Interposta.Info

Partiya sədri başqa bir partiyanın yoxlanılmasından danışdı: “30 il gecikib”

Siyasət
 16-07-2021, 11:48     511

"Hesablama Palatasının Yeni Azərbaycan Partiyasında yoxlamalar aparması tam normal hadisədir. Əslində, 30 ilə yaxın müddət ərzində ölkənin iqtidar partiyası olaraq fəaliyyət göstərən, bu zaman kəsiyində dövlət büdcəsindən milyonlarla vəsait alan təşkilatda yoxlama aparılmaması normal hal deyildi”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib. O hesab edir ki, büdcədən ayrılan vəsaitin xərclənməsi prosesinin şəffaflığı mühüm məsələdir:

"Vergi ödəyicisi olaraq dövlət büdcəsinin formalaşmasında bilavasitə iştirak edən hər bir Azərbaycan vətəndaşının həmin vəsaitin hansı məqsədlər üçün və hara istifadə olunmasını bilmək hüququ vardır. Xüsusilə də, ən azından son iki il ərzində bu partiyanı təmsil edən bir sıra icra başçılarının, nazir, nazir müavini və digər yüksək ranqlı dövlət məmurlarının dövlət vəsaitlərini mənimsəmə, talama, rüşvət və korrupsiya ittihamları ilə məsuliyyətə cəlb edilərək həbs olunmaları fonunda YAP-a ayrılan maliyyə vəsaitinin təyinatı üzrə xərclənməsi ilə bağlı cəmiyyətdə ciddi şübhələrin olduğu da sirr deyil. Bu baxımdan həm hakim partiyada, həm də qanunvericiliyə müvafiq olaraq Parlamentdə təmsilçilikləri səbəbi ilə büdcədən maliyyələşən digər partiyalarda anoloji yoxlamaların aparılması qanunauyğundur və zəruridir”.

Arzuxan Əlizadə bildirib ki, AMİP 2000-ci ildən bu vaxtadək Parlamentdən kənarda saxlanıldığı səbəbi ilə dövlət büdcəsindən maliyyələşməyib:
"Partiya bu dövr ərzində üzvlərdən yığılan üzvlük haqları və ianələr hesabına çətinliklə də olsa, ayaq üstə qala və fəaliyyətini qura bilib. Buna baxmayaraq "Siyasi Partiyalar haqqında” mövcud Qanuna müvafiq olaraq hər ilin birinci rübündə Partiyanın maliyyə hesabatı audit yoxlamasının rəyi ilə birlikdə Bərkəzi Seçki Komissiyasına təqdim olunub və adı çəkilən qurumun internet saytında yerləşdirilərək ictimaiyyətə təqdim olunub”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26