Interposta.Info

XİN Paşinyanın Laçın sərhəddi ilə bağlı açıqlamasına cavab verib

 

Siyasət
 3-08-2023, 22:51     346

Azərbaycan Xarici İşlər Nazirliyi avqustun 3-də Paşinyanın hökumətin iclasında "Laçın sərhəd buraxılışı" ilə bağlı verdiyi açıqlamanı vəziyyəti gərginləşdirmək göstərici kimi qiymətləndirib. Bu barədə XİN-in yaydığı bəyanatda deyilir.

Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 3-də bildirib ki, Azərbaycan tərəfi 9 noyabr bəyanatının 6-cı bəndini kobud şəkildə pozur və humanitar yüklərin Xankəndinə aparılmasına imkan vermir.

"Ermənistanın baş naziri Nikol Paşinyanın 3 avqust tarixində hökumətin iclasında çıxışı zamanı növbəti dəfə Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti, eləcə də ərazi bütövlüyü və delimitasiya məsələsində beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirmək cəhdləri etməsi Ermənistan tərəfinin iki ölkə arasında normallaşma prosesinə müsbət töhfə vermək əvəzinə vəziyyəti gərginləşdirmək niyyətinin göstəricisidir. Ermənistan tərəfinin 15 iyun tarixində Azərbaycan tərəfindən tikilmiş Həkəri körpüsündə, Azərbaycanın suveren ərazisində Azərbaycan bayrağını ucaldan sərhədçilərimizə atəş açmasının baş nazir Paşinyanın Azərbaycan tərəfindən təxribat kimi təqdim etməsi bir daha Ermənistanın həyata keçirdiyi təxribatlara bəraət qazandırdığını nümayiş etdirir", -bəyanatda qeyd olunub.

Nazirliyin açıqlamasında qeyd olunub ki, Ermənistan sülh və sabitliyə maraqlıdırsa və Xankəndinə yaşayan vətəndaşlarını düşünürsə alternativ yol olan "Ağdam-Xankəndi" yolundan istifadə edə bilər.

Millət vəkili Aydın Hüseynovun fikrincə Paşinyanın çıxışı ölkələr arasında normallaşma prosesinə zərbə vurur.

"Bilirik həmin gün təxribatı qarşı tərəf törədib. Özü də, Azərbaycanın suveren ərazisində Azərbaycan hərbçisi bayraq ucaldan zaman. Bununla Ermənistan Baş naziri bir daha ərazi bütövlüyü və delimitasiya məsələsində beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirməyə cəhd göstərib. Bundan başqa o, Laçın yolunun bağlandığını iddia edib. Biz hər gün KİV-lərdə yoldan istifadə edən ermənilərin videolarının paylaşıldığını görürük. Yüklərin daşınmasına gəlincə isə, Azərbaycan hələ iyulun 15-də humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif kimi gündəmə gətirmişdi. Bu məsələ Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə baş tutan üçtərəfli görüşün növbəti raundunda müzakirə edildi. Bildirildi ki, Xankəndiyə Ağdam vasitəsilə humanitar yardımların daşına bilər. Bu həm də Dövlətimiz növbəti dəfə Qarabağın erməni sakinlərinə qarşı humanist addımıdır. Bunu mesaj kimi dəyərləndirsək, atılan addımın rəsmi Bakı beynəlxalq ictimaiyyətə Azərbaycanın erməni vətəndaşlarına hər cür dəstək verməyə hazır olduğunu bəyanı da adlandırmaq olar", - deputat vurğulayıb.

Avqustun 1-də Azərbaycan prezidenti İlham Əliyev "Euronews” telekanalına müsahibəsində deyib ki, Laçın sərhəd-buraxılış məntəqəsində hərəkət azadlığı bloklanmayıb.

İyulun 14-də Xankəndidəki erməni vətəndaşlar Azərbaycana qarşı aksiyaya başlayıblar. Separatçı rejimin rəhbəri Araik Arturyuan iyulun 17-də aksiyaya qoşulsa da iyulun 26-da aksiyanı dayandırdığını elan edib.

İyulun 11-də Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobillərində qaçaqmalçılıq faktlarının aşkarlanmasına görə Laçın sərhəd-keçid məntəqəsini müvəqqəti olaraq dayandırıb.

2023-cü ilin aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin quraşdırılmasını elan edib.

İyunun 15-də Ermənistan silahlı qüvvələri Laçın dəhlizində Azərbaycan sərhəd-buraxılış məntəqəsini atəşə tutub. Nəticədə Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi yaralanıb. Azərbaycan Xarici İşlər Nazirliyi baş verən hadisəni pisləyib və "beynəlxalq ictimaiyyəti Ermənistan tərəfinin bu təxribatını qətiyyətlə pisləməyə və Ermənistanı bölgədə sülh və sabitliyə hədə olan təcavüzkar hərəkətlərdən çəkinməyə" çağırıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26