Rusiya qadağan etdiyi silahı daha bir ölkəyə satdı
Əlcəzair “İsgəndər” raket komplekslərini əldə etməklə dünyada Rusiya və Ermənistandan sonra həmin silaha malik olan 3-cü ölkə olub.
Axar.az xəbər verir ki, bu barədə Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin mütəxəssisləri tərəfindən idarə olunan hərbi BMPD bloqu informasiya verib.
Əlcəzairin “İsgəndər-E” raket kompleksini alması barədə sosial şəbəkələrdə Hammer Head adlı istifadəçi məlumat yayıb.
Əlcəzair bölgənin hərbi cəhətdən ən güclü dövlətlərindən biri olaraq müdafiə xərclərini hər il daha da artırır. Belə ki, ölkənin qızıl-valyuta ehtiyatlarının həcmi 193 milyard dollardan 105 milyon dollara enməsinə baxmayaraq, Əlcəzair hərbi xərclər azaltmır. Buna səbəb ölkənin Mərakeşlə ərazi mübahisələri, Liviyada yaşananların bu ölkədə baş verməsinin qarşısının alınması və Fransadır. Əlcəzairdən ən böyük təbii qaz alıcısı olan Fransa bütün bunlara baxmayaraq, ölkədə potensil təcavüzkar imicinə sahibdir.
Əlcəzairin Rusiyadan “İsgəndər-E” raket kompleksləri ilə yanaşı, SU-34 qırıcı-bombardmançı təyyarələri, T-72 tankları və digər silahlar almaqla Rusiyanın ən çox silah satdığı ölkələr siyahısında ilk üçlüyünə daxil olması gözlənilir.
Silahlanmaya 2006-cı ildə qəbul edilmiş “İsgəndər-E” raket kompleksləri “İsgəndər-M” operativ-taktiki raket sistemlərinin ixrac versiyasıdır. İxrac versiyasının daxili variantdan əsas fərqi atış məsafəsinin 280 kilometr olmasıdır. “İsgəndər-E” yüksək dəqiqlikli raket sistemi düşmən qüvvələrinin əməliyyat-taktiki dərinliyində ən vacib sahə hədəflərinə qarşı təsirli raket hücumları üçün nəzərdə tutulmuşdur.
Maraqlıdır ki, 2016-cı ilin iyun ayında "Rostex" dövlət korporasiyasının rəhbəri Sergey Çemezov bildirmişdi ki, “İsgəndər” raket sistemlərinin ixracına qadağa qoyulub və hətta Səudiyyə Ərəbistanından silaha olan böyük marağa baxmayaraq, xarici müştərilərə satılmayacaq. Buna rəğmən, bir neçə aydan sonra - 2016-cı il 16 sentyabrında “İsgəndər” raket sistemi ilk dəfə Ermənistan müstəqilliyinin 25-ci ildönümü şərəfinə keçirilən paradın məşqlərində peyda oldu.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26