Interposta.Info

ABŞ: Demokrat partiyasında Hillari Klinton qalmaqalı

Dünya
 11-11-2017, 17:01     10 411

Partiyanın keçmiş funksioneri ona qarşı ittihamlar irəli sürüb
Xəbər verildiyi kimi, Demokrat partiyasının namizədləri ABŞ-ın Virciniya və Nyu-Cersi ştatlarında keçirilən qubernatorluq, habelə Nyu-York şəhərinin meri postu ğrunda gedən seçkilərdə qalib gəliblər.


Demokrat Ralf Nortem Virciniyada respublikaçı rəqibi, kiçik Corc Buş dönəmində dövlət müşaviri olmuş Ed Cillespidən üstün olub. Sonuncuya D. Trampın xüsusi səfəri də kömək etməyib.

Demokrat partiyası Fil Merfinin simasında Nyu-Cersi ştatında respublikaçı qubernator Kris Kristini devirməyi bacarıb. Xatırladaq ki, sonuncu həm də Respublikaçılar partiyası daxilində Donald Trampın rəqibi sayılırdı.

Nyu-Yorkda isə demokrat mer Bil Blazio ikinci dəfə seçilərək öz postunu qoruyub.

Bütün bunlar Demokrat partiyası üçün önəmli xəbərlər sayılmalıdır.

Çünki bunun sayəsində partiya 2018-ci ildə Konqresin aşağı palatasına və Senatın bir hissəsinə keçiriləcək seçkilərdə uzun fasilədən sonra qanunverici hakimiyyətdə nəzarəti ələ ala bilər.

Lakin bu yaxınlarda ABŞ mətbuatında partiya daxilində açılan yeni diskussiya onların ovqatını təlx edib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, partiyanın Milli Komitəsinin (DNC) keçmiş rəhbəri Donna Brazil noyabrın 7-də işıq üzü görən kitabında prezidentliyə keçmiş namizəd Hillari Klintonu müxəlif ittihamlara məruz qoyub.

Kitab “Trampa Ağ Evə sahib olmaqda kömək edən parçalanmaların və ziddiyyətlərin tarixi” adlanır.

Bu kitabda Dona Brazil 2016-cı il seçkilərində məğlubiyyətin əsas səbəbkarı olaraq vahid namizədi, yəni Hillari Klintonu göstərib. Xanım Brazil Hillari Klintonun paritya üzərində tam mənimsəmə siyasətini həyata keçirdiyini qeyd edib.

Kitabda müəllif partiyanın maliyyə hesablarına göz gəzdirdiyini və H. Klintonun bütün partiya maşınını öz nəzarətə götürdüyünü bildirib.
Brazilin yazdığına görə, partiya qərargahında gedən yazışmalar maliyyə məsələsində bir çox qaranlıq məqamları üzə çıxarıb.

Lakin Dona Brazilin sübut olaraq gətirdiyi bu elektron yazışmaların bir çoxu Rusiya kəşfiyyatına çalışan hakerlərin əməyi sayəsində ortaya çıxıb. Bu sənədlərdə Hillari və onun tərəfdarlarının partiya pullarını şəxsi məqsədləri üçün istifadə etməkdə günahlandıran qeydlər də yer alıb.
Brazil Hillari Klintonun bütün maliyyə mexanizminin onun üçün işləməyə məcbur etdiyin iddia edib. Onun firkincə, DNC və Klintonların fondları, habelə Hillary Victory Fund, və Hillary for America adlı seçki fondları arasında qeyri-etik əlaqələr mövcud olub.

Brazil məhz bunun sayəsində Hillari Klintonun əsas rəqibi Berni Sanders üzərində qələbə qazanaraq vahid namizədə çevrildiyini iddia edib.
Hər halda kitabın Hilları Klinton üçün əslində ciddi bir zərəri olmadığı aşkardır. Xanım Klintonun növbəti seçkilərdə namizəd göstəriləcəyi zatən mümkün görünmür. Lakin bu bütövlükdə Demokrat partiyasının gələcəkdəki imicinə təsir edə bilər.

Hətta Bill Klintonun keçmiş müşaviri, Arkanzas ştatının eks-qubernatoru Dik Morris belə Klintonlarla bağlı məsələnin partiyanı on illər boyunca parçalayacağını qeyd edib./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26