Interposta.Info

 

“Azərbaycan “907-ci düzəliş”i münasibətlərin korlanmasına yol açan addım kimi qiymətləndirir” - RƏY + FOTO

Siyasət
 17-11-2023, 18:01     38 061

“Azərbaycan “907-ci düzəliş”i yardım kimi yox, münasibətlərin korlanmasına yol açan bir addım kimi qiymətləndirir”.
Bunu “Report”a açıqlamasında Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü, deputat Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, Azərbaycanın təkidi ilə “907-ci düzəliş”lə bağlı məsələ ABŞ senatında dəfələrlə qaldırıb:
“Hətta bir dəfə sadəcə dörd səslə həmin düzəlişin ləğvinə nail olunmayıb. Bildiyimiz kimi, “907-ci düzəliş” 2002-ci ildən bəri ABŞ prezidenti tərəfindən hər il dayandırılır. Bundan sonra Azərbaycana hansısa yardımların göstərilməsinə başlanılıb”.


Deputat bildirib ki, Azərbaycan hər zaman məsələni yardım kimi yox, münasibətlərin korlanmasına yol açan bir addım kimi qiymətləndirib:
“ABŞ hökuməti Ermənistana, o cümlədən keçmiş qondarma rejimə birbaşa yardımlar edib. Lakin Azərbaycana qarşı münasibət heç vaxt birmənalı olmayıb. Hesab edirəm ki, bütün bunları nəzərə alaraq Azərbaycan tərəfi də ciddi addımlar atmalıdır. Bu mənada, Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ-dəki görüşdən imtinası yerində verilən qərardır. Parlamentlərarası işçi qrupları arasında da əlaqə yaradılacaq və Azərbaycana qarşı ədalətsiz mövqe tutulduğu onların diqqətinə bir daha çatdırılacaq. Bu münasibət davam edərsə, başqa addımların da atılacağını düşünürəm”.
Qeyd edək ki, ABŞ Konqresinin yuxarı palatası Azərbaycana yardımla bağlı qadağanı nəzərdə tutan “S.3000” qanun layihəsini təsdiqləyib.
Senator Petersin təşəbbüsü ilə hazırlanan qanun Azərbaycanla bağlı “907-ci düzəliş”in qüvvəsini dayandırmamağı nəzərdə tutur.
Qanuna əsasən, ABŞ Prezidenti 2002-ci il Xarici Əməliyyatlar, İxracın Maliyyələşdirilməsi və Əlaqədar Proqramlar Aktının II Başlığına (İctimai Qanun 107-115) uyğun olaraq 2024 və ya 2025-ci maliyyə ili üçün ayırmalarla bağlı verilmiş ləğvetmə səlahiyyətindən istifadə edə bilməz.
Azadlığa Dəstək Aktına edilən 907-ci düzəlişə əsasən, ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsi qadağan edilib.
“907-ci düzəliş” 2002-ci ildən bəri ABŞ prezidenti tərəfindən hər il dayandırılır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26