Interposta.Info

WannaCry virusunu dayandıran

Dünya
 4-08-2017, 15:11     9 961

Bu ilin may ayında ziyanverici WannaCry virusunun yayılmasının qarşısını tək başına dayandırmağa nail olan kibertəhlükəsizlik üzrə britaniyalı ekspert Michael Hutchins Las-Vegas-da Federal Təhlükəsizlik Bürosu (FTB) tərəfindən həbs edilib.

İnternetdə MalwareTech təxəllüsü ilə tanınan 23 yaşlı britaniyalı Kronos adlı digər ziyanverici proqramın hazırlanmasında və yayılmasında iştirak etməkdə ittiham olunur.

Bu barədə ABŞ-ın Ədliyyə Nazirliyi məlumat verib.

Bu virus bank məlumatlarının ələ keçirilməsində istifadə olunub. Hutchins-in həbs edilməsi barədə məlumatı ABŞ-ın Federal Marşallar Xidməti yayıb.

Hutchins-in tanışının sözlərinə görə, ekspert hava limanında həbs edilib.

Ötən həftə Las-Vegas-da iki böyük kibertəhlükəsizlik - Black Hat və Def Can konfransı keçirilib.

Konfransda dünyanın hər yerindən gələn hakerlər də iştirak edib.

Britaniyanın kibertəhlükəsizlik mərkəzinin nümayəndəsi Hutchins-in həbsindən xəbərdar olduqlarını söyləsə də, başqa açıqlama verməyib.
Hutchins-in hazırda harda saxlandığı da məlum deyil.

"Biz onunla görüşmək istədik. Lakin bizə dedilər ki, qəbul saatları başlayana qədər onu aparıblar. Artıq 18 saatdır ki, biz onunla əlaqə saxlaya bilmirik ", - deyə Hutchins-in adının gizli qalmasını istəyən həmkarı BBC-yə bildirib.

Hutchins bu ilin mayın 12-də bütün dünyada on minlərlə kompüteri bloklayan ziyanverici WannaCry proqramını dayandırmasıyla məşhurlaşıb.

Hutchins-in sözlərinə görə, o bunu "qismən təsadüfən" edib. O, qeyd edib ki, proqram tətbiqinin qeyri-adi veb saytla - uqerfsodp9ifjaposdfjhgosurijfaewrwergwea.com - əlaqə yaratmağa cəhd etdiyini görüb və bu ünvanı özündə qeydiyyatdan keçirib.

Veb ünvanın hüququ sahibi kimi analitik məlumatlara giriş əldə edərək böyük şəbəkə tələsi barədə məlumat əldə edib.

Onun bu kəşfi tək bununla bitməyib. O, ünvanı qeydiyyatdan keçirdikdən sonra virus proqramının yayılmasının dayandığını aşkar edib.
Hutchins-in bu kəşfi bütün dünyadakı bir çox şirkət kompüterlərini virusdan qorumağa kömək edib. Bundan sonra Hutchins-i "təsadüfi qəhrəman" adlandırıblar (BBC).

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26