Interposta.Info

Qardaşının meyiti üzərindən hakimiyyətə gələn prezident – Bəşər Əsədin portreti

Dünya
 10-06-2017, 20:02     710

DOSYE: Bəşər Əsəd. Suriya prezidenti.

DOĞUM TARİXİ: 11 SENTYABR, 1965.

ÇƏKİSİ: Siyasi çəkisi barədə heç nə deyə bilmərik. Ancaq fiziki çəkisi 78 kiloqramdır.

BOYU: Edam edilmiş İraq prezidenti Səddam Hüseyndən 3 sm. hündürdür-189 sm.

MÜƏMMALI ÖLÜM: Atası Hafiz Əsəd, Suriyanın sükanını mülayim Bəşərə deyil, sərt baxışlı oğlu Baselə tapşırmaq istəyirmiş. Ancaq 1994-cü ildə baş vermiş yol qəzası bu arzulara son qoyur. Basel aeroport yolunda qayaya çırpılaraq dünyasını dəyişir.

İXTİSASI: İxtisasca göz həkimidir. Təhsilini Dumanlı Albionda təkmilləşdirib. Arvadı, dünya gözəli Əsma əl-Axras ilə orda tanış olub.

HƏYAT YOLDAŞI: 2008-ci ildə məşhur ABŞ dərgisi “Elle” qərara gəlir birinci xanımların top onluğunu çapa hazırlasın. Nikola Sarkozinin arvadı qalxır ikinci pilləyə, üçüncü yer verilir Mişel Obamaya. Birinci pilləyə isə Bəşər Əsədin arvadı Əsma əl-Axras layiq görülür. O, həm də Britaniya pasportu daşıyır.
Qardaşının meyiti üzərindən hakimiyyətə gələn prezident – Bəşər Əsədin portreti


TALE ZƏRBƏSİ: 2011-ci ildə Əsədin səmadakı siyasi ulduzu başlayır solmağa. Onu Səddam kimi, etirazçılara qarşı kimyəvi silah işlətməkdə suçlu bilib, adını salırlar “qara siyahı”ya.

QAYNATASI: Favaz Axras. “Britaniya-Suriya dostluq cəmiyyəti”nin sədri kürsüsündə əyləşir. Londonda məskunlaşıb. Bəşər ilə Əsmanın xeyir-duasını Britaniya kraliçasından şəxsən özü alıb.

AVTOMOBİL ZÖVQÜ: “Audi” markasını çox sevir.

HOBBİSİ: Asudə vaxtlarında fotokamerasını çiynindən salladaraq tək-tənha Dəməşq ətraflarında dolaşır. Hədəfini tapınca dönür əsl ovçuya. Dizini basır yerə. Lal-dinməzcə öz “qurbanlarını” bir-bir lentə alır. Ancaq Suriyadakı gərgin durum indi bu hobbini azca redaktə edib. İndi Əsəd bəlkə fotokamera ilə deyil, tüfənglə çıxır, necə deyərlər, başmaq seyrinə.

QANUN POZUNTULARI: Yaş senzi icazə vermirdi o prezident kürsüsündə əyləşsin. Parlament bir gecəyə bu xatanı aradan qaldırıb. Xüsusi qanunla yaş senzini 40 yaşından 34-ə endirib.

ALDIĞI İLK ZƏRBƏ: Ünvanına ilk zərbəni 2011-ci ildə alıb. O vaxt Daraa şəhərciyində 10-15 imkanlı ailə uşağı əlinə qələm götürərək divarları Əsədlərə qarşı qarma-qarışıq şüarlar, cızma-qaralar ilə bəzəyirlər. “Atanın gül balaları” düşürlər qazamata. Ailələr nüfuzlu imiş. Leninin dediyi ilk “qığılcım” burda közərib, sonra bütün Suriyanı çevirir qaynar bir samovara. Liberal tələblər tezliklə dini şüarlarla əvəzlənir.

