Interposta.Info

Azərbaycan və Türkiyə liderləri Naxçıvanda hərbi kompleksin açılışında iştirak edib (FOTO/YENİLƏNİB)

Siyasət / Manşet
 25-09-2023, 18:11     377

Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak ediblər.

"İnterPosta" xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

16.36

Sentyabrın 25-də Naxçıvanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimi keçirilib.

"İnterPosta" xəbər verir ki, 2020-ci ilin dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 10 fevral 2022-ci il tarixli sərəncamına əsasən İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dövlət büdcəsindən müvafiq vəsait ayrılıb. Layihə 5 iyun 2023-cü il tarixində qəbul edilən "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb.

Diametri 16 düym (40 sm) olan boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Boru kəmərinin Azərbaycan hissəsinin uzunluğu 17,5 km, Türkiyə hissəsinin uzunluğu 80 km-dir. Boru kəməri gündə 2 milyon, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək. Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür.

Boru kəmərinin Azərbaycan hissəsinin tikintisi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi olan "SOCAR Midstream Operations” MMC, Türkiyə hissəsinin tikintisi BOTAŞ şirkəti tərəfindən icra edilir.

Boru kəmərinin Azərbaycan hissəsinin tikintisinə 2023-cü ilin iyul ayında start verilib. Bu günədək Azərbaycan hissəsində layihələndirmə və mühəndis işləri tamamlanıb, material və avadanlıqlar əraziyə gətirilib, xəttin 98 %-də torpağın münbit qatı götürülüb, 55 %-də xəndəyin qazılması aparılıb, boruların 92 %-i tras boyu düzülüb, qaynaq-quraşdırma işlərinin 82 %-i bitirilib və digər işlər görülüb. Layihə çərçivəsində mühəndis-inşaat nöqteyi-nəzərindən mürəkkəb tədbirlərin, o cümlədən Araz çayının altından üfüqi istiqamətlənmiş qazmanın aparılması nəzərdə tutulub.

İğdır-Naxçıvan qaz boru kəmərinin Azərbaycan hissəsinin tikintisinin 2024-cü ilin may ayında, Türkiyə hissəsinin tikintisinin 2024-cü ilin dekabr ayında tamamlanması planlaşdırılır.

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə təkbətək görüşdən sonra Azərbaycan və Türkiyə arasında sənədlərin imzalanma mərasimi keçirilib.

Qars-Naxçıvan dəmir yoluna dair niyyət protokolu imzalanıb. Sənədləri Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.

Prezidentlər həmçini mətbuata bəyanatla çıxış ediblər.

16.25

Sentyabrın 25-də Naxçıvanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə
təkbətək görüşü keçirilib.

"İnterPosta" xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

15.09

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvan şəhərində rəsmi qarşılanma mərasimi keçirilib.

"Report"un əməkdaşı xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı salamlayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan əsgərlərini salamlayıb.

Türkiyə və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Azərbaycan nümayəndə heyətinin üzvləri Türkiyə Prezidentinə, Türkiyə nümayəndə heyəti isə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib.

15:05


Sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib.

"İnterPosta" xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin dövlət başçısı R.T.Ərdoğanı qarşılayıb.

14:37

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri başlayıb.

"İnterPosta" xəbər verir ki, dövlət başçısının təyyarəsi Naxçıvan hava limanına enib.

Qeyd edək ki, Ərdoğanı səfərdə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, enerji və təbii sərvətlər naziri Alpaslan Bayraktar, ətraf mühit, şəhərçilik və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, ticarət naziri Ömer Bolat, Milli Kəşfiyyat İdarəsinin (MİT) rəisi İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun, Prezidentin baş müşaviri Akif Çağatay Kılıç, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çəlik və digər rəsmi şəxslər müşayət edirlər.

Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir.

Məlumata görə, dövlət başçıları İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlqoyma mərasimində iştirak edəcək və modernləşdirilmiş Naxçıvan Hərbi Kompleksinin açılışını edəcəklər.

Bundan başqa, Azərbaycan və Türkiyə liderləri Qarabağda lokal antiterror tədbirlərindən sonra erməni separatçılarının tərk-silah prosesini və Zəngəzur dəhlizinin açılması məsələsini müzakirə edəcəklər.

Dövlət başçılarının, həmçinin digər regional və ikitərəfli məsələlər barədə fikir mübadiləsi aparacaqları gözlənilir.

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26