Interposta.Info

Çin və Şimali Koreya arasında mətbuat savaşı başlayıb

Dünya
 5-05-2017, 15:41     399

İki ölkənin rəsmi yayım orqanları bir-birini satqınlıqda ittiham edir
ABŞ prezidenti Donald Trampın öyünə biləcəyi tək-tük diplomatik uğurlardan biri kimi onun Koreya siyasətini göstərmək olar.


Əvvəlki rəhbərliklərdən fərqli olaraq Ağ Evin yeni sahibi Şimali Koreyadakı yarı-feodal diktatura rejiminə qarşı sərgilədiyi mövqe ilə sonuncunu onsuz da cüzi sayıla biləcək beynəlxalq dəstəkdən məhrum etmək üzrədir.
Bu zamana qədər Kim sülaləsini ayaqda tutmağı bacaran Çin belə Pxenyanın şıltaqlıqlarından təngə gəlib və artıq onun hər etdiyinə arxa çıxmır.

Bu isə Şimali Koreyanın Pekinə baxışlarında dəyişikliyə səbəb olub.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, hazırda iki ölkə arasında əsl mətbuat savaşı gedir.

Həm Çinin, həm də KXDR-in aparıcı rəsmi orqanları bir-birini satqınlıqda ittiham edir.

Çinin mövqeyinə görə, Şimali Koreyanın nüvə hoqqabazlığı ABŞ-ın öz qoşunlarını bölgədə gücləndirməsinə, habelə Çinin şimal-şərq bölgələrini təhlükə altında qalmasına gətirib çıxarıb. Pxenyan isə Vaşinqtonun əvvəllər də öz “aqressiv siyasəti”ni bölgədə həyata keçirməsini xatırladır və əksinə, Çinin KXDR-ə müdafiəsi üçün minnətdarlıq etməli olduğunu qeyd edir.

Bəzi ekspertlərin fikrincə, mətbuat savaşı ABŞ rəhbərliyini azdırmaq məqsədilə gözə kül üfürmək taktikası da ola bilər.

Lakin hər halda Çinin ABŞ-ın hərbi həmlələri qarşısında susqunluğu Şimali Koreyanın özünə görə haqlı qəzəbinə səbəb olmaya bilməz.
Bu yaxınlarda KXDR-in Mərkəzi Teleqraf Agentliyinin (KMTA) rəsmi saytında Çin Kommunist partiyasının rəsmi orqanları”Jenmin Jibao” və milli tabloid orqanı “Huantsü Jibao” qəzetlərini, dolayısı ilə Çin rəhbərliyini sərt tənqid edən məqalə dərc olunub.

Həmin məqalədə Çin mətbuatının KXDR rəhbərliyinə nüvə proqramından vaz keçməyə çağırması KXDR-in legitim hüquqlarının və ali maraqlarının, müstəqilliyinin pozulması kimi qiymətləndirilib.

“KXDR yox, məhz Çin öz partnyorunun maraqlarını dəfələrlə şərəfsizliklə satıb”, - məqalədə qeyd olunur.

Çin analitikləri bunun KMTA-nın son aylarda Çin rəhbərliyini tənqid edən 3-cü məqaləsi olduğuna diqqət çəkirlər. Lakin sonuncu məqalədə ilk dəfə Çin rəsmi mətbuatının adı çəkilir.

Ekspertlərin fikrincə, buna aprelin 30-da “Jenmin jibao”da dərc olunan yazı səbəb olub. Doğrudur, yazıda olub bitənlərdən ABŞ və Cənubi Koreya məsul tutulsa da, əsas tənqid Pxenyanın üzərinə yönəldilib.

“KXDR nüvə raket sınaqlarından vaz keçməli, BMT Təhlükəsizlik Şurasının qərarlarına ciddi surətdə əməl etmli, ABŞ və Cənubi Koreya isə hərbi təlimləri sonlandırmalıdır”, - məqalədə qeyd olunub.

Siyasi müşahidəçilər demək olar ki, hər gün Çin mətbuatında KXDR rəhbərliyini tənqid edən yazılar dərc olunduğunu və Kim rejiminin buna olduqca ağrılı yanaşdığını qeyd edirlər. “Hətta 1960-cı illərdə Çin və KXDR arasında ərazi mübahisələri və hərbi toqquşmalar mətbuatın səhifələrinə düşməmişdi”, - Seul universitetindən Fyodor Tertitski Rusiya mətbuatına bildirir.

Çin mətbuatının rəyinə görə, Pekin cənub qonşusunun nüvə sınaqlarını onunla 100 km-lik sərhəddə həyat keçirməsindən narazıdır. Bu sınaqlar Çinin Heyluntsizyan, Tzilin və Layaonin vilayətlərinin əhalisini ciddi təhlükə altına qoyur.

Bundan başqa, Şimali Koreyanın nüvə-raket sınaqları ABŞ-a Cənubi Koreya ərazisinə Çinin şiddətlə qarşı çıxdığı THAAAD raket əleyhinə müdafiə kompleksini yerləşdirmək üçün əlavə bəhanə verir.

“ABŞ onsuz da KXDR–in nüvə silahı əldə etməzdən qabaq Asiya-Sakit okean bölgəsində dominantlıq etmək strategiyasını həyata keçirməyə başlamışdı. Bu strategiyanın ana hədəfi isə KXDR deyil, Çindir. Pekin Çinin təhlükəsizliyinin müdafiəsində KXDR-in misilsiz rolunu etiraf etməlidir”,- KMTA-nın məqaləsində bildirilir.

Məqalə Çin Xalq Respublikasına təhdid dolu cümlələrlə bitir:

“ Pekin “Çin-Şimali Koreya münasibətlərinin kökünü baltalamamalı və ABŞ-ın çaldığı ilə oynamamlıdır. Əks təqdirdə bu dəhşətli nəticələrə səbəb ola bilər”.

Cənubi Koreyadakı Kukmin universitetinin professoru Andrey Lankovun fikrincə, bu cür məqalə müharibəsinə olduqca ehtiyatla yanaşmaq lazımdır. “Mümkündür ki, Çin ABŞ-ın Pekini Şimali Koreyaya kifayət qədər təzyiq göstərmədiyi barədə ittihamlarına cavab vermək üçün qəsdən bu oyunu çıxarır. Lakin məsələnin real tərəfini də bir kənara atmaq olmaz. Çünki iki ölkə arasında söz savaşı əvvəllər də gedib”, - ekspert qeyd edir.

“Hər halda Çin fevral ayının ortalarından başlayaraq BMT Təhlükəsizlik Şurasının 2270 saylı qətnaməsinə uyğun olaraq KXDR-dən kömür almağı durdurub. Bundan sonra isə KXDR-də yanacaq qiymətləri kəskin artıb”,- Lankov vurğulayır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26