Interposta.Info

Azərbaycan üçün “WannaCry” virusu təhlükəsi varmı?

Ölkə
 15-05-2017, 16:20     468


Azərbaycan İnternet Forumunun prezidenti: ““WannaCry” virusu Azərbaycanın internet resursları üçün də təhlükəli ola bilər”

Osman Gündüz: “IV İslam Həmrəyliyi Oyunları ilə bağlı texnoloji məsələlər tapşırılan “Eurodesign” şirkəti daha ciddi rejimdə işləməlidir”.

interposta.info
xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz dünyada sürətlə yayılmaqda olan kiberhücumlara və bu hücumların Azərbaycan internet reruslarına da təsirini şərh edərkən Pia.az-a açıqlamasında qeyd edib.

Məlumdur ki, hazırda dünya qlobal kiberhücum təhlükəsi ilə üzləşib. Dünyanın 150-dən artıq ölkəsində 1 milyona yaxın kompyüter “WannaCry” virusu ilə ələ keçirilib və buna görə xakerlər kompyüteri geri vermək üçün 300 dollar həcmində ödəniş tələb edirlər. Cinayətkarlar 300 dollar məbləğində xərac müqabilində faylların kodunun açılmasını vəd edirlər. İstifadəçi deyilən müddətə qədər xəracı ödəməyəndə, artıq 600 dollar tələb edirlər. “Microsoft” 150 dövlətə olan kiberhücumla bağlı açıqlama yayıb və bunun hökumətlərə xəbərdarlıq olduğunu bildirib. Şirkət hökumətləri məlumatlarını zəif proqram təminatlarında saxlayaraq hakerlər üçün asanlıqla əldə edilməyə imkan yaratmaqda təqsirləndirib. Şirkət kiber hücumda istifadə edilən virusun “Microsoft”un Windows əməliyyat proqramında mövcud olan, ABŞ kəşfiyyatı tərəfindən aşkarlanan və onlardan oğurlanan boşluqdan istifadə etdiyini deyir.

Qeyd edək ki, Britaniyanın “The Telegraph” qəzeti kiberhücumun Rusiyaya bağlı olduğu iddia olunan “Shadow Brokers” haker qrupu tərəfindən həyata keçirildiyini iddia edib. Qəzetin yazdığına görə ABŞ-ın Milli Təhlükəzsizlik Agentliyinin yazdığı virus proqramını oğurlayan hakerlər bütün dünya miqyasında kompyüterləri virusa yoluxdurublar. Hakerlərin son məqrsədinin isə heç də pul olmadığı vurğulanır.

“WannaCry” virusunun Azərbaycan internet resursları üçün, xüsusilə dövlət və biznes qurumlarının kompyüterləri üçün təhlükəsi varmı? Həmçinin bu virus vasitəsilə resurslardan məlumatların oğurlanması baş verirmi, yoxsa, ancaq ödəniş tələb olunur?

Mövzu ilə bağlı “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün fikirlərini öyrənib.
Azərbaycan üçün “WannaCry” virusu təhlükəsi varmı?

Osman Gündüz: “Azərbaycanın internert resursları da kiberhücuma məruz qalıb və dövlət qurumuna məxsus olan həmin məlumatları internetdə yaymışdılar”.

Kiberhücumların qloballaşdığı indiki dövrdə rəsmi şəkildə açıqlanmasa da, Azərbaycanın internet resurslarının da kiberhücumlara məruz qaldığını vurğulayan Osman Gündüzə görə, bu problemin qarşısını almaq üçün aidiyyatı qurumlar daha da gücləndirilmiş rejimdə işləməlidir:

“Hesab edirəm ki, “WannaCry” virusu Azərbaycanın internet resursları üçün də təhlükəli ola bilər.Təhlükə hər zaman mövcud olub. Son dövrlər dünyada kiberhücumdan, texnologiyalardan istifadə etməklə, informasiya sistemlərinin sıradan çıxarılması, müxtəlif məlumatların ələ keçirilməsi və s. kimi proseslər daha da sürətlənib. Əslində buna maraq da artıb. Ötən illərdə hakerlik, kiberhücumlar daha çox müəyyən proqramçılar səviyyəsində həyata keçirilirdi. Kimsə kiməsə öz mütəxəssisliyini təsdiq etmək üçün bu addımdan istifadə edirdi. Lakin son illər hakerlik, kiberhücumlar ayrıca götürülmüş dövlətlər, maliyyə qrupları, təşkilatlar səviyyəsində baş verir. Hazırda kiberhücumlar hibrid savaşın əsas elementlərindən biri hesab olunur. Yəni, dövlət maliyyə qrupları böyük bir hakerlər ordusu saxlayırlar. Bu proses hansısa qurumu dağıtmaq, hansısa dövlətin informasiya sistemini sıradan çıxarmaq üçün məqsədyönlü şəkildə həyata keçirilir.