RUSCAYA SEVGİSİ: Oğlu balaca Hafiz rus qırıcı təyyarələrinin maketlərilə oynayır. Az-maz rusca danışır. Rus dili Suriya məktəblərində məcburidir.

ŞÜARI: “Mən Yanukoviç deyiləm. Vətənimi qoyub qaçmayacam”.

EYBLƏRİ: Suriya dövlət musiqi ansamblı çox naşıdır. Dövlət tədbirləri zamanı Əsədi bərk əsəbləşdirirlər. Xüsusən Rusiya,

İran himnlərini çox gülməli şəkildə ifa edirlər. Mövzu Rusiya mass-mediasında dəfələrlə ələ salınıb.

İŞİD TƏHLÜKƏSİ: Vəhhabi terrorçularını gözəgörünməz əl vasitəsi ilə Suriyaya istiqamətləndirən Moskva iki tərəfdən qazanır. Düşmənə bircə güllə atmadan əvvəlcə öz ərazisini labüd təhlükədən təmizləyir. Sonra bu ekstremistləri yad ərazidə-Suriyada qırıb bitirir. Bu haqda Rusiya prezidenti Vladimir Putinin səmimi etirafı var: “Biz Suriyada öz hərbi makinamızı, hərbi sahədəki son nailiyyətlərimizi real vəziyyətdə uğurla sınaqdan çıxarırıq”.

Rusiya Müdafiə Nazirliyinin Suriyadakı gündəlik xərcləri 2,5 milyon dollar civarındadır.

***

Hə...belə-belə işlər... Bəşir Əsəd sayəsində dünya supergücləri Suriyada özlərinə qəşəng təlim meydançası qazanıb gündə min cür hoqqabazlıqdan çıxırlar.
Qardaşının meyiti üzərindən hakimiyyətə gələn prezident – Bəşər Əsədin portreti


Özü də, Bəşir Əsədin təmsil etdiyi Əsəd ailəsi hələ 1960-ci illərdən SSRİ çətiri altına sığınaraq indiyədək bu taleyini pis-yaxşı davam etdirir. Ancaq Rusiyanın Orta Doğuda özünə münasib, əlverişli bir hakim sülalə seçməsi, sonra var gücü ilə bu xanədanı qoruması təkcə ələvi Əsəd rejimi ilə məhdudlaşmır. Ruslar bu sahədə ilk süftələrini hələ 1878-79-cu illərdə ediblər. Görüblər İrandakı Qacar xanədanı belə getsə taxt-tacını çox da əlində saxlaya bilməyəcək və ölüvay Qacarları təcili olaraq ingilis təxribatlarından qorumaq lazımdı. Mövzu ilə əlaqədar Nasir əd-Din şahın yazılı razılığını əldə edən rəsmi Peterburq, o vaxt A. İ.Domontoviç adlı bir üst zabitini Tehrana ezam edir. Domontoviçin İrandakı ən mühüm vəzifəsi bu ölkəyə 1000-ə yaxın Kuban kazakını gətirmək, habelə, Qacarları daxili və xarici düşmənlərdən, ilk növbədə Britaniya təxribatlarından qoruyub mühafizə etmək idi.

Sonralar rəsmi Moskva Orta Doğunun böyük şahmat taxtası üzərində oxşar at gedişini 2015-ci ilin sentyabr ayında təkrarlayacaq. Müasir Nasir əd-Din şahı xatırladan Bəşir Əsədin yenə də yazılı xahişi əsasında oxşar əməliyyatı regionun bir başqa zəif halqaslnda-Suriyada həyata keçirəcək.

