Interposta.Info

Rusiya BMT-nin kibermüharibələrin qarşısının alınması planlarına qarşı çıxıb

Dünya
 25-08-2017, 07:30     10 343

Dünya tarixi dövlətlərin müxtəlif sahələrdə münaqişə və müharibələri ilə zəngindir.

XX əsrin sonu və XXI əsrdən başlayaraq böyük dövlətlər arasındakı savaş kiberməkana da sıçrayıb.

Bundan başqa, virtual dünya təkcə dövlətlərin deyil, ayrı-ayrı beynəlxaq cinayət şəbəkələrinin, maliyyə soyğunçularının kibercasuslarının “at oynatdığı” meydana çevrilib.

Yer kürəsində qlobal problemlərin həll edilməsi üçün dövlətlər tərəfindən yaradılan tək universal təşkilat sayılan Birləşmiş Millətlər Təşkilatının bu mövzuya əl atmaması mümkün deyil. BMT-nin himayəsi altında 13 ildən çoxdur ki, kibernetik müharibənin vasitələrinə məhdudiyyətlər gətirilməsi üçün yeni konvensiya üzərində iş gedir. Lakin bununla bağlı aparılan müzakirələr artıq dalana dirənib.

Böyük Britaniyanın “The Guardian” qəzetinin yazdığına görə, danışıqlar bu ilin iyununda faktiki olaraq uğursuzluğa düçar olub. Müəllif Ouen Baukottun imzası ilə gedən yazıda prosesə əngəl olan 3 ölkənin - Rusiya, Çin və Kubanın adı çəkilir.

Müəllif qeyd edir ki, müzakirələrdə iştirak edən tərəflər arasında etimadsızılıq 2016-cı ildə ABŞ-ın Demokrat partiyasının Milli Komitəsinin serverinə rus hakerlərin daxil olmasından sonra daha da dərinləşib.

Qəzet kibercinayətkarlıqla mübarizə ilə bağlı prosesin 2004-cü ildən başlandığını xatırladıb. Müzakirələrin əsas məqsədi kibertəhlükəsizliyi təmin edə biləcək beynəlxalq hüquqi çərçivə mexanizmlərinin işlənib hazırlanması imiş. Danışıqlarda 25 dövlətin nümayəndəsi iştirak edib. Lakin iyun ayında kiberhücumlar zamanı özünümüdafiə hüququ mövzusu ətrafında dövlətlər arasında ciddi ixtilaf yaranıb.

Belə ki, Qərb diplomatları BMT Nizamnaməsinin 51-ci maddəsinin kiberməkana da aid olmasında israr ediblər. 51-ci maddədə silahlı hücum zamanı dövlətlərin özünümüdafiə ilə bağlı hüquqlarından bəhs edilir. Məsələyə qəti surətdə etiraz edən Kuba Respublikasının BMT-dəki nümayəndəsi Migel Rodriges kiberməkanda özünümüdafiə hüququnun tanınmasının kiberməkanın özünün hərbləşdirilməsinə gətirib çıxaracağını bildirib.

Kubalı diplomat bunun birtərəfli cəzalandırma aksiyalarına, sanksiyaların tətbiqinə, hətta hərbi əməliyyatlara rəvac verəcəyini söyləyib.
ABŞ-ın BMT-dəki ekspertlər qrupunun rəhbəri Mişel Markof isə etiraz edən ölkələri beynəlxalq hüquqi prinsipləri və qaydaları heçə saymaqda ittiham edib. Markoffun sözlərinə görə, bu cür ölkələr “öz dövlətlərinin siyasi məqsədlərinə çatmaqdan ötrü kiberməkanda hər istədiklərini etmək hüquqlarının olduğunu düşünrlər.

Rusiyalılar isə öz növbəsində Qərb ölkələrini suçlayıb. Xarici işlər nazirliyinin yüksək rütbəli məmuru Oleq Xramov informasiya məkanında davranış qaydalarının müəyyən olunmasının zərurəti haqqında söylənilənlərin yalnız danışıqlardan ibarət olduğunu bildirib.

Rusiya və Çinin bu məsələyə hansı səbəbdən müqavimət göstərdiyini təxmin etmək o qədər də çətin deyil. Rusiya öz hakerəri vasitəsilə ABŞ-la apardığı informasiya mücadiləsində bir addım öndədir. Rusiyanın kiber piratları ABŞ-la bərabər Qərb dövlətlərinin sistem serverlərinə daxil olub orada isətidkləri müdaxiləni həyata keçirməyə qadirdirlər.

Dünyada intellektual nailiyyətlərin oğurlanması məsələsində ustalaşan Çinin də dövlətin nəzarətində olan hakerlərinin fəaliyyətini məhdudlaşdıracaq qayda və normaları qəbul etmək fikri yoxdur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26