Interposta.Info

Müəmmar Qəzzafinin oğlu Liviyanın “ümidi”nə çevrilib

Dünya
 4-08-2018, 11:16     10 369

Seyfəlislam Qəzzafi uzun illərdən sonra Liviyada prezident və parlament seçkilərinə əsas iddialılardandır; ölkədə maraqlı proseslər başlayıb
2018-ci il dekabrın 10-da Liviyada parlament və prezident seçkiləri keçiriləcək. Bu barədə razılaşma bu il mayın 29-da Parisdə Fransa prezidentinin vasitəçiliyi ilə keçirilən toplantıda əldə olunub. Razılaşmaya əsasən sentyabrın 16-da seçki qanunu qəbul olunacaq, dekabrda isə 200 yerlik parlamentin üzvləri və ölkə başçısı seçiləcək.

Ancaq ölkədə siyasi vəziyyət elə də rəvan deyil. Məlum olduğu kimi, “Ərəb baharı” dalğasında üsyan və vətəndaş müharibəsinin başladığı Liviyada 2011-ci ilin oktyabrında Qəzzafi öldürülüb və üsyan faktiki qalib gəlib. 2012-ci ildə isə Liviyada seçkilər keçirilib və hökumət qurulub. Ancaq az sonra siyasi parçalanma baş verib və Liviya 2014-cü ilin may ayından etibarən faktiki olaraq iki hissəyə bölünüb. Hazırda Fəyyaz Saracın rəhbərlik etdiyi Milli Uzlaşma Hökuməti Liviyanın əsasən qərb ərazilərinə, o cümlədən Trablus, Misrata kimi mühüm şəhərlərinə nəzarət edir. Bu hökuməti bəzi Avropa ölkələri, o cümlədən Türkiyə və Qətər dəstəkləyir.

Ölkənin qərbinə, həmçinin cənubuna nəzarət edən Abdullah Sininin rəhbərlik etdiyi Liviya hökuməti və ya Təmsilçilər Məclisi hökuməti isə Benqazi də daxil olmaqla şərq sahili şəhərlərinə (Dərnə istisna olmaqla - K.R.) nəzarət edir. Bu hökumət Qərb ölkələri, ABŞ, bəzi Avropa dövlətləri, o cümlədən Misir, BƏƏ və Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənir.

Fransanın səyi ilə Liviyanın parçalanmasının qarşısını almaq və vahid hökumət qurmaq üçün seçkilərə hazırlıq getdiyi bir vaxtda ciddi siyasi hadisələr baş verir. İyulun 30-da mediada Milli Uzlaşma Hökumətinin (MUH) müdafiə naziri Mehdi əl-Bərqusi vəzifəsindən azad edilib. Qərar səbəb kimi, 2017-ci ildə Burak əş-Şati bazasına hücumla bağlı komissiyanın hesabatı göstərilib. Lakin araşdırmanın nəticələri ilə bağlı hər hansı məlumat verilmir.

Qeyd edək ki, MUH qüvvələri Təmsilçiləri Məclisi hökumətini təmsil edən general Xəlifə Həftərin rəhbərlik etdiyi qüvvələrin yerləşdiyi bazaya hücum edib. Nəticədə şərq və qərb hökumətləri arasında anlaşma pozulmuş və toqquşmalarda 141 nəfər ölmüşdü. Həmin vaxt müdafiə naziri əl-Bərqusi 3-cü qoşun komandanı Camal ət-Tireykini həbs etdirib.

Daha bir siyasi qalmaqal isə Liviya Konstitusiya hazırlanması Komissiyasının sədri Nuh Abdusseyyid Abdullah vəzifəsindən istefa verib. İstefanın səbəbləri məlum deyil.

Qeyd edək ki, BMT-nin vasitəçiliyi ilə Liviyadakı böhranı aradan qaldırmaq üçün 2015-ci ildə Şərq və Qərb hökumətləri, yəni Tobruk və Benqazi arasında anlaşma əldə olunsa da, general Həftərin tabe olmaması nəticəsində Tobruk hökuməti anlaşmanı imzalamayıb. Ancaq bu ilin mayında Parisin isə qarışması nəticəsində dekabrda birgə seçkilərin keçirilməsi haqda iki tərəf arasında razılaşma əldə olunub.

BMT-nin Liviyada münaqişənin və bölünməni aradan qaldırmaq üçün irəli sürdüyü 3 mərhələli plana əsasən birinci mərhələdə 2015-ci il anlaşması dəyişdirilməli, ikinci mərhələdə bütün siyasi qüvvələri bir araya gətirib ümummilli konqres təşkil etməli və nəhayət, konstitusiya referendumunu keçirib, yeni konstitusiyaya uyğun olaraq prezident və parlament seçkiləri keçirilməlidir.

Görünən odur ki, son istefalar və vəzifədən qovulmalar məhz dekabr seçkilərinə görədir. Ehtimal ki, komissiya hərbi bazaya hücumu da Şərq və Qərb arasında anlaşmanı pozmaq, münaqişəni daha da dərinləşdirmək məqsədilə provokasiya olub. Belə demək mümkündürsə, hər iki tərəf dekabr seçkilərinə və milli uzlaşmaya hazırlıq görür.

Ancaq 10 dekabr seçkilərinin ən sürpriz hadisəsi heç şübhəsiz ki, Seyfəlislam Qəzzafinin seçkilərdə namizəd kimi iştirakı hadisəsi olacaq. Müəmmar Qəzzafinin oğlu Seyfəlislam Qəzzafinin seçkilərdə namizəd olacağını bu ilin martında vəkili Xalid əl-Quveyl elan edib. Vəkil deyib ki, Seyfəlislamın namizəd olması ilə bağlı Tunistə keçirilən toplantıda qərar qəbul olunub.

