Interposta.Info

Ermənistanın kapitulyasiya aktına imza atmasından bir il ötür

Siyasət / Manşet
 10-11-2021, 09:08     440

Ermənistanın kapitulyasiya aktına imza atmasından bir il ötür

Bu gün Ermənistanın İkinci Qarabağ müharibəsində məğlubiyyətini anlayaraq kapitulyasiya aktını imzalamasından bir il ötür.

İşğalçı ölkə tərəfindən məğlubiyyət aktını Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. Belə ki, ötən il sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın müddət ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal altında saxlanılan torpaqların azad olunması uğrunda döyüşlərə başlayıb. Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatlarına o zamankı bütün cəbhəboyu istiqamətlərdə start verilib.

Müharibə dövründə Azərbaycan Ordusu düşmən tapdağı altında olan torpaqları hər gün kəndbəkənd, şəhərbəşəhər azad edib. Azərbaycanın əzəli torpaqlarını işğal edən və bu torpaqlarda yaşayan azərbaycanlıları ata-baba yurdlarından didərgin salan düşmən isə döyüş meydanında məhv edilib. Düşmənin sağ qalan silahlıları isə torpaqlarımızdan qovulub.

Hər gün yeni-yeni qələbələrə imza atan Azərbaycan hərbçisi nəinki erməni işğalçılarını məhv edib və torpaqlarımızdan qovub, hətta düşməndən qənimət kimi ələ keçirdiyi hərbi texnikalardan və silah-sursatlardan elə ermənilərin özlərinə qarşı istifadə etməyə başlayıb. Azərbaycan Ordusunun döyüş meydanında nümayiş etdirdiyi qəhrəmanlıq və şücaət düşməni lərzəyə gətirib. Ona görə də bu qəhrəmanlığın qarşısında duruş gətirə bilməyən erməni hərbçiləri təkcə döyüş meydanından deyil, eləcə də ordudan qaçmağa başlayıblar. Məhz bu səbəbdən İkinci Qarabağ müharibəsində Ermənistan ordusunda fərarilərin sayı on minlərlə olub.

Ordumuzun hələ döyüş əməliyyatlarının başlanıldığı ilk gündə bir neçə yaşayış məntəqəsini işğaldan azad etməsi düşmənin şəxsi heyəti arasında vahimə və qorxu yaradıb. Hər addımda məhv edilən düşmən hərbçiləri çıxış yolunu yalnız geri çəkilməkdə görüblər və sağ qalanlar bununla canlarını qurtarmağa çalışıblar.

44 gün davam edən döyüşlər zamanı 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun bir neçə kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.

Azərbaycan Ordusunun noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etməsi düşmənin faktiki olaraq məğlubiyyətinə səbəb olub. Artıq həm şəxsi heyət, həm də hərbi texnika və silah-sursatının tükəndiyini görən Ermənistanın hərbi-siyasi rəhbərliyi məğlubiyyətini anlayıb və atəşkəslə bağlı sənədi imzalamağa razılıq verib. Bununla da rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edib.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bununla da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub. Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları sülh yolu ilə Azərbaycana qaytarılıb.

Əvvəlcə bəyanatın üç ölkənin başçısı tərəfindən videokonfrans vasitəsilə imzalanması nəzərdə tutulub. Amma sonradan Ermənistanın Baş naziri Nikol Paşinyan üçtərəfli bəyanatı dünya ictimaiyyəti qarşısında imzalamaqdan imtina edib. O, ölkəsinin kapitulyasiya aktına gizlincə imza atıb.

Bununla da Azərbaycan döyüş meydanında olduğu kimi, siyasi meydanda da tam qələbə qazanıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26