Interposta.Info

Trampın impiçmenti realdırmı? -

Dünya
 11-05-2017, 12:11     531

"The Guardian" qəzetinin siyasət məsələləri müxbiri Jill Abramson yazır ki, senator Bob Keysi, prezident Trampın FTB-nin direktoru Ceyms Komini işdən azad etməsini "niksonvari hərəkət" adlandırıb.

Keysi və onun demokrat partiyadaşları olan senatorlar bunu dedikdə prezident Riçard Niksonun vaxtilə baş prokuroru işdən azad etməsini nəzərdə tuturlar. Həmin baş prokuror ki, Watergate qalmaqalını araşdırırdı. Niksonun bu addımını o vaxt jurnalistlər "şənbə qətliamı" adlandırmışdılar, çünki prokuror şənbə gecəsi işdən qovulmuşdu.

Abramson yazır ki, bu qətliam Niksonu o vaxt impiçmentdən xilas edə bilməyib.

"Amma biz bilirik ki, prezident Trampın tarixdən bixəbərliyi heyrətamizdir" - yazır jurnalist.

Jurnalsitin fikrincə, tarixi pis bildiyindəndir ki, Tramp Watergate qalmaqalından dərs almayıb.

"Onun ala biləcəyi ən əsas dərs isə bu olmalıydı ki, istənilən ört-basdır həmişə cinayətdən pisdir" - deyilir məqalədə.
Abramson yazır ki, Rusiyanın ABŞ seçkisinə müdaxiləsinin təfərrüatları hələlik aydın deyil, amma bu müdaxiləyə dair təhqiqat aparan şəxsin işdən qovulması ört-basdırı xatırladır.

"İşdənqovmalar Richard Nixon-u impiçmentdən xilas etmədiyi kimi, Trump-ı da Rusiya qalmaqalının atəşindən qurtara bilməyəcək" - yazır Abramson.

Müəllifin fikrincə, Kominin qəfil işdən çıxarılması yalnız və yalnız müstəqil prokurorun təyin edilməsinə çağırışları gücləndirib.

Respublikaçılar Kominin işdən atılmasını onun Clinton e-mailləri ilə bağlı düzgün hərəkət etməməsi ilə bağlamaq istəyirlər. Bu, əslində absurd iddiadır, yazır müxbir.

Niyə indi?

Kaliforniya konqresmeni, Konqresin Kəşfiyyat Komitəsinin Mərkəzi Kəşfiyyat İdarəsinə baxan alt komitəsinin üzvü Eric Swalwell FTB rəhbərinin işdən qovulmasını "Trump-ın çərşənbə axşamı günorta qətliamı" adlandırıb. Yeri gəlmişkən, bu komitə də Rusiya ilə bağlı iddiaları araşdırır.

Komi Klintonun e-mailləri ilə bağlı təhqiqatın elanını verəndə bundan sevinən namizəd Tramp demişdi ki, FTB rəhbəri nəhayət ki, öz reputasiyasını xilas etdi. O bundan əvvəl Komini Klintonun e-mail insidentini araşdırmadığına görə kəskin tənqid etmişdi.

Bir çox demokrat və respublikaçı hüquqşünaslar deyirlər ki, Klinton-a qarşı heç bir rəsmi ittihamın irəli sürülmədiyi bir vaxtda onu "son dərəcə səhlənkar" adlandırmaqla Komi mühakimə olunacaq peşə pozuntusuna yol vermişdi.
Məqalədə deyilir ki, bütün bunlar izahat sayıla bilməz. Komi niyə 9 ay bundan əvvəl baş vermiş hadisələrə görə məhz indi işdən qovulub? Əgər Komi belə pozuntulara yol vermişdisə, prezident onu daha əvvəllər vəzifəsindən azad etməli idi.
Komi Senat qarşısında ifadə verərkən demişdi ki, o, özünün seçkinin nəticəsinə təsir etdiyini düşünəndə ürəyi bulanır. Abramson yazır ki, Tramp-ı da görünür onun məhz bu sözləri özündən çıxarıb. Tramp seçkinin legitimliyinə dair hər hansı şübhəni çox həssaslıqla qarşılayır.
Trampın impiçmenti realdırmı? -


Burası da var ki, FTB direktoru Rusiya qalmaqalının yenidən qızışdığı bir vaxtda işdən çıxarılıb. Buna səbəb daha əvvəl işdən qovulmuş Salli Yeytsin Senatdakı ifadəsi olub.

Məqalədə deyilir ki, Senat və Konqresin Rusiya təhqiqatlarının yerindən tərpənmədiyi bir vaxtda Kominin vəzifədən kənarlaşdırılması bu təhqiqatı da əngəlləyə bilər.

Lakin hadisəyə ilkin reaksiyalar göstərir ki, FTB direktorunun işdən qovulması Trump-ın istədiyindən tam fərqli nəticəyə səbəb olub.

İndi bu işlə əlaqədar müstəqil prokurorun təyin edilməsi tələbləri daha ucadan səslənir.

Nikson hadisəsi zamanı da belə olmuşdu. Lakin Abramson yazır ki, o vaxt həm demokratlar, həm də respublikaçılar bir araya gərərək ölkəni korrupsiyalı Ağ Evdən xilas etmişdilər. Belə bir partiyalararası müdriklik bu gün mümkün deyil.

"Demək, ümid müstəqil prokurora qalır" - yazır Abramson (BBC).

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26