Interposta.Info

Naxçıvan Ali Məclisinin sessiyası keçirilib, büdcə təsdiqləndi (YENİLƏNİB)

Siyasət
 10-01-2023, 14:35     309

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası başa çatıb.

"Report”un xəbərinə görə, Ali Məclis sədrinin birinci müavini Azər Zeynalovun rəhbərliyi ilə keçirilən toplantının gündəliyinə 4 məsələ daxil edilib.

Qanunverici orqanın sessiyasına Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Ali Məclisin deputatları, aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri qatılıblar.

Ancaq ilk dəfə olaraq Naxçıvan Ali Məclisinin sessiyasında 28 ildən sonra sabiq sədr, 7 saylı Aralıq Seçki Dairəsinin deputatı Vasif Talıbov və onun oğlu 25 saylı Naxçıvan şəhər Seçki Dairəsinin deputatı Seymur Talıbov iştirak etməyiblər.

İclasda 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi, Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi, eləcə də işsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi barədə məsələlər deputatların müzakirəsinə təqdim olunub.

Müzakirələrdən sonra toplantının gündəliyinə daxil edilən məsələlər səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, 2022-ci ilin dekabrın 21-də Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa verib. O, 1995-ci ilin dekabrın 16-dan bu günə qədər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri idi.

Ötən ilin dekabrın 22-də isə Prezident İlham Əliyevin sərəncamı ilə Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunub.

12.42

Bu gün altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilir.

APA xəbər verir ki, sessiyada 25 saylı Naxçıvan şəhər Seçki Dairəsindən seçilən deputat - Seymur Talıbov və 7 saylı Aralıq Seçki Dairəsindən seçilən deputat Vasif Talıbov iştirak etmir.

Digər deputatlar iclasda iştirak edir.

11.03

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilir.

"İnterPosta"xəbər verir ki, sessiya saat 11.00-da başlayıb. İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları;
2. Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi;
3. Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi;
4. İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi.

Sessiyada aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri iştirak edir.

Qeyd edək ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov dekabrın 21-də istefa verib. Ali Məclis sədrinin vəzifələrinin müvəqqəti icrası birinci müavin Azər Zeynalova tapşırılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26