Interposta.Info

“Kremlin gənclərə yönəlik təbliğatı puç olub” - Qərb mətbuatı

Dünya
 13-06-2017, 15:34     448

Aleksey Navalnı tərəfdarları vəd etdikləri və uzun müddətdən bəri hazırlaşdıqları aksiyanı keçirməyə müvəffəq oldular.

Doğrudur, bəzi siyasi müşahidəçilərin rəyinə görə, aksiya olduqca effektli alınsa da, gözlənilən siyasi partlayışı verməyib.

Burada Aleksey Navalnının aksiyanın mərkəz ocağı sayılan Moskvada cəmi bir gün öncə mitinqin yerini dəyişdirməsi (Saxarov küçəsindən, Tver küçəsinə keçirməsi), habelə onun elə mitinq başlamadan evinin önündə həbs edilməsi faktoru az rol oynamadı.

Hər halda...mitinq Rusiyada etiraz elektoratının deyilən qədər zəif olmadığını da nümayiş etdirdi. Bu gün demək olar ki, mətbuatın tam inhisarda olduğu Rusiyada insanlar Putin rejiminə qarşı çıxmağa özlərində güc tapdılar.

Qərb mediası da eyni fikridədir.

“The Times” qəzetinin yazarı Mark Bennets “Kreml nümayişlərin qarşısını kəsir” adlı məqaləsində Putin rejiminin etirazları yatırmaq üçün məktəblilər, tələbələr və digər müxalif düşüncəli insanlar arasında qorxutma kampaniyasını yürütdüyünü yazıb.

Məqalədə tələbələrin universitetdən qovulmaqla hədələndiyi, Samara vilayətində isə hökumət adamlarının məktəbliləri 10 illik həbs cəzası ilə təhdid etdiyi göstərilir.

“Sankt -Peterburq universitetində mühazirələrin gedişində 41 yaşlı Navalnının ABŞ agenti olduğu deyilib. Məktəblilər onun Hitler və Bağdadi ilə müqayisə olunduğu filmə baxmağa məcbur olunub”- məqalədə qeyd olunur.

Los Angeles Times qəzeti Putinin 2000-ci illərin gəncliyindən qorxmalı olduğunu bildirir.

Qəzet Ruiyalı jurnalist Serafim Orexanovun fikirlərinə yer verib.

Onun sözlərinə görə, etiraz aksiyalarında iştirak edən gənc nəslin nümayəndələrinin çoxluğu Kremlin dövlət səviyyəsində və bütün mətbuat vasitəsilə həyata keçridiyi təbliğatın əslində puça getdiyini göstərir. Gənclər indi əsasən Youtube və başqa sosial şəbəkələri məlumat mənbəyi olaraq istifadə edirlər.

Orexanovun fikrincə, Navalnını Youtube kanalının uğuru onun insanlarla daha açıq dillə danışması və gəncliyə yaxın olması ilə bağlıdır.

“İndi Youtube köhnə dövrlərdəki televiziyanı əvəz edir. Bu səbəbdən Dövlət Dumasında 14 yaşa çatmayan gənclərin sosial şəbəkələrə girişini məhdudlaşdıran qanun hazırlanır”- yazıda bildirilir.

“Rusiyada gənclik uğrunda mübarizə gedir”, - Almaniyanın Frankfurter Allgemeine qəzeti belə hesab edir.

“Bu mübaizədə hakimyyətin əlindəki kartlar o qədər də uğurlu deyil”, - məqalə müəllifi Fridrix Şmidt yazır.

“Rusiya fəalları öz səslərini qazanırlar”, - Britaniyanın Financial Times qəzetinin Katrin Hille və Maks Seddon tərəfindən qələmə alınan məqaləsi belə adlanır.

Məqalədə 4-cü dəfə seçilməyə hazırlaşan Vladimir Putinə qarşı cəmiyyət içərisində etiraz səslərinin daha yüksək şəkildə dilə gətirildiyi vurğulanır.

“Moskva əhalisinin şəhər meri Sergey Sobyaninin yenidənqurma planlarına qarşı baş qaldırması Putin Rusiyasında cəmiyyətin ətalətliliyi haqqında stereotipləri yox etməyə kifayət etdi”, - məqalə müəllifləri yazırlar.

“Etirazların kəmiyyəti və intensivliyi artmaqdadır. Mitinqlər hətta hakimiyyət üçün ən narahat doğurucu yerlədən daha sakit regionlara doğru yayılır”, - məqalədə Rusiya Ali İqtisad Məktəbi Milli Araşdırma Universitetinin sosioloqu Aleksey Titkovdan sitat gətirilir.

Yazıda son dövrlərdə insanların əsasən sosial zəmində kütləvi halda toplanaraq rejimə qarşı dirəndiyi qeyd olunub. Qəzet yol qiymətlərinin artrılmasına görə uzun yolçuluqda yük daşıyan sürücülərin, Tatarıstanda bankın müflis olmasından zərər görən əmanətçilərin, habelə Novosibirskdə mənzil-kommunal xidmətlərinin qiymətinin artırılmasına qarşı çıxan əhalinin göstərdiyi təpkiləri buna misal olaraq gətirir.

“Növbəti prezident seçkilərində Putinə meydan oxuyan Navalnı bu narazılıqlardan istifadə etmək istəyir”, - məqalə müəllifləri qeyd edirlər.

“Navalnının mərkəz hədəfi müxtəlif etirazları korrupsiya məsələsi ilə bağlamaqdan ibarətdir. Bu onun kampaniyasının məhək daşıdır. Rusiyadakı etirazların sönüb getməsi və ya siyasi dəyişikliklər üçün gücə çevrilməsi onun bu bağlantını qurmasından asılı olacaq”,- yazıda göstərilib.

Navalnın özü mitinqdən öncə qəzetə verdiyi müsahibədə bunu belə əsaslandırıb:
İnsanlar sosial və siyasi tələblərin gec-tez birləşəcəyini çoxdan danışırlar. İndi məhz bu proses baş verir. Artıq kasıblığın Putin hakimiyyətinin doğurduğu qənaəti hakimdir. Müxtəlif kateqoriyadan olan insanlar arasında konsensus əmələ gəlib”.

Lakin qəzetin qeyd etdiyinə görə, hər şey o qədər də sadə deyil:

“İnsanları hələ ki ilk növbədə gündəlik sosil-iqtisadi tələbatlar maraqlandırır. Onlar yerli elita ilə mübarizədə yenə də Kremldən mədət umurlar. Buna rəğmən rusiyalı aktivistlərin fikrincə, cəmiyyət əvvəl-axır daha iri miqyaslı siyasi islahatlar üçün hazır olacaq”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26