Interposta.Info

Avropa ilə Ərdoğanın münasibətləri gərginləşmə ərəfəsində... -

Dünya
 17-04-2017, 19:30     1 367

"Çox güman ki, referendumdan sonra Türkiyə rəsmiləri tədricən Avropa ölkələri ilə münasibətlərinin qaydaya salınması istiqamətində yumşaldıcı addımlar atacaqlar”.

interposta.info xəbər verir ki, bu fikirləri BakiPost.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Avropa Birliyi və digər qərb dövlətlərinin Türkiyədə keçirilən referendumun nəticələrinə etiraz etmələrindən sonra münasibətlərin necə olacağını şərh edərkən deyib.

O bildirib ki, Türkiyənin xarici dövlətlərlə əvvəlki münasibətləri davam edəcək: "Çünki heç bir Avropa dövlətinin Türkiyənin işlərinə qarışmağa haqqı yoxdur. Türkiyə də bunu uyğun saymır. Yəqin ki, Türkiyə rəsmiləri tədricən Avropa ölkələri ilə münasibətlərinin qaydaya salınması istiqamətində yumşaldıcı addımlar atacaq. Çünki Avropaya qarşı bu qədər sərt dirəniş göstərmək, yaxud da onlarla bu cür danışmağın sonu yoxdur. Bu gün faktiki olaraq bu məkanda hegemon qüvvə olaraq ABŞ-dan sonra Avropa Birliyi yer alır. Həmçinin Türkiyənin də iqtisadi tərəfdən Avropa Birliyi ilə təmasları ölkənin iqtisadiyyatı üçün çox vacib amillərdən biridir. Bu baxımdan yəqin ki, yumşaldıcı addımlar atılacaq. Əslində Avropadan gələn tələblərin böyük əksəriyyətində referendum ərəfəsi təbliğat və başqa məsələlərə maneçilik vardı. İndi isə referendum başa çatıb. Razılaşmağa məcburdurlar. Təbii ki, əvvəlki istilik olmasa da, müəyyən yumşaldıcı variantlar işə düşəcək”.

F. Mustafa "Yaxın vaxtlarda Türkiyədə vəziyyət gərginləşə bilərmi” sualını da cavablandırıb.

Deputat qeyd edib ki, aranı qarışdırmaq üçün hansısa işlər həmişə görülə bilər: "Terror da olacaq, hətta müəyyən dərəcədə Avropanın siyasi qərarları olacaq ki, Türkiyəyə birbaşa təsir göstərəcək. Həmçinin Avropa İnsan haqları Məhkəməsinin Türkiyəyə qarşı qərarları daha da artacaq. Ona görə burada heç nə istisna deyil. Amma söhbət münasibətlərin bu qədər açıq gərginlik müstəvisinə keçməsidir. Onsuz da gizli bir gərginlik var idi. Yəni Türkiyə əleyhinə gizli çalışmalar mövcud idi. İndi isə bunun açıq müstəviyə keçməsi bir az təhlükəlidir. Bu, tək Türkiyə üçün deyil, Avropada yaşayan türklər üçün də müəyyən dərəcədə problemlər yarada bilər. Ona görə də bunu açıq müstəvidən ən azı gizli müstəviyə qaytarmaq üçün Türkiyə cəhdlər göstərməlidir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26