Interposta.Info

Ceyhun Bayramov İran İslam Şura Məclisinin sədri ilə görüşüb

Siyasət
 4-07-2022, 20:27     341


İrana rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf ilə görüşüb.

"İnterPosta" Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə istinadən xəbər verir ki, nazir Ceyhun Bayramov 2020-ci ilin dekabr ayında İrana səfərini və səfər çərçivəsində keçirdiyi səmimi görüşə istinad edib, qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafındakı əhəmiyyətini ifadə edib.

Nazir Azərbaycan və İran prezidentlərinin Aşqabad şəhərində keçirdikləri görüşü, habelə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrlərinin görüşünü, İran XİN rəhbərinin Azərbaycana səfərini, eyni zamanda, xarici işlər nazirləri arasında baş tutan telefon danışıqlarının əhəmiyyətini, İran parlamentinin nümayəndə heyətinin Azərbaycana səfərini, parlamentlərarası əlaqələrin inkişafı və bu istiqamətdə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının görüşlərinin xüsusi əhəmiyyət kəsb etdiyi bildirib.

Ceyhun Bayramov əməkdaşlığın parlament ölçüsü üzrə İran Parlamentinin vitse-spikerinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransında iştirakını qeyd edib.

M.B.Qalibaf Azərbaycan və İran arasında mədəni və dini qardaşlıq əlaqələrinə istinad edərək İran İslam Respublikasının qonşu ölkələr ilə əlaqələrinin inkişafının prioritet məsələ olduğunu diqqətə çatdırıb. O, İran tərəfinin iqtisadi və ticari əlaqələrin inkişafında maraqlı olduğu vurğulayıb.

Məhəmməd Baqer Qalibaf Şərqi Zəngəzur İqtisadi Rayonu və Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantıların yaradılmasında İranın hər zaman dəstək verməyə hazır olduğunu və bu layihələrin həyata keçirilməsində İran tərəfinin qərarlı olduğunu bildirib. Eyni zamanda, İran İslam Respublikasının Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında bərpa və quruculuq işlərində iştirak etməkdə maraqlı olduğunu ifadə edib.

Nazir qarşı tərəfə cari regional vəziyyət, postmünaqişə dövründə Azərbaycanın sülhün və sabitliyin bərqərar olması üçün irəli sürdüyü təkliflər, bu istiqamətdə atdığı addımlar barədə məlumat verib.

Eyni zamanda, İranla sərhəddə Azərbaycanın 132 kilometrlik sərhədinin işğaldan azad edilməsinin əməkdaşlıq üçün yeni imkanlar yaratdığı qeyd edilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib, regionda sülh və sabitliyin təmin olunmasının əhəmiyyəti vurğulanıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26