İran kazak briqadasının Tehrandakı ömrü düz otuz il çəkib. Briqadanın növbəti rəhbərləri general-mayor V.A.Kosoqovski şah sarayındakı Britaniya qəsdlərinə qarşı xüsusi diqqət göstərib. Bəhai təriqəti üzvlərini Londonla əməkdaşlıqda ittiham edərək sonuncuları daim güdüb-pusub, nəzarət altında saxlayıb. Möcüzəyə bir baxın- 30 il ərzində bu briqadanın İranda bircə nəfər belə itkisi olmayıb. Halbuki İranda jandarma ordusu yaratmış İsveç zabitləri öz sıralarından təkcə elə 1914-cü ildə altı nəfər qurban vermişdilər.
Qardaşının meyiti üzərindən hakimiyyətə gələn prezident – Bəşər Əsədin portreti


***

Gördüyümüz kimi, Moskva Orta Doğuda indi eyni siyasəti, eyni tarixi təcrübəsini yürüdür. Qacarların yerində indi Əsəd ailəsidir. “Kimdir görəsən bu Əsədlər? Necə hakimiyyətə gəlib Suriyanı indiyədək öz iti caynaqlarında saxlayırlar?” suallarına cavab verməzdən öncə, gəlin, yenə tarixə bir baş vuraq. Görək hansı ildə, hansı baharda bu ailənin çiçəyi ilk dəfə çırtlayıb axı...

***

Yaxın Şərqdə “Yeni NATO” yaratmaq təşəbbüsü som günlərdə gündəmə gəlsə də, bu layihənin təməlinə ağır qara daşlar hələ çox-çox əvvəllər, hələ 1955-ci ildə yaradılmış “Baqdad paktı” (CENTO, The Central Treaty Organization, türkcə Merkezi Antlaşma Teşkilatı‎) zamanı atılıb. Müqavilənin mürəkkəbi hələ qurumamış əvvəl Böyük Britaniya, sonra Pakistan, lap axırda şahənşah İranı növbə ilə gəlib bu sazişə qoşulurlar.NATO ilə CENTO abviaturalarının həm qafiyəli, oxşar olması da kor təsadüf deyil. Əslinə qalarsa CENTO bir növ NATO-nun Yaxın Şərqdəki hibrid törəməsi, məxfi bir oxşarı, davamı idi. Həm də SSRİ-yə qarşı Orta Doğuda atılmış qara əlcəkdi.

Sovet əks-kəşfiyyatı o zamanlar bu ittifaqı özünə qarşı bir siyasi həmlə sayır. “Bağdad paktı”na qarşı öz əks həmləsini hazırlayaraq ilk zərbəni 1958-cı ildə İraqa qarşı yönəldir.

Bu məxfi əməliyyatda Azərbaycan çekistlərinin, ilk növbədə mərhum Heydər Əliyevin iştirakı haqda danışmaq hələ tezdi. Ancaq 1958-ci ilin yayında Bağdadda baş vermiş çevrilişdən az öncə Bakıda təntənəli Füzulu yubileyinin keçirilməsi məncə təsadüfü deyil. Yubileydəki İraq qonaqları deyilənə görə sayca lap çox olublar. Axşamlar qəfil yoxa çıxır, sonra yorğun-arğın iclas salonlarına qayıdır, yorğunluqdan az qala oturduqları yerdə yatırdılar.
Qardaşının meyiti üzərindən hakimiyyətə gələn prezident – Bəşər Əsədin portreti


O zaman Orta Doğuda nəhəng yerdəyişmələr, siyasi manevrlər baş verirdi. Suriya ilə Misir bir cinahda birləşirdi, İordaniya ilə İraq isə bir başqa cinahda.

Bakıdakı Füzuli yubileylərindən az sonra bütün bunlara yağlı qara nöqtə qoyulur. Bağdadda general Əbdül Qasim tərəfdarları qəfil üsyan qaldırıb kral Feysəli ailəsi ilə birgə ucdantutma gülləyirlər. Şərqdə “Yeni NATO” yaratmaq cəhdi Moskva tərəfindən elə beşikdəcə boğulur.

