Interposta.Info

Türkiyə kirtik seçki həftəsinə girdi:

Dünya
 10-04-2017, 10:12     366

Sülhəddin Əkbər: “Ölkəni çoxsaylı sınaqlar gözləyir”; Əhəd Məmmədli: “Türkiyə bundan sonra daha da sabitləşəcək”

Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının Türkiyə konstitusiyasına əlavə və dəyişiklərə dair referendumda səsverməsi keçirilib. Səsvermə Türkiyənin Bakıdakı səfirliyində və Gəncə və Naxçıvanda yerləşən Baş konsulluqlarında baş tutub. Rəsmi məlumatlara görə, Azərbaycanda səsvermə hüququna malik olan 6 mindən çox Türkiyə vətəndaşı yaşayır.


Türkiyədə isə konstitusiya dəyişiklikləri ilə əlaqədar referendum aprelin 16-sı keçiriləcək. Türkiyədən kənarda 3 milyona yaxın seçici yaşayır ki, onlar 57 ölkədə Türkiyənin 119 diplomatik nümayəndəliyində səs verə bilərlər. Ekspertlər bildirirlər ki, bu kirtik seçki həftəsi ilə Türkiyə yeni bir mərhələyə başlayır. Bu mərhələ isə heç də asan olmaya bilər.

Təhlükəsizlik üzrə ekspert Sülhəddin Əkbər “Yeni Müsavat”a bildirdi ki, Türkiyəni çoxsaylı sınaqlar gözləyir:

Türkiyə kirtik seçki həftəsinə girdi:


“Həm Türkiyə daxilində, həm də ətrafdakı ümumi vəziyyəti nəzərə alarsaq, deyə bilərik ki, Türkiyə kritik bir dönəmə girir. Yəni həm referenduma qədər olan müddət, həm də ondan sonrakı dövr Türkiyə üçün heç də asan olmayacaq. Türkiyəni çoxsaylı sınaq və imtahanlar gözləyir. Bu sınaqlardan biri də Türkiyənin terrorla mübarizə sahəsinə aiddir. Türkiyə ölkə daxilində olduğu kimi xaricdə də terrora qarşı aktiv mübarizə aparır. Suriyada yaranmış son durumu da nəzərə alarsaq, ölkənin bu sahədə daha hazırlıqlı olması tələb olunur. Bu baxımdan deyə bilərik ki, Türkiyənin terror təhdid səviyyəsi yüksəkdir. Təhdidə qarşı isə səmərəli fəaliyyət göstərmək üçün yüksək strateji hazırlıq olmalıdır. Birbaşa referendumun nəticələrinə gəldikdə isə deyə bilərəm ki, nəticələrin müsbət olacağı gözlənilir. Yəni hakim AK partiyanın referendumdan qalib çıxacağı, siyasi mövqeyinin daha da güclənəcəyi gözləniləndir. Lakin bu, eyni zamanda mövcud siyasi hakimiyyət üçün özü ilə bərabər bir sıra risklər və çağırışlar da gətirəcək. Çünki Ərdoğanın və AK partiyanın hakimiyyətinin bundan artıq güclənməsini istəməyən çoxsaylı güclər var. Bu güclər isə həm ölkə daxilində, həm də onun xaricindədir. Ona görə də düşünürəm ki, bunun, iqtisadi, hərbi, təhlükəsizlik və sosial-siyasi sahədə nəticələri olacaq”.


Politoloq Əhəd Məmmədli isə bildirdi ki, son 3-4 il ərzində heç bir ölkəyə olmayan təzyiqlər, Türkiyə dövlətinə qarşı edildi:
“Biz bunu bir çox faktlarla sübut edə bilərik. Diqqət etsək, ”ergenekon", “balyoz” arxasında isə “gəzi parkı” hadisələri və davamında PKK terror dalğası, İŞİD-lə müharibə, FETÖ, hərbi qiyama cəhd, Rusiya və Avropa ilə münasibətlərin gərginləşməsi kimi faktları görə bilərik. Bundan başqa, eyni zamanda Amerika ilə də Türkiyənin münasibətləri soyudu, Türkiyənin milli valyutası olan lirəyə hücumlar oldu. Hesab edirəm ki, bütün bunlar Türkiyəyə ciddi zərbə vurmaq niyyəti güdürdü. Ancaq şükürlər olsun ki, Türkiyə dövləti ayaqda qala bildi. Çünki indiki zamanda Türkiyənin başında güclü siyasi hakimiyyət və lider durur. Bu baxımdan düşünürəm ki, bundan sonra daha nə təzyiq olsa da, Türkiyə ayaqda qalmağı bacaracaq. İnanmıram ki, əvvəlki kimi Türkiyədə geniş terror dalğası baş versin. Çünki istər Türkiyə daxilində, istərsə də xaricdə PKK-ya böyük zərbələr endirilir. Həmçinin İŞİD-ə da ən ciddi zərbələri Türkiyə vurdu və buna da davam edir. Əgər terror olsa belə, xalq yenə də əvvəllər olduğu kimi liderinin ətrafında sıx birləşəcək".

Türkiyə kirtik seçki həftəsinə girdi:


Ə. Məmmədli hesab edir ki, terror olmasa da Türkiyə ətrafında siyasi gərginlik artacaq:
“Xarici dövlətlərin xüsusi xidmət orqanları çalışacaqlar ki, Ərdoğan hakimiyyətinə qarşı qara piar təşkil etsinlər. Fikir versək, görərik ki, son bir həftədə sosial şəbəkələrdə, mediada ”hayırçı"ların bir hücumu başlayıb. Avropa mətbuatı da onlara necə lazımdırsa, dəstək verməkdədir. Almaniyanın qəzetlərində türk dilində “hayırçı”ları dəstəkləyən məqalələr çap olunur. Guya onlar Mustafa Kamal Atatürkün Türkiyəsini istəyirlər. Bu cür hücumlar yenə də davam edəcək. Ancaq hesab edirəm ki, referendumun nəticələrində qutudan “evet” çıxacaq. Güclü, müstəqil Türkiyə üçün bu, olduqca önəmlidir. Türkiyə bundan sonra daha da sabitləşəcək. Daxildə də həmçinin heç bir demokratiyanın boğulmasından söhbət gedə bilməz. Prezident üsul idarəsi təkcə Türkiyədə deyil, Amerikada, Fransada və digər ölkələrdə də var. Bəyəm orada demokratiya pozulur? Əksinə, müxalifət əgər bu seçkilərdə məğlub olarsa, nəticələr çıxarıb, fəaliyyətini daha da gücləndirəcək. Burada söhbət şəxslərdən getmir, sistem dəyişikliyindn gedir. Türkiyədə azad media, azad seçkilər mövcuddur. Son 20 ildə heç olmasa bir seçkinin doğruluğundan şübhə olunubmu? Bəllidir ki, olunmayıb. Ona görə də əgər bir ölkədə demokratik seçkilər, azad media varsa, prezident və ya parlament üsul idarəçiliyinin daxildəki demokratiyaya fərqli təsiri yoxdur. Türkiyədə əsas bu var, ona görə də heç bir narahatçılığa əsas yoxdur"./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26