Interposta.Info

Putini yıxsa, pensionerlər yıxacaq -

Dünya
 31-07-2018, 17:23     10 314

Vladimir Putinin təkcə Rusiyada yox, bütün dünyada ən populyar siyasətçi olduğu söylənilsə, səhv olmaz. Qərb mətbuatı onu hətta dünyanın ən qüdrətli siyasi fiquru hesab edir. Lakin Putin öz evində heç görmədiyi qədər hücuma məruz qalıb. Səbəb isə Rusiyada qəbul edilən qeyri-populyar pensiya islahatlarıdır.

Kanadanın Monreal şəhərində yerləşən Makgill universitetinin professoru Kristi Ayronsayd “The Washington Post” qəzetinə verdiyi müsahibədə pensiyalar məsələsinin Rusiya üçün həmişə ağrılı mövzu olduğunu qeyd edib.

Ekspert SSRİ dağıldıqdan sonra ən ağır vəziyyətə düşən təbəqənin elə məhz pensionerlər olduğunu vurğulayıb.

Vaxtilə Boris Yeltsin hökuməti bu sahədə də islahat keçirərək sosial təminat sisteminin dövlət büdcəsindən deyil, gəlir vergilərindən tutulan vəsaitlə həyata keçrimək istəmişdi. Lakin məlum iqtisadi böhranlar (1999, avqust) və hiperinflyasiya bu sistemi tamamilə dağıtdı.

Vladimir Putin hakimiyyətə gəldikdən sonra Rusiyada sosial təminatı sabitləşdirəcəyini vəd edərək pensiyaların ödənilməsi ilə bağlı yaranan borcları ləğv etdi, üstəlik, onların miqdarını artırdı.

2009-cu ildə isə öncə hökumət işçilərinin iştirakı ilə könüllü özünümaliyyələşdirmə sistemi gətirildi. Lakin sonradan bunun hansı məqsədlə həyata keçirilməyə çalışılması məlum oldu. Belə ki, hökumət 2013-cü ildə qəbul etdiyi qanunla özəl pensiya fondları üzərində nəzarəti ələ almağa imkan verən xüsusi hüquqlar qazandı. Bir çoxlarının fikrincə isə, bu əslində Rusiya hökumətinə pensiya fondlarında yığılan pulları başqa məqsədlərə (məsələn, Krım, Şərqi Ukrayna, Suriya kampaniyaları-red.) xərcləmək üçün lazım idi. Öncələr həmin fondlara olan borcunu neftdən gələn pullarla dolduracağını güman edən hökumətin bütün ümidləri sanksiyalar və neft qiymətlərinin aşağı düşməsi ilə suya düşdü. Elə bu səbəbdən Rusiya hökuməti çarəni pensiya yaşını artırmaqda görüb.
İsveçrənin “Neue Zürcher Zeitung” qəzetinin yazarı Markus Akeret Rusiyada orta pensiyanın 13,3 min rubl (213 dollar) təşkil etdiyini və bunun dolanışığa güclə çatdığını yazıb. Müəllif rus pensiyaçılarının bu cür cüzi əmək haqqı ilə öz övladlarını və nəvələrini belə keçindirdiyini təəccüblə qeyd edir.

Almaniyanın Die Welt qəzeti isə rusların bəzi məsələlərdə ayılmağa başladığını yazır. “Əgər xarici siyasətdə rusiyalılar Kreml tərəfindən uydurulan rus qüdrəti haqqında nağıllara inanırlarsa, pensiya məsələsində insanların gözlərinin qabağına faktlar gəlir. O zaman onlar bu sualı verirlər: “Əgər Rusiya belə güclüdürsə, o zaman niyə mənim pensiyamı ödəməyə halı yoxdur?”, - məqalədə qeyd olunub.

Fransanın “La Croix” qəzetinin yazarı Jan İv Dan isə rusların etiraz etmək üçün təşkilatlandığına diqqət çəkir.

Müəllif iyuun 28-də minlərlə rusiyalının etiraz nümayişinə çıxdığını vurğulayır. İyulun 1-də Rusiyanın əsas müxalifətçisi Aleksey Navalnının çağırışına az sayda vətəndaşın qatıldığı, pensiya məsələsinin isə insanları daha böyük kütlə ilə meydanlara çəkdiyi xüsusi qeyd olunur.

Yazıda Putinin hətta doğma diyarı Sankt Peterburqda çoxsaylı, əllərində Stalinin portretlərini və Kommunist partiyasının bayraqlarını tutan insanlardan bəhs olunub. Burada müəlliflə söhbət edən vətəndaşlar Putinin pensiya islahatı keçirməyəcəyi barədə verdiyi vədindən döndüyünü və onları aldatdığını bldiriblər.

İslahat əleyhinə isə açılan onlayn petisiya tam 2,9 milyondan çox imza toplayıb.

Son məlumatlara görə, Putinin reytinqi ölkə içində 80%-də 64%-ə qədər geriyə düşüb./musavat.com

XeberBiz

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26