İranlı deputatdan xəbərdarlıq: Xəzər dənizi quruyacaq
Təbii və insan amilləri Xəzər dənizinin ekosistemini təhdid edir və bu vəziyyətin davam etməsi dənizin qurumasına yol açacaq.
"XeberBiz" AzVision.az-a istinadən xəbər verir ki, İran parlamentinin Qərbi Azərbaycan əyalətinin Naqada rayonundan seçilən deputatı, parlamentin ətraf mühit məsələləri üzrə qrupunun üzvü Əbdülkərim Hüseyinzadə "ICANA” agentliyinə açıqlamasında bu cür xəbərdarlıq edib.
Əbdülkərim vurğulayıb ki, Xəzər dənizi gələcəkdə quruya bilər. Lakin İran hökumətinin düzgün planlaşdırma və büdcə ayırması ilə ölkənin önəmli sərvətlərindən olan Xəzər dənizinin qurumasının qarşısını almaq olar. Parlamentin və hökumətin bu ciddi məsələyə biganə qalmamasının vacibliyini vurğulayan İranlı deputat onu da əlavə edib ki, Xəzər dənizi ilə bağlı bir sıra ekoloji problemlərin öz həllini tapması üçün geniş miqyaslı və uzunmüddətli layihələrin icrasına ehtiyac var. Əbdülkərim Hüseyinzadənin sözlərinə görə, İrandakı əlverişsiz təbii şərtlər həmçinin, Bəsrə körfəzinin də gələcəyini təhdid edir.
Qeyd edək ki, son illər İranda müşahidə olunan quraqlıq nəticəsində İranın Qərbi Azərbaycan əyalətindəki Urmiya gölünün, həmçinin İsfahandakı Zəyənd çayının bir hissəsi quruyub.
Xatırladaq ki, ötən il Amerika, Fransa və Rusiya alimləri apardıqları birgə tədqiqat nəticəsində "Geophysical Research Letters” jurnalında dərc etdikləri məqalədə sürətlə gedən qlobal istiləşmə nəticəsində Xəzər dənizinin Rusiya hissəsinin 75 ildən sonra quruyacağını bildirmişdilər. Alimlərin fikrincə, 1996-cı ildən 2015-ci ilə qədər hər il Xəzərin səviyyəsi 7 santimetr azalıb. Bu müddət ərzində ümumilikdə, dəniz səviyyəsi 1,4 metr düşüb və bu proses hələ də davam edir. Onların tədqiqatına əsasən, quruma prosesi daha çox Xəzərin Rusiya və Qazaxıstan sahillərində müşahidə olunacaq.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26