Interposta.Info

Həması kim və necə yumşaltdı –

Dünya
 3-05-2017, 11:40     481

30 illik silahlı müqavimət hərəkatının İsrail əleyhinə sərt ritorikanı dəyişməsinin arxasındakı səbəblər

Mayın 1-də Fələstin İslami Müqavimət hərəkatı Həmas yeni siyasi bəyannaməsini elan edib. Qətərin paytaxtı Dohada təşkilatın siyasi qanadının lideri Xalid Məşal tərəfindən açıqlanan siyasi bəyannamə dünyada ciddi müzakirələrə səbəb olub.

Məsələ burasındadır ki, Həmasın yeni siyasi bəyannaməsi quruluş sənədindən bir sıra maddələrinə görə kəskin dəyişir. Məsələn, 42 maddədən ibarət yeni siyasi sənəddə 1988-ci il təşkilatın qurucu sənədində yer alan bir sıra ifadələr çıxarılıb. Xalid Məşal sənədin “Həmasın yeniliklərə açıq olduğunun nümunəsi” olaraq təqdim edib. Eyni zamanda deyib ki, bu sənəd təşkilatın Fələstində və xaricdəki bütün lider və qurumları ilə razılaşdırılıb.

Həmasın yeni sənədində ən çox mübahisə doğuran məqam təşkilatın 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin qurulmasınıdəstəkləməsidir. Bundan başqa, yəhudilərə və dini radikalizmə münasibət də sənəddə yer alıb və bir sıra dəyişikliklərə məruz qalıb. Eyni zamanda Həmasİxvan hərəkatının bir parçası olsa da, müstəqil Fələstin təşkilatı olduğunu da vurğulayır. Daha öncəki sənəddə isə Həmasİxvanın qanadı olduğunu vurğulayırdır.

Qeyd edək ki, ən çox müzakirələrə səbəb olan maddə Həmasın 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin qurulmasınıdəstəkləməsidir. Məsələ ondadır ki, 30 il əvvəl birinci Fələstin "intifadası" ilə qurulan Həmas hərəkatı Fələstin torpaqlarında yalnız Fələstin dövlətinin qurulacağı bəyan edilirdi. Hətta İxvan lideri Həsən əl-Bənnanın "İsrail, İslam ondan əvvəlkiləri yox etdiyi kimi, onu da yox edənə qədər ömür sürəcəkdir" sözlərini əsas şüar etmişdi. Ancaq indi o sərt yanaşmalar yoxdur və açıqlamadan da belə görünür ki, Həmas bəyanatda İsrail dövlətini qəbul etdiyini yazmasa da, reallıqda siyasi həll proseslərini, o cümlədən Osla prosesini qəbul edir. Eyni zamanda daha öncə yəhudilərə qarşı sərt bir yanaşma olsa da, indi sərtlik sionist rejim olaraq ayırdığı İsrail dövlətinə qarşıdır, ümumi yəhudilər isə hədəfə alınmır.

Qeyd edək ki, bu siyasi bəyanat Yaxın Şərq və ümumiyyətlə, müsəlman aləmində kəskin fikir ayrılığına səbəb olub. Bir qismHəmasın körfəz ərəb ölkələrinin də yardımı ilə ələ alındığını, Fələstin müqavimətinə maddi maraqları səbəbindən xəyanət etdiyini deyir. Digər qrup isə Həmasın daha realpolitik davrandığını, Fəth tərəfindən təzyiqə məruz qaldığını, hətta Qəzzada maaşların belə verilmədiyini, bu səbəbdən güzəşt addımı atdığını, eyni zamanda münaqişənin həllinə yaxınlaşdığını iddia edir.

