Interposta.Info

Azərbaycan Türkiyənin sülhməramlı mandatına daxil edilməsinə nail ola bilərmi?

Siyasət
 7-09-2021, 18:26     389

"Bakı Qarabağda birgə patrul xidmətini həyata keçirmək üçün Türkiyə hərbçilərinin də sülhməramlı qüvvələr tərkibində bölgəyə daxil olmasına nail olmalıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Azərbaycanın Türkiyənin də Qarabağda sülhməramlı missiyanı həyata keçirən qüvvələrin tərkibinə daxil edilməsinə nail ola bilərmi sualını cavablandırarkən deyib. Politoloqun fikrincə, bunun üçün Suriyadakı prosesi Qarabağa da daşımaq lazımdır:

"Rusiya sülhməramlı missiyanı həyata keçirmir. Azərbaycan da o səbəbdən sülhməramlı qüvvələrin mandatı məsələsini gündəmə gətirir və onunla bağlı yeni əsasnamənin hazırlanbmasını tələb edir. Rusiya isə bununla razılaşmır. Belə vəziyyətdə Azərbaycan ən azından bölgədə birgə patrul xidmətini həyata keçirmək üçün Türkiyə Silahlı Qüvvələri dəstələrinin də sülhməramlı qüvvələrin tərkibinə daxil olmasına nail olmalıdır. Suriyada bir sıra yolların qorunmasında Türkiyə sülhməramlıları Rusiya ilə birgə patrul xidməti həyata keçirir. Eyni prosesi Qarabağa da etmək olar”.



Həmsöhbətimiz onu da vurğulayıb ki, rus sülhməramlıları özlərini doğrulda bilmədiyindən, prosesdə Türkiyə də iştirak etməlidir:

"İlk dövrlərdə belə düşünülürdü ki, Qarabağda sülhməramlı qüvvələr qismində həm Rusiya, həm də Türkiyə hərbi qüvvələri iştirak edəcək. Sonradan Rusiya bu məsələdə müəyyən əngəllər yaradaraq, Türkiyənin prosesə daxil olmasına imkan vermədi. Yalnız Türkiyə ilə Rusiya arasında birgə Monitorinq Mərkəzini yarada bildik. Ötən müddət ərzində Rusiya sülhməramlıları sırf ermənipərəst mövqeyilə özlərini gözdən saldılar. Bölgə Azərbaycanın ərazisi olmasına baxmayaraq, buradakı rus sülhməramlıları ermənilərin qaytarılması, onlara humanitar yardım göstərilməsi istiqamətində fəaliyyət göstərirlər. Amma rus qüvvələrinin gözü qarşısında Qarabağda silahlı erməni dəstələri fəaliyyət göstərir və onlar Azərbaycan Silahlı Qüvvələrinə atəş açırlar. Bu hal onu göstərir ki, rus sülhməramlı qüvvələri Dnestryanıda, Cənubi Osetiya və Abxaziyada olduğu kimi özlərini doğrulda bilmirlər”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26