Interposta.Info

Dünya üçün əsas təhdid mənbəyi:

Dünya
 21-12-2017, 10:00     9 978

Trampın ölkəsinin yeni milli təhlükəsizlik strategiyası ziddiyyətli rəylər doğurub

ABŞ prezidenti Donald Trampın ölkəsinin milli təhlükəsizlik strategiyasını açıqlaması bir sıra müzakirələrə səbəb olub. Ağ Ev sahibi növbəti də çıxışında Rusiya başda olmaqla, Çin, Şimalı Koreya və İranı dünyaya və yerləşdikləri regiona təhdid mənbəyi kimi göstərib.

“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli ABŞ-ın Rusiyadan daha çox qan tökdüyünü düşünür: “Trampın açıqlamasında yenilik yoxdur. Soyuq savaş başlayandan indiyə qədər bütün ABŞ prezidentləri Rusiyanı ən böyük təhlükə görürlər. Rusiya dağılana qədər bu belə də olacaq. Rusiya özünü SSRİ-nin varisi sayır və ambisiyalarından əl çəkmir, bu da Amerikanın SSRİ dağılandan sonra birqütblü dünyasına təhlükədir. ABŞ-ın Yaponiyaya atom bombası atması, Vyetnamda 100 minlərlə insanı qırması, davamında Əfqanıstan, İraqda törətdikləri qətliamları düşünsək, heç bir ölkə Amerika ilə rəqabət apara bilməz. Lakin Rusiyanın da dövlət kimi cinayətləri az deyil.

İki çeçen müharibəsi, Ukrayna, Gürcüstanın bir hissəsinin işğalı, Moldova və Azərbaycanın da bir hissəsinin işğalının əsas günahkarı, səbəbkarı Rusiyadır. Dünya gücü, mediası, texnologiyası Amerikanın nəzarətində olduğu üçün istədikləri ölkəni pis obrazda göstərə bilər. Ona görə SSRİ şər imperiyası adlandırılırdı, Rusiya da təhlükə mənbəyi sayılır. Texnologiyalar, mətbuat dövründə informasiya kimin əlindədir həqiqəti də dünyaya o ixrac edir. Dəqiq Qərbin Rusiyanı çökdürmək, dağıtmaq niyyətinin olmasını demək çətindir. ABŞ-ın müxtəlif dairələri var və hamısının da fərqli yanaşması ola bilər. Lakin dəqiq söyləmək lazımdır ki, ABŞ Rusiyanı yerində otuzdurmaq istəyir”.

Politoloq Nəzakət Məmmədova bildirdi ki, dünyanı təkbaşına idarə etməyə çalışan, hegemonluq iddiasında olan hər bir dövlət dünyaya təhlükədir: “Əslində dövlətləri də buna təhrik edən ayrı-ayrı nəhəng transmilli şirkətlər, silah konsernləri, maliyyə korporasiyaları olur. Çünki əsl demokratiya nisbi anlayışdır və prezidentləri hakimiyyətə gətirən böyük maliyyə gücünü əlində toplamış qruplar olur və onlar dövlətlərin xarici siyasətinə birbaşa təsir göstərə bilirlər. Hər halda, ABŞ nümunəsində biz bunun şahidi oluruq. Amerikalı alimlərdən birinin belə bir fikri var idi ki, söhbət ABŞ, Rusiya və ya başqasının pis, yaxud yaxşı dövlət olmasından getmir. Məsələ güc amilinin kimin əlində olması məsələsidir. Beynəlxalq siyasətdə güc kimdədirsə, o bu cür davranır. 16-ci əsrdə güc Osmanlıda idi, 17-18-ci əsrdə bu ingilislərə, 19-cu əsrdə fransızlara, 20-ci əsrdə amerikalılara və ruslara keçdi. Bundan sonra ən güclü dövlət hansı olacaqsa, hegemon da o olacaqdır.

Bu gün Amerika bu gücə sahibdir və onu heç kəslə bölmək istəmir və bu güc amilindən özünün beynəlxalq aləmdəki planlarını həyata keçirmək üçün istifadə edir. Rusiya da buna can atır, Avropa Birliyi də həmçinin. Türkiyə və İran isə regional liderlər olmaq üçün mübarizə aparırlar. Həmçinin Səudiyyə Ərəbistanı və İsrail. Bütün bunlar onu göstərir ki, Trampın milli təhlükəsizlik strategiyasında qeyd edilənlər ABŞ-ın subyektiv yanaşmasıdır. ABŞ-ın maraqlarına mane olan istənilən dövlət şər dövləti kimi təsvir oluna bilər. Çünki maraqların toqquşması məsələsi var. Ən güclüyə nisbətən zəif dövlətlər, məsələn, Rusiya isə adekvat güc ortaya qoymaqla öz iddialarını həyata keçirə bilmədiyi üçün ABŞ-ı ədalətli olmağa, BMT qətnamələrinə riayət etməyə çalışır. Ancaq baxdıqda həmin Rusiya özünün nəzarətində olan keçmiş sovet respublikalarına münasibətdə, məsələn, Qarabağ məsələsində nə qədər ədalətlidir?! Halbuki ruslar da SSRİ-nin vaxtlarında, ABŞ-la eyni gücdə olan fövqəldövlət statusunda olanda Əfqanıstana, Yaxın Şərqə müdaxilə edirdilər, hətta Kubada, ABŞ-ın qulağının dibində raketlər yerləşdirmişdilər. Yəni Putin bu gün məhz ona çalışır ki, Rusiyanın fövqəldövlət statusu bərpa olunsun. Eynilə Ərdoğanın Osmanlı imperiyasının nüfuzunu qaytarmağa çalışması deyilir. Yəni imperiya keçmişi olan, əvvəllər hegemonluq etmiş dövlətlərin çoxusu bu gün həmin statusu qaytarmaqla məsğuldur. Rusiyada bir Romanovlar, yaxud SSRİ nostalgiyası, Türkiyədə Osmanlıya dönüş istəyi hiss olunur - mədəniyyətdən tutmuş siyasətdə bir çox sahələrdə. İsrail 3 min il əvvəl paytaxtı olduğunu iddia etdiyi şəhərin statusunu təsdiqləməyə çalışır. Dövlətlərin bugünkü iddiaları sanki keçmiş qüdrəti qaytarmaq təsəvvürü yaradır.

Amma Rusiyanın və Türkiyənin etdikləri daha çox dünya mətbuatında müzakirə və tənqid olunur.

Niyə?! Çünki Qərb, xüsusilə ABŞ bütün sahələrdə hegemonluq edir, o cümlədən qlobal mediaya nəzarət onların əlindədir.

“Biz istənilən şəxsi yüksəldə, istənilən şəxsi endirə bilərik” şüarı və prinsipi daşında fəaliyyət göstərən qlobal media Putin və Ərdoğana qarşı amansız bir informasiya savaşı açıb.

Sanki onlar yad planetdən gəlmiş bir barbardırlar. Halbuki onların etmədiklərinin çoxusunu ABŞ prezidenti edir".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26