Interposta.Info

Vladimir Putin İlham Əliyevi təbrik etdi

Siyasət / Manşet
 24-12-2021, 14:23     619

Dekabrın 24-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

"İnterPosta"nın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dövlətimizin başçısını yubileyi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Rusiya Prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edərək, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

Telefon söhbəti zamanı Soçi görüşü məmnunluqla xatırlanıb, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

Vladimir Putin İlham Əliyevə təbrik məktubu da yazıb. Təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

60 illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz ən çətin vəziyyətlərdə belə balanslı, uzaqgörən qərarlar qəbul etməyə qadir olan müdrik və təcrübəli dövlət xadimi kimi həmvətənlər arasında və beynəlxalq aləmdə layiqli nüfuza sahibsiniz. Sizin rəhbərliyiniz altında Azərbaycan iqtisadi, sosial və digər sahələrdə hamı tərəfindən qəbul edilmiş uğurlara imza atıb.

Yoldaşlıq münasibətimizi yüksək qiymətləndirirəm. Sizinlə konstruktiv, məzmunlu dialoqun və Rusiya-Azərbaycan strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsi, eləcə də regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi maraqları naminə sıx birgə işi davam etdirməkdən şad olaram.

Sizə səmimi-qəlbdən cansağlığı, firavanlıq və uğurlar arzulayıram. Fürsətdən istifadə edib, ailənizə ən səmimi salamlarımı çatdırmaq istərdim”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26