***

Fizuli yubileyinin xoş nəticələri, ssenarisi sonra bir başqa cür Suriyada təkrarlanır. Bu dəfə Nəsimi yubileyi adı altında. 1968-73-cü illər ərzində SSRİ-nin Suriyada keçirdiyi bir çox məxfi əməliyyatlar məhz bu yubiley tədbirləri altında azdırılır. Dəsti-xətt eynidir. Elə müəllif də. Şəxsən mən burda Heydər Əliyevin adını çəkməkdən qorxmazdım. Ancaq son söz, şəksiz, məxfi arxivlərdəki saralmış sənədlərdədi.

***

Beləliklə Əsəd sülaləsi ömrünün sonunadək (bu sona hə qalıb ki?) bizə, ulu şairimiz Nəsimiyə, bir də Azərbaycan əks-kəşfiyyatçılarına borcludur.

O vaxt, ələvi Əsəd rejimini Suriyada hakimiyyətə gətirməklə Moskva bir güllə ilə iki dovşan vurur. Həm Suriyanı nəzarətə götürür, həm Türkiyə timsalındakı NATO-ya qarşı arxadan ikinci cəbhə açır. Həm də Türkiyədəki 10 milyonluq solçu ələviləri öz ideoloji təxribatlarına cəlb edir.
Qardaşının meyiti üzərindən hakimiyyətə gələn prezident – Bəşər Əsədin portreti


İndi, Rusiya qərar verib bu köhnə əməliyyatlarını bir başqa cür yenidən diriltsin. Əsəd ailəsini, Qacarlar kimi, məkrli-xatakaranqlo-sakslardan qorusun.

Zəmanəmizin Məhəmmədəli şah Qacarı indi, yadda saxlayın, məhz odu-Bəşir Əsəd. O, Nasir əd-Din şahın oğlu idi, bu, Hafiz Əsədin. O,Səttərxana qarşı mübarizə aparıb, bu, islamçılar ilə qanlı-bıçaqdı. Böyük şairimiz Sabirin Məhəmmədəli şaha qarşı yazdığı satirik şerləri indi bəzən Bəşir Əsədə də aid etmək mümkündü, vallah.

XÜSUSİ QEYD: Bəşir Əsəd rejimini ölümdən qurtaran Rusiya Müdafiə Nazirliyi Suriyada apardığı əməliyyatlarda təksə nizami qoşun hissələri ilə kifayətlənmir. Bəzən muzdluları da qatır bu məxfi əməliyyatlarına. Dövrü Rusiya mətbuatı bu mövzuda görün bir nə xəbər verir: “Təcili yardım heyəti Peterburq küçələrində halsız uzanmış Rusiya qəhrəmanı Mixail Troşevi aşkarlayıb. Qəhrəmanın çantasından 90 min dollar nağd pul, habelə Suriyanın coğrafi-hərbi xəritələri tapılıb. Bəlli olur ki, qəhrəman növbəti cənub səfərinə hazırlaşırmış. Üstündə Krasnodara uçan təyyarəyə elektron bilet də varmış. Döş cibindən çıxmış qəbzdə isə 20 hərbi çadırın dəqiq qiymətləri göstərilib.

Troşev, rus hərbi muzdluları arasında ad çıxarmış “Vaqner” ləqəbli DmitriUtkinin yaxın silahdaşı kimi tanınır. Bu muzdlular Suriya döyüşlərində fəal iştirak edirlər. Tələfatları adətən rəsmi xəbərlərdə əks olunmur. Muzdluların səyahət marşrutunda Donbas da göstərilir. Deyilənə görə, separatçı liderlərini Donbasda məhz bu dəstənin xain atəşləri yerə sərib”.

Hə...kimsə müharibədə varlanır. İçib halsız şəkildə Peterburq küçələrində uzanır. Mülkü əhali bu mənzərəni Suriyada daha faciəli şəkildə təkrarlayır. Yerə yıxılıb bir də yuxarı qalxmır.

Kimdən soraq indi bütün bunların cavabını-Bəşir Əsəddənmi, hə?

Yoxsa...yoxsa bu siyahıda Bəşir Əsəd günahkarların yalnız biridir?

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26