Azərbaycanın son illərdəki mövqeyi onun beynəlxalq aləmdə diqqət mərkəzində saxlanmasına səbəb olan qüvvələr yaradıb. Bu qüvvələrin əksəriyyətinin Azərbaycana münasibəti yaxşı deyil. Təbii ki, Azərbaycanı istəməyən qüvvələrin “WannaCry” virusu kimi metodlardan istifadə elədiyini istisna etmirəm. Lakin hələlik bununla bağlı rəsmi açıqlama yoxdur. Hal-hazırda Azərbaycanda beynəlxalq tədbirlər keçirilir. Bizim aidiyyatı dövlət qurumları, Xüsusi Dövlət Mühafizə Xidməti yanında Rabitə və İnformasiya Təhlükəsizliyi dövlət agentliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Elektron Təhlükəsizlik Mərkəzi, o cümlədən, IV İslam Həmrəyliyi Oyunları ilə bağlı texnoloji məsələlər tapşırılan “Eurodesign” şirkəti daha ciddi rejimdə işləməlidir. Onu da qeyd edim ki, Rabitə və İnformasiya Təhlükəsizliyi dövlət agentliyi dövlət qurumlarının təhlükəsizliyinə, Elektron Təhlükəsizlik Mərkəzi isə vətəndaşların təhlükəsizliyi nə cavab verir. Fikrimcə, profilaktik tədbirlər öncədən görüləndə kiberhücumların ağır fəsadları olmur. Ümumiyyətlə, hücumlar var və həmişə də olacaq.

Nəzərə alınmalıdır ki, “WannaCry” virusu vasitəsilə resurslardan məlumatların oğurlanması baş verir. Hansısa informasiya sistemləri, məlumat bazaları dayanaqsızdırsa, yeni texnologiyalardan istifadə olunmursa, yetərincə kadr nəzarəti olmadıqda məlumatların oğurlanması gözləniləndir. Bu proses Azərbaycan reallığında bir neçə dəfə olub. Son dövrlər bu sahədə müəyyən işlər sərtləşdirilib, amma əvvəlki dövrlərdə biz bu hadisələrin şahidi olmuşuq. Bununla yanaşı, oğurlanan məlumatları internetə də yerləşdirmişdilər. Hansı ki, bu məlumatlar dövlət qurumuna məxsus idi. Ona görə də hesab edirəm ki, xüsusən də indiki beynəlxalq yarışlar ərəfəsində bu cür məsələlər Azərbaycan üçün arzuolunan deyil. Bu baxımdan sadaladığım aidiyyatı qurumlar, “Delta Telecom”, “Azertelecom” gücləndirilmiş iş rejimində çalışmalıdır”.

Osman Gündüz: “Azərbaycan inkişaf etdikcə kənardakı maraqlı qüvvələr də daim fəaliyyətdədirlər”.

Azərbaycanın internet sferasının təhlükəsizlik səviyyəsi ilə bağlı sualı da cavablandıran Osman Gündüzə görə, Bu istiqamətdə xeyli irəliləyişlər əldə olunub:

“Son dövrlər Azərbaycanın internet sferasının təhlükəsizliyində irəliləyişlər var. Yəni, səlahiyyətli dövlət qurumları yaranıb, infrastruktur qurulub, bütün dövlət qurumlarının informasiya rsurslarının təhlükəsizliyi istiqamətində müəyyən hüquqi sənədlər qəbul olunub. Lakin indi texnologiyalar sürətlə inkişaf edir. Azərbaycan inkişaf etdikcə kənardakı maraqlı qüvvələr də daim fəaliyyətdədirlər. Bu maraqlı qüvvələr olduqca, hücum hər zaman olacaq. Ona görə də görülmüş tədbirlərlə qane olmaq olmaz və əlavə tədbirlər keçirilməli, texnologiyaların inkişafı izlənməli, yeni kadrlar hazırlanmalı və indiki şəraitdə daimi iş qrafiki qurulmalıdır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26