Interposta.Info

Paşinyan baş nazirliyə namizəd olur

Dünya
 25-04-2018, 14:15     10 411

Ermənistan parlamentindəki müxalif “Çıxış” bloku Vətəndaş Sazişi Partiyasının sədri Nikol Paşinyanı baş nazir postuna namizəd irəli sürüb.

Novator.az bildirir ki, 1975-ci ildə Ermənistanın İcevan şəhərində doğulan Nikol Paşinyan uzun illər jurnalist fəaliyyəti ilə məşğul olub. 2010-2011-ci illərdə Serj Sərkisyanın ilk dəfə prezident seçildiyi 2008-ci ilin xalq etirazlarına görə həbsdə yatıb. 2012-ci ildə sabiq prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresindən, 2017-ci ildə “Çıxış” blokundan deputat seçilib.

Hakim Respublika Partiyasının sədri Serj Sərkisyan 2008-ci ildən bu il aprelin 9-dək ölkə prezidenti olub. Aprelin 17-də o, parlamentdə baş nazir seçilib və prezident sərəncamı ilə bu interposta.info təsdiqlənib. Ancaq xalq etirazlarına görə aprelin 23-də Serj Sərkisyan istefa verib.

Etirazlara Nikol Paşinyan başçılıq edib.

Hökumət aprelin 23-də tam tərkibdə istefaya gedib. Prezident Armen Sərkisyan səlahiyyətlərin icrasını əvvəlki tərkibə tapşırıb. Hökumətə müvəqqəti rəhbərlik baş nazirin birinci müavini Karen Karapetyana həvalə olunub.

Karen Karapetyan Respublika Partiyası sədrinin birinci müavinidir. O, 2016-cı ildə baş nazir təyin edilib, bu il aprelin 18-də baş nazirin birinci müavini vəzifəsinə keçib.

Yeni baş naziri parlament seçməlidir. Bunun üçün 105 nəfərlik parlamentdə səslərin yarıdan çoxunu almaq tələb olunur. Respublika Partiyasının parlamentdə 58, onun müttəfiqi olan Daşnaksütun Partiyasının 7, Sarukyan blokunun 31, “Çıxış” blokunun 9 mandatı var.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26