Interposta.Info

Trampdan Türkiyə üçün önəmli qərar: Generallar mane olmasa…

Dünya
 30-03-2018, 13:34     10 364

Türkiyənin Suriyadakı PKK terrorçularına qarşı uğurlu əməliyyatlarını davam etdirməsinin qarşısını oradakı amerikalı hərbçilərin varlığı alırdı. Tramp qərarını həyata keçirərsə, Türkiyə ordusunun Menbiçə və digər yaşayış məntəqələrinə yolu açılacaq və PKK tör-töküntüləri daha ağır zərbələr alacaqlar.

Bu sözləri politoloq Elxan Şahinoğlu Trampın ABŞ ordusunun Suriyadan çıxacağı ilə bağlı açıqlamasını şərh edərkən bildirib. Politoloq qeyd edib ki, Tramp biznesmendir və xərclənən pullara baxır:

“ABŞ Yaxın Şərqə 7 trilyon dollar xərcləyib, nəticə isə göz qabağındadır. Ona görə də pulun qədrini bilən Tramp Suriyada daha çox qalmanın mənasını görmür”.

Politoloqun sözlərinə görə, Tampın qərarı azdır, Pentaqondakı generalların Ağ Ev sahibinin qərarını yerinə yetirməsi lazımdır:

“Dəfələrlə olub ki, Tramp türkiyəli həmkarı Ərdoğana bir söz deyib, amerikalı generallar isə fərqli addım atıblar, Türkiyənin düşmənlərinə dəstək veriblər. Bu arada başqa bir sual da aktuallaşır. ABŞ həbçilərinin Suriyanı tərk etmələri Pentaqonun PYD və YPG terrorçularına dəstəyi dayandıracağı anlamına gəlirmi?”

Analitik Vüqar Zifəroğlu isə belə bir qərarın ABŞ-ın Yaxın Şərq siyasəti ilə uzlaşmadığını deyib:

“Düşünmürəm ki, ABŞ hər hansı şərtlər daxilində həmin kürd qruplaşmalarına dəstəyini kəssin. Suriyadakı separatçı təşkilatların mövcudluğu ABŞ üçün lazımdır və faktiki olaraq onlara dəstək verməklə öz hədəflərinə doğru addımlayır. Əgər zamanında bunu etməyibsə, indiki halda ABŞ-ın belə bir addım atması real görünmür. Çünki ABŞ-ın Yaxın Şərq siyasətində kürd faktoru son dərəcə önəmlidir. Türkiyə Afrin əməliyyatlarından sonra istər Suriyada, istər İraqda hazırda kifayət qədər ciddi mövqelərə malikdir. Belə bir məqamda ABŞ-ın kürd qruplaşmalarına yardım etməyi dayandırması konkret olaraq Yaxın Şərq siyasətinə ciddi mənfi təsir edə bilər.

Hər hansı bir super-gücün başqa ölkənin ərazisində olması o demək deyil ki, bu qüvvə birbaşa öz qoşunlarını həmin ölkədə yerləşdirsin. Yəni dolayı yollarla, müxtəlif təşkilatlar, silahlı birləşmələr vasitəsilə də öz iddialarını gerçəkləşdirə bilər. ABŞ hazırda istər İraq, istərsə də Suriyada bir sıra müxalif birləşmələr vasitəsilə kürdlərə dəstək verir. Çünki Suriyadan çıxmaq bu gün ABŞ-ın maraqlarına cavab vermir. Bu mənada Trampın sözügedən açıqlaması ya manevrdir, ya da Pentaqonla Tramp arasında növbəti fikir ayrılığından qaynaqlanır”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp yaxın vaxtda ABŞ ordusunun Suriyadan çıxarılacağı ilə bağlı Tvitterdə məlumat paylaşıb./axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26