Interposta.Info

Putinin dünyaya ballistik silah təhdidinin pərdəarxası

Dünya
 3-03-2018, 09:30     10 428

Rusiya prezidenti qorxunc raketləri nümayiş etdirməklə ABŞ-a hansı mesajı verdi; Vaşinqtonun cavabı gecikmədi...

Rusiya prezidenti Vladimir Putinin Federal Məclisdə (parlamentin yuxarı və aşağı palatasının birgə yığıncağı) ənənəvi illik çıxış edib. Prezident çıxış üçün əvvəllər olduğu kimi Kremli deyil, Moskvanın Manej meydanındakı sərgi zallarından birini seçib. Bu da Putinin çıxışının təkcə siyasi elitaya deyil, yaxınlaşan seçkilər ərəfəsində bütün xalqa ünvanlandığı mənasını verirdi. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Putinin çıxışı ölkənin sosial-iqtisadi problemlərindən həll yolları üzərində deyil, yeni fantastik silahların nümayişi üzərində qurulub. Başqa sözlə, Rusiya prezidenti xalqa demək istəyib ki, onun 17 illik hakimiyyəti dövründə həll edilməmiş sosial-iqtisadi problemlər qalsa da əvəzində ölkənin dünyada heç kimin malik olmadığı qorxunc silahları var.

Putin yeni silah növlərini zalda qurulmuş nəhəng ekranda nümayiş etdirib: “Birincisi, yeni qitələrarası ballistik raket olan ”Sarmat". Hansı ki, istənilən raketdən müdafiə sistemini dəf edə bilir və onun tətbiq məsafəsi ilə bağlı məhdudiyyəti yoxdur. Belə texnologiya ilk dəfə istifadə olunur. 200 ton çəkisi olan “Sarmat”ın uçuş məsafəsi “Bulava”dan böyükdür, üstəlik “Sarmat”ın döyüş bloklarının sayı və gücü daha çoxdur. Heç bir raketdən müdafiə sistemi ona əngəl deyil".

Sonra Putin “Voyevoda” ağır qitələrarası ballistik raket haqda danışıb. Bildirib ki, bu raketin uçuş məsafəsi 11 min kilometrdir, onun tətbiq məsafəsi ilə bağlı məhdudiyyət yoxdur. Rusiya prezidenti bu arada qeyd edib ki, “Sarmat” raketi hədəfə həm Şimal, həm Cənub qütbü üzərindən hücum edə bilər: “Bu, çox qorxunc silahdır. Hətta perspektiv raketdən müdafiə sistemləri də onu saxlaya bilməz. Rusiya yeni qitələrarası ballistik raketlərin yaradılması ilə məhdudlaşmayıb. O, ümumiyyətlə ballistik uçuş trayektoriyası istifadə etməyən silahların da işlənib hazırlanmasına başlayıb. Biz təkcə bununla kifayətlənməmişik. Bizim işləyib hazırladığımız və ballistik trayektoriya istifadə etməyən yeni silahlara qarşı raketdən müdafiə sistemləri ümumiyyətlə gərəksiz və faydasız olacaq”.

Putin dəqiqləşdirib ki, söhbət kiçik qabaritli, amma böyük dağıdıcı gücə malik nüvə enerjisi qurğusuna malik əlçatmaz raketdən gedir. Hansı ki, bu raket nə qədər istəsən manevr edə və istənilən raketdən müdafiə sistemindən yayına bilər: “Hələ onun adı yoxdur. Bu sistem qanadlı raketlərə də yerləşdirilə bilər və uçuş məsafəsi qeyri-məhdud olduğuna görə istənilə raketdən, havadan müdafiə sistemlərini dəf edə biləcək”.

Daha sonra Rusiya prezidenti ekranda həmin nüvə enerjisi qurğusuna malik qanadlı raketin modelini nümayiş etdirib. Adınca “Kinjal” (“Xəncər”) səsdən dəfələrlə iti uça bilən aviasiya-raket kompleksinin nümayişinə keçib.

Nəhayət Putin Rusiyanın malik olduğu yeni pilotsuz sualtı nüvə aparatını nümayiş etdirib. Bunu “sadəcə olaraq fantastika” adlandırıb. Bildirib ki, bu silaha qarşı vasitə dünyada yoxdur.

Putin Rusiyanın ən yeni lazer silahlarına da malik olduğunu, bu silahın artıq döyüş növbəsinə dayandığını bildirib.

Bütün bunlardan əlavə Putin Rusiyanın “Avanqard” strateji kompleksi barədə də danışıb. Bu, səsdən dəfələrlə iti uçan və manevr edən silah sistemidir: “Bu sistem atmosferin sıx qatlarında qitələrarası məsafəni qət edə və bu zaman yüksək manevr nümayiş etdirə bilir. Onun sürəti Max ədədindən 20 dəfə çoxdur”.

