Interposta.Info

Türkiyə qiyamın bir ilinə doğru: qardaş ölkədə nələr dəyişdi...

Dünya
 30-06-2017, 11:09     504

Elçin Mirzəbəyli: “Qiyamdan sonra Türkiyədə çox şey dəyişib”; Əhəd Məmmədli: “Başqa dövlət bu qədər ardıcıl, planlaşmış zərbələr alsaydı...”

Türkiyədə baş verən 15 iyul qiyamının bir ili yaxınlaşır. Ötən müddət ərzində qardaş ölkə daxildə ciddi dəyişikliklərə getməyə məcbur oldu, on minlərlə Fətullah Gülən tərəfdarı ya vəzifələrini itirdi, ya da həbsə salındılar. Rəsmi Ankara hərbi çevrilişə cəhdlə bağlı sərgilədikləri mövqeyə görə ABŞ başda olmaqla, bir sıra dövlətlərin mövqeyindən narazı qaldı. Bu olay bir çoxları üçün dost, yoxsa düşmən testinə çevrildi.

Ekspertlərin qardaş ölkənin qiyamdan necə çıxdıqları barədə fikirləri də müxtəlifdir. Əksəriyyət dövlət daxilində dövlət üçün təhlükəli bir şəbəkənin sıradan çıxarılmasının müsbət hal olduğunu qeyd etsə də, bunun əksini düşünüb, dövlət idarəçiliyinə ciddi zərbələrin vurulduğunu iddia edənlər də var.

Politoloq Elçin Mirzəbəyli Türkiyə üçün bu məsələnin hələ də həssaslığını itirmədiyini düşünür:
“Məsələ burasındadır ki, həm Azərbaycanda, həm də Türkiyədə qarşılıqlı olaraq hər iki ölkənin daxili siyasəti ilə bağlı açıqlamalara, analitik şərhlərə xüsusi həssaslıqla yanaşırlar. Doğrusunu deyim, məhz bu səbəbdən Türkiyənin daxili siyasəti ilə bağlı danışmamağa çalışıram. Çünki iki ölkənin qardaşlıq münasibətləri bütün digər məsələlərdən yüksəkdə dayanır. 15 iyul qiyamını bütün azərbaycanlılar kimi anbaan ekranlardan izləmişəm, Türkiyəyə səfərimiz zamanı bu barədə bizə ətraflı məlumat verilib. O ayrı məsələdir ki, bütün suallarıma cavab tapa bilməmişəm.

Bu, heç mümkün də deyil. Sözsüz ki, qiyam Türkiyəyə ciddi zərbə vurub və onun nəticələrini, xüsusən də cəmiyyətin maraqları baxımından uzun müddət aradan qaldırmaq mümkün olmayacaq. ”Gülən hərəkatı" adlanan anti-Türkiyə fəaliyyətinin bütün türk dünyası üçün təhlükə olması barədə hələ 2000-ci ildən yazıram. Təmsil olunduğum BAXCP və onun sədri Qüdrət Həsənquliyev yarandığı gündən fətullahçılara qarşı açıq və barışmaz mövqedə dayanıb. Bu bizim prinsipial mövqeyimizdir və təkcə indi FETÖ adlandırdığımız təxribatçılara qarşı yönəlməyib. Biz din üzərindən siyasət yürüdülməsini dövlət üçün ən böyük təhlükə sayırıq və bütün siyasiləşmiş dini qruplara qarşıyıq. Hesab edirik ki, dövlət idarəçiliyində ayrı-ayrı qruplara münasibət deyil, prinsiplər əsas götürülməlidir. 15 iyul qiyamından sonra Türkiyədə çox şey dəyişib. Təbii ki, Türkiyə vətəndaşları bunu bizdən daha yaxşı görür və qiymətləndirirlər. Qardaş türk xalqının seçiminin qarşısında isə boynumuz qıldan incədir.

Şərqdə ilk demokratik cümhuriyyət qursaq da, davamlılıq baxımından Türkiyənin demokratiya təcrübəsi bizdən daha çoxdur. Türkiyənin birliyinin, bütövlüyünün qorunub saxlanılması, dövlət idarəçiliyinin qiyamçıların əlinə keçməməsi ən böyük xeyirdir. Baş verənlərin zərərli tərəfləri də çoxdur, şübhəsiz. Amma bu fəsadların da zamanla aradan qaldırılacağını düşünürəm. Siyasətdə, xüsusilə də qlobal siyasətdə maraqlar ön sırada dayanır. Türkiyə Qərbin də, Rusiyanın da, İranın da simasını dəfələrlə görüb və kim olduqlarını da yaxşı bilir. Türkiyənin yerləşdiyi bölgə olduqca çətin və həssas proseslərdən keçir. Belə bir məqamda ölkənin bütövlüyünü qorumaq, təhlükəsizliyini təmin etmək, iqtisadi və hərbi potensialını ayaq üstə saxlamaq çox böyük güc tələb edir. Türkiyənin bunun öhdəsindən gəldiyini düşünürəm. Daha yaxşısını etmək mümkündürmü? Bunu deyə bilmərəm. Çünki bu məsələlərlə bağlı konkret fikir yürütmək üçün bir siyasi şərhçinin əldə edə biləcəyi məlumatlardan dəfələrlə çox informasiyan olmalıdır. Ona görə də mən bir azərbaycanlı kimi danışıram və Türkiyəni dünyanın ən güclü dövləti kimi görmək istəyirəm".

“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli son bir ildə Türkiyənin sabitliyə doğru getdiyini qeyd etdi:
“Son referendumdan sonra Türkiyə yeni erasına qədəm qoydu. Çoxları Türkiyənin terror dalğasında boğulacağını söyləyirdi, bunu gözləyirdilər, lakin tam əksi oldu. Türkiyə PKK-ya qurulandan bu yana ən böyük zərbələr endirdi. Suriyada DAİŞ təsirsiz hala gətirildi. Onlarla terror təhlükəsinin qarşısı alındı. Türkiyə daxilində, regionda və dünyada mövqelərini gücləndirdi. Son illərdə Türkiyə cümhuriyyət olandan bu yana ən böyük zərbələr aldı. Başqa dövlət bu qədər ardıcıl, planlaşmış zərbələr alsaydı, o ölkədə ən azı, hakimiyyət dəyişmişdi. Şükürlər olsun ki, qardaş ölkə bütün bu zərbələrdən sonra ayaqda qalmağı bacardı və daha da güclənməkdə davam etdi. Türkiyə hakimiyyəti qarşısına böyük hədəflər qoyub və böyük düşmənçiliklərə də hazır olmalıdır. Qərbin əsl simasını AK Parti iqtidarı əvvəlcədən də bilirdi, sadəcə, bunu göstərmək lazım idi və bu açıq-aşkar göründü. Siyasətdə əksər vaxtlarda daimi maraqlar olur. Türkiyə hələ o gücdə deyil ki, açıq şəkildə Amerikaya əlcək atsın. Amma Türkiyə daha ABŞ-ın istəyi ilə də hərəkət edən deyil. Bunu artıq amerikalılar seziblər. Və bundan sonra hamı, o cümlədən ABŞ da ən azı regionda Türkiyə faktorunu nəzərə alacaq”./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26