu ağır vəziyyətlərində belə, Qarabağla bağlı birtərəfli mövqe ortaya qoymurlar. Adama da təsir edən budur. Onlar Ermənistana mesaj göndərmək əvəzinə, deyirlər ki, Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıyıq. Məsələ də budur”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26