Interposta.Info

İrandan Trampa məktub:

Dünya
 18-04-2017, 20:15     799

İranın hakim dairələri ABŞ Prezidenti Donald Trampa gizli olaraq məktub göndəriblər.

Bunu “İranwire.com” saytına müsahibəsində İranın keçmiş prezidenti Əbülhəsən Banisədr söyləyib.

“İran hakim dairələri ABŞ Prezidenti Donald Trampa “Xamenei xəstədir, ölümünə az qalıb. Əgər ABŞ tərəfindən İrana qarşı təzyiqlər olmasa, etidal tərəfdarları iqtidarda qalacaqlar. Bununla da İraqdakı Ayətullah Sistanini Xameneinin yerinə gətirə bilmək mümkün olacaq” şəklində məktub göndəriblər. Sanksiyaların Konqres tərəfindən səsverməyə çıxarılmasının İrandakı seçkidən sonrakı tarixə təxirə salınması bu bilgini təsdiqləyir. Eynən bu cür mesaj Xomeyninin həyatının son günlərində Ronald Reyqana göndərilmişdi.

Xameneidən sonra bu vəzifəyə Konstitusiyanın tələbinə uyğun olan bir neçə nəfərdən artıq şəxs yoxdur. Bunlardan biri Xameneinin oğlu Müctəbadır. Digərləri isə İbrahim Rəisi və Sadiq Laricanidir. Larincani ilə bağlı bugünlərdə korrupsiya iddiaları səsləndirilir. Buna görə də onun ali dini lider olması real görünmür. Bir də Ayətullah Mahmud Şahrudi var. O isə Mütəxəssislər Məclisi üçün keçirilən sədrlik seçkilərində uğur qazana bilmədi. İnqilab Keşikçilərinin də onunla arası yaxşı deyil. Mənim əsl ümidim odur ki, “Vilayəti Fəqih” düşüncəsi artıq nəzəri olaraq ölüb. Ona görə ki, artıq buna heç kim inanmır. Bu, sadəcə şiddəti leqallaşdırmaq üçün qalıb. İstifadə edildiyi tək sfera budur”, – deyə o söyləyib.

Banisədr prezident seçkisinə mühafizəkarların namizədi olan İbrahim Rəisinin “edam hökmü vermə aparatı” adlandırıldığını bildirib:

“İnqilab Keşikçiləri Rəisini ölkənin lideri etmək üçün bir ildir fəaliyyət göstərirlər. Rəisi 1988-ci il edamlarına (bu tarixdə Tudə Partiyasının minlərlə üzvü haqqında edam qərarı verilib – red.) təsir edən şəxsdir. O, lider olmadan bu qədər şiddət tətbiq edib. İndi lider olacağı təqdirdə nələr edəcəyini siz düşünün”.

Qeyd edək ki, Seyyid Əbülhəsən Banisədr 1979-cu ildə baş tutan İran İslam İnqilabından sonra ölkənin demokratik yolla seçilən ilk prezidentidir. 5 fevral 1980—20 iyun 1981-ci illər arasında prezident kimi fəaliyyət göstərib. Hakimiyyətdəki dindar qüvvələrə qarşı hərəkət etməsi səbəbi ilə vəzifədən uzaqlaşdırılıb. Hakimiyyətin onu öldürməsindən qorxaraq Fransaya qaçıb və bu günə qədər orada yaşayır./axar.az

Banisədr Həmədanda anadan olub. O, əslən Azərbaycan türküdür.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26