Interposta.Info

Prezident İlham Əliyevin Türkmənistan səfəri: Yeni əməkdaşlıq formatının başlanğıcı

Siyasət
 1-09-2025, 10:29     21 651

2025-ci il 22 avqust tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın Avaza şəhərinə səfər etmişdir. Bu səfər çərçivəsində Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə yüksək səviyyəli Zirvə görüşü keçirilmiş, mühüm sənədlər imzalanmışdır. Prezident İlham Əliyevin çıxışında vurğulanan məqamlar ölkələrimiz arasındakı strateji tərəfdaşlığın dərinləşdiyini, bölgədə yeni əməkdaşlıq mərhələsinin əsasının qoyulduğunu göstərir.

Prezident İlham Əliyev Avaza şəhərinin inkişafına xüsusi diqqət çəkərək bildirmişdir ki, Türkmənistanda sürətli abadlıq işləri həyata keçirilir. Onun sözlərinə görə, Qurbanqulu Məlikquliyeviçin müdrik rəhbərliyi nəticəsində yalnız Avaza deyil, bütün ölkə sürətlə inkişaf edir. Bu gün imzalanmış sənədlər arasında Avaza ilə Füzuli şəhərlərinin qardaşlaşması haqqında sənəd də var. İlham Əliyev bunu Azərbaycan və Türkmənistan xalqlarının əsrlərdən gələn qardaşlığının rəmzi kimi dəyərləndirmişdir.

Cənab Prezidentin sözlərinə görə, bu səfərdən öncə Türkmənistanın Lideri Azərbaycanda olmuş, birlikdə Bakı və Qarabağ bölgəsinə səfərlər etmişlər. Həmin görüşlərdə bir çox strateji məsələ müzakirə olunmuş, mövqelərin üst-üstə düşdüyü təsdiqlənmişdir. İlham Əliyev bildirib ki, iki ölkə bundan sonra da çiyin-çiyinə irəliləyəcək, bütün məsələləri dostluq və qardaşlıq şəraitində həll edəcək.

Prezidentin çıxışında diqqətçəkən məqamlardan biri Türkmənistanın Füzulidə məscid inşa etməsi ilə bağlı qərar oldu. Qurbanqulu Məlikquliyeviçin təşəbbüsü ilə verilən bu hədiyyə Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanmışdır. İlham Əliyev qeyd etdi ki, artıq memarlıq layihəsi hazırdır və yaxın vaxtlarda məscidin təməlqoyma mərasimi keçiriləcəkdir. Bu addım türkmən xalqının Azərbaycanla sarsılmaz qardaşlığının parlaq nümunəsidir.

Səfər zamanı Prezident İlham Əliyev Özbəkistanın Azərbaycana göstərdiyi dəstəkdən də geniş söz açmışdır. O, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Xankəndidə yaradılmış iri tikiş fabriki ilə tanışlığını xatırladaraq vurğuladı ki, bu müəssisədə hazırda 200-dən çox insan, əsasən qadınlar çalışır. Fabrikin genişləndirilməsi nəticəsində iş yerlərinin daha da artacağı nəzərdə tutulur.
Bundan əlavə, Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin də istifadəyə verilməsi Özbəkistan xalqının Qarabağın dirçəlişinə töhfəsi kimi dəyərləndirilmişdir. Prezident Əliyev bildirdi ki, hər dəfə bu məktəbin yanından keçərkən Azərbaycan xalqı qardaş özbək xalqına minnətdarlıq hissi duyur.
Prezident İlham Əliyev vurğulamışdır ki, Azərbaycanın ən çətin dövrlərində Özbəkistan daim yanında olmuşdur. Bu, sadəcə sözlə deyil, əməldə nümayiş etdirilən səmimi qardaşlıq münasibətləridir.

Zirvə görüşünün ən mühüm nəticələrindən biri Azərbaycan, Türkmənistan və Özbəkistan arasında üçtərəfli əməkdaşlıq formatının yaradılması barədə razılığın əldə olunmasıdır. Prezident İlham Əliyev qeyd etmişdir ki, dövlət qurumlarına artıq göstərişlər verilib və növbəti görüşədək konkret istiqamətlər üzrə təkliflər hazırlanacaq. Əməkdaşlıq sahələri sırasında nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft-qaz sənayesi və mədəni əlaqələr xüsusi yer tutur.

Səfərin yekununda Prezident İlham Əliyev vurğulamışdır ki, bu Zirvə görüşü tarixi əhəmiyyətə malikdir. Azərbaycan, Türkmənistan və Özbəkistan regionda yeni, perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq modelinin əsasını qoyur. Prezident çıxışının sonunda “xeyirli, uğurlu olsun” sözləri ilə bu formatın davamlı və faydalı olacağına əminliyini ifadə etmişdir.


Millət vəkili Rövşən Muradov

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26