Vəkil deyib ki, Qəzzafinin oğlu Liviyanı birləşdirmək, yenidən keçmiş imicini bərpa etmək üçün seçkilərə girmək istəyir. Seyfəlislam Qəzzafi Liviya Xalq Qurtuluş Cəbhəsi adlı qurumun namizədi olacaq. Xatırladaq ki, Qəzzafinin oğlu və inqilaba qədər əsas varisi hesab olunan Seyfəlislam Qəzzafi 2011-ci ildə həbs olunub və 2017-ci ilin aprelində Tobrukda yerləşən Liviya hökumətinin elan etdiyi amnistiya çərçivəsində azadlığa buraxılıb.

Maraqlıdır ki, həbsdən azad edildikdən qısa müddət sonra Seyfəlislam Liviyada nüfuzlu qəbilə rəisləri ilə birlikdə iftar yeməyinə qatılmışdı. Hələ o zaman ehtimal olunurdu ki, oğul Qəzzafi siyasətə, daha doğrusu, atasından sonra boş qalan Liviya hakimiyyət rəhbərliyinə iddiaçıdır. Bunun üçün indi, necə deyərlər, ciddi səbəb də var.

Qəzzafilərin Liviyada ən böyük tayfalardan birinin üzvü olduğu, eləcə də keçmiş əlaqələri, nüfuzlarını nəzərə alsaq, Seyfəlislamın iddiasının boşuna olmadığını deyə bilərik. Müharibə nəticəsində Liviya xaraba qalıb, əhali terror və xaosdan, səfalətdən əziyyət çəkir. Belə bir zamanda təbii ki, xalq Qəzzafinin rifah və sabitlik dövrünü (demokratiya indi o qədər də yada düşmür - K.R.) tez-tez xatırlayır. Üstəlik, indi Liviyada Qəzzafinin güclü tayfaları hələ də böyük güc və maddi imkanlara sahibdir. Bu isə o deməkdir ki, bu il keçiriləcək seçkilərin əsas iddiaçısı məhz Seyfəlislam olacaq.

Seyfəlislam Qəzzafi 1972-ci ildə Liviyada anadan olub. Avstriya və İngiltərədə təhsil alıb, dünyanın ən nüfuzlu ali məktəblərindən biri olan Londonda İqtisadiyyat və Siyasi Elmlər Məktəbini bitirib, memar-mühəndis ixtisası üzrə fəlsəfə doktorudur.

Eyni zamanda Liviyada yeni islahatçı lider, Qərblə yaxınlaşmanın əsas memarı olaraq tanınan Seyfülislamın atasından sonra Liviyaya rəhbərlik edəcəyi gözlənilirdi. Ancaq 2011-ci ilin gəlməsi ilə hər şey dəyişdi. Bütün dünya Liviyaya qarşı olanda, NATO havadan və gəmilərdən Liviyanı bombalayanda ortada görünən Seyfülislam idi və Qərbə meydan oxuyurdu. Liviyada üsyançılara və NATO qüvvələrinə qarşı müqavimətə məhz Seyfəlislam rəhbərlik edirdi.

Seyfəlislam 2011-ci ilin noyabrında maşınla Niger sərhədinə tərəf gedərkən Zintan şəhərinin könüllülər briqadasının əlinə keçmişdi. Ələ keçdikdən sonra Qəzzafinin oğlu işgəncəyə məruz qalmış, Liviyada üsyan başlayanda üsyançıları hədələdiyi məşhur fotosuna cavab olaraq vaxtilə üsyançıları hədələdiyi sağ əlinin şəhadət barmağı kəsilmişdi.

2015-ci il iyulun 24-də Trablus Apelyasiya Məhkəməsi onu 17 fevral inqilabı zamanı Liviya xalqına qarşı cinayətlər törətməkdə ittiham edərək qiyabi ölüm hökmünə məhkum etmişdi. Onunla bərabər mühakimə olunan Liviyanın keçmiş hakimiyyətinin onlarla yüksək rütbəli məmuru da müxtəlif cəzalar almışdı.

Seyfəlislamın iqtidara gəlmək arzusu təbii ki, həm də xaricdən dəstəklənir. Məsələ ondadır ki, hazırda Liviyada savaşan faktiki iki hakimiyyətdən birini Səudiyyə Ərəbistanı, BƏƏ və Misir dəstəkləyir, digər qrupu isə Qətər və Türkiyə hakimiyyəti dəstəkləyir. Belə görünür ki, oğul Qəzzafinin prezidentliyə iddiası həm də region gücləri arasında rəqabətin nəticəsidir. Görünür ki, Liviyanı birləşdirə biləcək əsas qüvvə hesab olunan Qəzzafinin oğlunu məhz Səudiyyə Ərəbistanı və Misir koalisiyası dəstəkləyəcək. Çünki aydındır ki, güclü xarici dəstəyi olmasa Liviyada hansısa qüvvənin iqtidar olması mümkün deyil. Bunu nəzərə alan körfəz koalisiyası da məhz Seyfəlislamı buna görə irəli çəkmək və onun vasitəsilə ölkədə mərkəzləşdirilmiş hakimiyyəti qurmaq istəyir. Çünki Qəzzafi ailəsinin nüfuzu, təsir və maliyyə imkanları buna yetir. Bu mənada indi Seyfəlislam həm də Liviyanın “ümidi” halına gəlib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26