Interposta.Info

İran səfiri:

Dünya
 5-07-2017, 19:11     727

"Azərbaycan dövləti öz mülki vətəndaşlarına qarşı atılan qeyri-qanuni addımları aidiyyəti beynəlxalq təşkilat səviyyəsində araşdırmaq hüququna malikdir. Azərbaycanın dinc əhalisinə qarşı atılan son addımlar bizdə ciddi təəssüf doğurub. Bununla bağlı həlak olanların ailələrinə və Azərbaycan dövlətinə başsağlığı veririk".

APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.

Səfir mülki şəxslərə qarşı hərbi addımları pislədiklərini bildirib: "Beynəlxalq qayda və qanunlar humanitar hüququn pozulmasını pisləyir və inanırıq ki, ermənilər tərəfindən atılan bu cür təhrikedici addımlar münaqişənin siyasi və sülh yolu ilə həlli prosesinə heç bir köməklik göstərməyəcək, vəziyyəti daha da gərginləşdirəcək".

C. Cahangirzadə qeyd edib ki, ATƏT-in Minsk qrupu atəşkəs rejiminin pozulması hallarının və mülki vətəndaşlara qarşı atılan hər cür addımların qarşısını almaq üçün ciddi qabaqlayıcı addımlar atmalıdır.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26