Interposta.Info

Amerika jurnalı Şuşadan yazır: "Döyüş meydanı turizm məkanına çevrilir"

Siyasət
 29-10-2021, 14:28     400

ABŞ-ın “Foreign Policy” jurnalında Azərbaycanın 2020-ci ilin 44 günlük müharibəsində azad etdiyi Şuşa şəhərindən yazı dərc olunub. “Müharibə xarabalığından turizm kurortu baş qaldırır” adlı yazının müəllifi Liz Kukmandır.

Əsası 1750-ci ildə qoyulan Şuşa şəhəri 1992-ci il mayın 8-dən 2020-ci il noyabrın 8-dək Ermənistanın işğalı altında olub. 2021-ci il mayın 7-də Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.

Novator.az saytının məlumatına görə, Liz Kukman “Foreign Policy” jurnalında dərc olunmuş məqaləsində yazır ki, Azərbaycanın qələbəsinə möhür vuran yüksək dağ zirvəsindəki Şuşa şəhəri Ermənistanla 44 günlük müharibənin ən qanlı döyüş meydanlarından olub: “Müharibənin başa çatmasından bir il keçir və indi Azərbaycan Şuşanı turist şəhərinə çevirməyə çalışır. Şuşanın həndəvəri minalardan təmizlənib, şəhərlə Azərbaycanın digər əraziləri arasında nəqliyyat əlaqələri qurulur. Bu həftə Füzuli rayonunda ilk hava limanının rəsmi açılışı olub. 10 ay ərzində Füzulidən Şuşaya 60 millik Zəfər yolu çəkilib”.

Məqalədə qeyd olunur ki, Şuşanın döyüş meydanından turizm məkanına çevrilməsi Azərbaycanın işğaldan azad etdiyi bölgələrin inkişafı istiqamətindəki layihələrinin bir hissəsidir: “Dağlıq Qarabağ və ona bitişik 7 rayon beynəlxalq səviyyədə Azərbaycan əraziləri hesab olunur. Həmin ərazilər ötən əsrin 90-cı illərindən bəri, yəni Birinci Qarabağ müharibəsi dövründən Ermənistanın nəzarəti altında qalmışdı. İndi Dağlıq Qarabağın böyük hissəsi ermənilərin nəzarətində qalsa da, Azərbaycan azad etdiyi torpaqların bərpasına çalışır. Azad olunmuş bölgələrdə elektrik xətləri çəkilir və yollar salınır”.

Məqalədə bərpa işinin sıfırdan başlandığı vurğulanır: “Azad olunmuş torpaqların bir hissəsi tamamilə dağıdılıb. Həmin ərazilər birinci müharibənin xarabalıqları, eləcə də ötən il ermənilərin buraları tərk edərkən yandırdığı evlərin qalıqları ilə doludur.

Təmizlənməmiş minalar tikinti-quruculuq işlərinin aparılmasına mane olur. Ancaq bəzi xarici sərmayəçilərin, o cümlədən BP kimi neft-qaz nəhənginin bu istiqamətdə Azərbaycana yardım göstərəcəyi bildirilir”.

Liz Kukman yazır ki, Azərbaycan Xarici İşlər Nazirliyi I Qarabağ müharibəsi zamanı torpaqlarından didərgin düşmüş 750 min azərbaycanlının bir hissəsinin gələn ildən öz yurd-yuvasına qayıda biləcəyini bəyan edib. Ancaq nazirlik Şuşa sakinlərinin köçürülməsi prosesinin bir qədər uzanacağını bildirib.

Məqalədə vurğulanır ki, Şuşanın yenilənməsi milli ruhun yüksək olduğu Azərbaycanda rəğbətlə qarşılanır: “Ancaq buna öz dədə-baba torpaqlarından didərgin düşənlər qədər heç kim sevinə bilməz. I Qarabağ müharibəsinə qədər Şuşanın 16 min sakini olub. İşğaldan sonra onlar on illərlə müvəqqəti olaraq Azərbaycanın digər bölgələrində məskunlaşıblar. İndi onlar öz torpaqlarına qayıdırlar”.

Atasını 1992-ci ildə erməni qoşunlarının şəhəri işğal etdiyi gün itirən bir şuşalı “Foreign Policy” jurnalına deyib ki, ailələri Bakıda məskunlaşıb: “Bakı yaxşıdır, ancaq mənim üçün Şuşadan əziz yer yoxdur. Biz Şuşaya qayıdacağımız günü çox gözləmişik…”

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26