Məsələ ondadır ki, Həmasın yeni siyasi sənədinin konkret olaraq Fələstin münaqişəsinin həllinə hansı təsir göstərməsi real deyil. Çünki bəzi sərt ifadələri çıxarsa da, Həmas hələ də İsraili tanımır. Üstəlik Qüdsə iddia edir, bu şəhəri birləşmiş Fələstinin paytaxtı elan edir. Təbii ki, indiki şərtlərdə bu, mümkün deyil. Hətta Qərbin və beynəlxalq aləmin ciddi təzyiqlərinə baxmayaraq İsrailin ələ keçirdiyi əraziləri yenidən fələstinlilərə geri qaytarmaq kimi bir niyyəti yoxdur. Bunu açıq şəkildə dəfələrlə bəyan edib. Məsələn, 20 ildən çoxdur İsraillə danışıqlar masasına oturan Fəth hərəkatı və onun rəhbərliyi İsraillə dövlət elan edilməsində anlaşa bilməyib. Yəni qısacası Həmasın bəyanatından dərhal sonra İsrailin 1967-ci il sərhədlərinə geri dönməsini gözləmək sadəlövhlük olardı.

Aydın məsələdir ki, Həmasın quruluş bəyannaməsindəki yəhudilər və İsrail əleyhinə sərt fikirlər bütün dünyada ona qarşı ciddi qınaqlara və Həmasın terror təşkilatları siyahısına salınmasına səbəb olmuşdu. Üstəlik İsrail məhz Qəzzaya hücumlarını Həmasın bu cür kəskin bəyanatlarını səbəb göstərərək həyata keçirirdi. Beynəlxalq aləm isə terrorçu hesab etdiyi Həmasa dəstək vermirdi.

İndi necə deyərlər, Həmas bu təhlükədən özünü sığortalayır, beynəlxalq aləmlə əlaqələrini qurmağa çalışır. Həmasın yumşalmasının ikinci mühüm səbəbi İrandır. Daha dəqiqi ərəb dövlətlərinin İrana qarşı cəbhəsidir. Məsələ ondadır ki. İran uzun illər məhz İsrailə qarşı savaşan Həmasısilahlandırıb, Qəzzada blokadada olarkən böyük miqdarda maddi yardım edib. Həmas Fələstində İslami Cihad Hərəkatı ilə birlikdə İranın əsas müttəfiqləri idi. Və ya başqa cür deyilsə İran bu qruplar vasitəsilə İsraili təzyiq altında saxlayırdı. "Ərəb Bahar"ından sonra siyasi ofisi Dəməşqdən İstanbula köçürən Həmas bir müddət Əsəddən üz döndərərək Suriya müxalifətini dəstəklədi. Ancaq İstanbuldan Həmas ofisi çıxarıldı və Suriyada olaylar səbəbi ilə Həmas ofisini Qətərədaşıdı. Eyni zamanda Suriya əleyhinə mövqeyini yumşaltdı.

İndi isə görünən odur ki, ərəb ölkələri Həması İran təsirindən çıxarmaq, onu Qərblə danışıqlar masasına oturtmaq üçün bu addımı atmağa məcbur ediblər. Təbii ki, Həmas kimi qruplaşmaların əsas gücü onların silahlı mübarizəsi və İsrail əleyhinə sərt mövqeləri idi. Bunu dəyişən Həmasın nüfuzu da zəifləməsi qaçılmazdır. Ancaq istənilən halda bu hadisə İran üçün zərbədir və Tehranın İsrailə qarşı qurduğu cəbhəni parçalamış sayılır.

Qərb ölkələrinin bu mərhələdə Həmasın danışıqlara cəlb olunması, bununla da Qəzzada blokadanın zəifləməsi kimi anlaşmalara getməsi mümkündür. Ancaq istənilən halda Həmas kimi mübarizə təşkilatının birdən-birə 180 dərəcə mövqe dəyişməsi mümkün deyil, bu mənada bölgədə ciddi dəyişikliklərin olması yaxın dövr üçün gözlənilmir. Amma bir dəyişiklik prosesinin başlamasından danışmaq olar. Fələstindəki qrupların buna reaksiyasını da yaxın günlərdə görə biləcəyik.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26