Rusiya prezidentinin sözlərinə görə, bu silaha qarşı da dünyada vasitə mövcud deyil: “O, hədəfə meteroit, yanan kürə şəklində hərəkət edir. Məmulatın səthində temperatur 1600-2000 dərəcəyə çatır. Bu zaman qanadlı blok etibarlı şəkildə idarə olunur”.

ABŞ Müdafiə Nazirliyi Rusiya prezidenti Vladimir Putinin yeni və qorxunc silahları ilk dəfə nümayiş etdirərək üstüörtülü şəkildə Vaşinqtonu hədələməsinə reaksiya verib. Pentaqonun rəsmi nümayəndəsi Dana Uayt bildirib ki, Putinin yeni strateji silahlar barədə bəyanatı onları təəccübləndirməyib. “Biz bu bəyanatlardan təəccüblənmədik. Amerikalılar əmin ola bilərlər ki, biz tamamilə hazırıq... Biz əminik ki, nə olursa olsun, ölkəmizi müdafiə edə bilərik”-Pentaqon rəsmisi bildirib.

Politoloq Qabil Hüseynli hesab edir ki, Putinin bu cür çıxışı sırf seçkiöncəsi təbliğatdır və daha çox daxili auditoriyaya hesablanıb: “Putin söyləsəydi ki, Rusiyanı qorxunc xəstəliklərdən, aclıqdan xilas edə biləcək yeni texnologiyalar hazırlanıb, yollar düşünüb tapıb bu, daha yaxşı olardı. Dünyanı yenidən sürətlə silahlanma yarışına qoşmaq və iddia eləmək, dünyanın iki qütblü olduğunu, qütbün birini Rusiya olduğunu bəyan etmək, heç kimdə olmayan yeni silahlar növünün yaradılmasının söylənilməsi, bunun nümayiş etdirilməsi SSRİ dövrünü xatırlatdı. SSRİ də bütün gücünü silahlanmaya sərf etmişdi. Almaniyanın tanınmış qəzetlərindən biri yazıb ki, Putinin yeni silahlarla bağlı söylədikləri səmada bər-bəzəkli qəsr düzəltməyə bənzəyir. Rus hərb elminin inkişaf səviyyəsi dünyaya bəllidir. Hələ ki, Rusiya sovet dövrünün ixtira etdiyi və ya proyektini hazırladığı köhnə silah növlərinin bir qədər təkmilləşdirilmiş istehsalı ilə məşğuldur. Müstəqillik dövründə Rusiyanın yeni bir silah növü icad etdiyi barədə fikirlər söyləmək çox çətindir. Bu yaxınlarda nümayiş etdirilən 5-ci nəsil ”SU-57" təyyarələrinin də ciddi qüsurlara malik olduğu ortaya çıxdı.

Putin seçkiqabağı reytinqinə əlavə xal gətirmək üçün çox ciddi manevr etdi. Rus xalqının təfəkkürünü yaxşı bilən Putin bu təfəkkürün həzm edəcəyi manevr elədi-dünyada heç yerdə olmayan güclü silahlara malik olduqlarını həm rus xalqına, həm də dünyaya çatdırdı".

Politoloq qeyd etdi ki, Qərbin, xüsusən ABŞ-ın kəşfiyyatı Rusiyanın hərbi sənaye kompleksinin səviyyəsi haqqında mükəmməl məlumatlara malikdirlər. Bunu Rusiya KQB-sindən xaricə qaçmış və orada kitablar yazmış adamların özləri də təsdiq edirlər: “Putinin bu gedişi həm də sadəcə olaraq ABŞ-ı Rusiyanı da dünyanın bir qütbü və super gücü kimi qəbul etməyə çağırmaqdır. Putin Qərbi bir daha silkələdi və bir daha ayıq-sayıq olmağa, müdafiə sistemini gücləndirməyə sövq etmiş oldu. ABŞ yeni silah növlərinin istehsalı sahəsində dünyda birinci yerdədir. Az qala hər həftə orada yeni bir güclü silah növünün bünövrəsi qoyulur. Pentaqonun kosmosda artıq güclü hərbi sənaye potensialı qurduğunu və kosmosdan dünyanın istənilən ölkəsini məhv etməyə qadir olduğunu bu yaxınlarda bilmişik. ABŞ-ın müdafiə Nazirliyinin verdiyi cavabdan da görünür ki, Putinin yeni silahlar nümayiş etdirməsi onları qorxutmayıb. Rusiyanın yeni silahları hədə formasında nümayiş etdirməsi ABŞ-ın bu ölkəyə qarşı öldürücü sanksiyalarını daha kəskin şəkildə işə salmasına təkan verəcək”.

Q.Hüseynli vurğuladı ki, Rusiyanın Putinin nümayiş etdirdiyi şəkildə silahlanması və Qərbin də buna cavab olaraq silahlanması prosesi dünya üçün fəlakətlər də gətirə bilər./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26