Interposta.Info

İtaliyada TAP əleyhinə aksiyalarda

Dünya
 4-04-2017, 09:52     507

Şimal qonşumuz Avropada ona alternativ olacaq layihənin reallaşmasına mane ola biləcəkmi?; ekspertlərə görə, layihənin ləngiməsi təhlükəsi var

Azərbaycanın milyardlar qazandıracaq enerji layihəsi İtaliyada etirazlara səbəb olub. İtaliyada Azərbaycan qazını Avropaya çatdıracaq Transadriatik Qaz Kəmərinin (TAP) tikintisinə qarşı böyük etiraz aksiyası keçirilib. Ölkə mətbuatının məlumatına görə, etiraz aksiyaları ölkənin cənubunda yerləşən Apuliya bölgəsinin sakinləri tərəfindən kəmərin marşrutu üzərində baş tutub.

Aksiyalar zamanı polislə etirazçılar arasında toqquşmalar olub. Nəticədə xəsarət alanlar var. Sakinlər TAP kəmərinin keçəcəyi ərazidə çoxillik zeytun ağaclarının kəsilməsinə qarşı çıxırlar. İtaliyanın Ali Administrasiya Məhkəməsi qaz kəmərinin tikintisinin davam etdirilməsi barədə qərarı təsdiqləyib. Vilayət məhkəməsi TAP-ın tikintisi ilə bağlı şikayət etmişdi.
“EurasiaNet ttp://www.eurasianet.org/” saytında dərc edilən məqalədə Azərbaycanın, eləcə də Qərbin bu məsələdə Rusiyadan şübhələndiyi, Azərbaycan və ABŞ rəsmilərinin Rusiyanın əleyhinə fikirlər səsləndirdiyi qeyd edilir. Aksiyaların keçirilməsinə İtaliyanın rusiyameylli müxalifət liderlərinin də rolu var. Onlar bu yolla Rusiya rəhbərliyinin simpatiyasını qazanıb, onların dəstəyi ilə hakimiyyətə gəlməyi hədəfləyirlər.

2014-cü ildə NATO-nun o, vaxtkı baş katibi Anders Foq Rasmussen deyib ki, Rusiya ətraf mühit fəalları vasitəsilə yalan informasiya yayaraq, layihəyə mane olmağa, Avropanın Rusiyadan asılılığını saxlamağa çalışır. SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov isə TAP əleyhinə təbliğatın Rusiyanın məqsədlərinə xidmət etdiyini söyləyib.

interposta.info xəbər verir ki, “Yeni Müsavat”a açıqlamasında məsələyə münasibət bildirən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban da baş verən hadisələrdə Rusiyanın əli olmasını istisna etmədi: “İtaliya parlamentindəki müxalif deputatların da zeytun ağaclarının kəsilməsinə görə keçirilən aksiyaya qatılması o deməkdir ki, proses artıq böyüyüb. Parlamentdə 22 faizlə təmsil olunan müxalifət partiyasının mitinqlərdə iştirak etməsi və həmin partiya liderinin Rusiyaya isti münasibətinin bəlli olması da təsadüfi deyil. O, ”Azərbaycan qazı İtaliyaya lazım deyil" tipli bəyanatlar səsləndirib. Bildirib ki, İtaliya hökuməti ölkəsi üçün daha gərəkli olan layihələrə diqqət yönəldə bilərdi. Bütün bunlar ona dəlalət edir ki, burada Rusiyanın maraqları var. Bu ölkənin xarici siyasətinin və iqtisadi maraqlarının nəticəsi olaraq TAP layihəsinin Avropada reallaşmasında çətinliklər yaranır".

İlham Şabanın sözlərinə görə, Cənub Qaz Dəhlizi layihəsinin reallaşması Rusiyada qıcıq doğurur: “Rusiya rəsmiləri bəyanat verir ki, bu layihələr bir-birinə rəqib deyil, biz dost ölkələrik. Ancaq fakt bundan ibarətdir ki, 2020-ci ildə Azərbaycan qazı Avropa bazarına çıxacaq. Avropa öz qarşısına məqsəd qoyub ki, qaz bazarını identifikasiya edəcək. Bu identifikasiya isə Azərbaycan qazının hesabına olacaq. Nəticədə bazarda Rusiyanın payı azalacaq. Rusiya Avropa bazarında qaz satmaq imkanını müəyyən dərəcədə itirəcək. Ona görə də Rusiya bu bazarlar uğrunda mübarizə aparır. Digər tərəfdən, Rusiya özünün ”Türk axını" layihəsini reallaşdıra bilmədi, ancaq Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsi nə qədər mürəkkəb olsa da, reallığa doğru gedir. İtaliya layihənin həyata keçirilməsi ilə bağlı bütün qərarlarını verib, real addımlar atmağa başlayıb. Rusiyanın “Qazprom” şirkəti isə “Cənub axını” layihəsinin Avropaya çatdırılmasında bir sıra problemlərlə üzləşib. Avropanın Azərbaycan qazına şərait yaratması, eyni zamanda kəmərin istiqamətinin müəyyənləşdirilməsində yaxından iştirak etməsi, həmin münasibəti Rusiyaya göstərməməsi Moskvada qıcıq yaradır. Rusiyada bəzi dairələrdə TAP layihəsinə istehza ilə yanaşırdılar. Bu mənada müxtəlif metodlarla TAP layihəsinin qarşısına maneələr çəkilir. İtaliyanın cənubu kasıb bir bölgədir. Orada istənilən kəndliyə 100 avro versəniz, istənilən şüarla etiraz aksiyasına çıxarlar. Onlar üçün zeytun ağacları, sadəcə, bəhanədir. Çox təəssüf ki, Avropa Enerji Məsələləri üzrə Komissarlığının bu kimi hallarda hökumətlərə dəstək olmaq imkanı yoxdur ki, bu layihələrin reallaşmasına törədilən əngəllər aradan qalxsın. Onlar bildirirlər ki, TAP bizim üçün prioritet layihədir. Ancaq orada insan haqlarının üzərindən də keçə bilmərik. Bu isə o deməkdir ki, bu kimi məsələlər TAP layihəsinin gecikməsinə səbəb ola bilər. Yəni təhlükə var".

Politoloq Elxan Şahinoğlu da vurğuladı ki, Rusiya son zamanlar Avropadakı bütün müxalif hərəkatlara dəstək verir: “Artıq Fransada Mari Lipeni dəstəkləyirlər, çünki o Rusiyaya qarşı sanksiyaların aradan qaldırılmasının tərəfdarıdır. Lakin onun prezident seçilmək şansı o qədər də yüksək deyil. Hollandiyada millətçiləri dəstəkləyirlər. Ola bilər ki, İtaliyada da məhz o qüvvələri dəstəkləyirlər ki, onlar TAP-a qarşı çıxırlar. Zeytun ağaclarını bəhanə edərək prosesi yubatmağa çalışırlar. Çünki Rusiya da Türkiyə üzərindən eyni layihəni həyata keçirməyi planlaşdırır. Bu mənada indiyə qədər baş verən proseslərdə Rusiyanın ciddi marağı olub”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26