Interposta.Info

Overçuku Bakıya gətirən SƏBƏBLƏR

Siyasət
 14-07-2021, 09:28     229

İlham Əliyev Rusiya baş nazirinin müavini, kommunikasiyanın bərpası üzrə üçtərəfli işçi qrupun həmsədri Aleksey Overçuku qəbul etdi. Əsas müzakirə mövzusu təbii ki, Ermənistan tərəfindən sərhəd məsələsinə görə birtərəfli qaydada dayandırılan üçtərəfli işçi qrupunun fəaliyyətinin bərpasıdır.

Üçtərəfli işçi qrupunun fəaliyyətinin bərpası ilə bağlı razılıq əldə olunub, lakin bu, yalnız Ermənistanda hökumət formalaşdırıldıqdan sonra mümkün olacaq. O zaman sual yaranır: Overçuk niyə indi Bakıya gəlib və onu gətirən səbəblər nədir?

1. Moskvada Putin-Paşinyan görüşündə üçtərəfli razılaşmaların icrası ilə bağlı konkret müzakirələr aparılıb və mümkündür ki, Overçuk detalları Bakıya təqdim edir.;

2. Rusiya üçüncü qüvvələrin müdaxiləsinə imkan yaratmamaq üçün üçtərəfli razılaşmaların icrasına, xüsusilə kommunikasiyanın bərpasına tələsir və Ermənistanda hökumət formalaşan kimi konkret nəticələr əldə etmək niyyətindədir: Putin Paşinyanla müzakirədən sonra Əliyevlə canlı təmasda detalları dəqiqləşdirir;



3. Rusiyanın kommunikasiyanın sürətli bərpasında əsas hədəfi Ermənistanla quru əlaqədə Gürcüstan marşrutuna alternativ əldə etməkdir: ruslar üçün əsas alternativ marşrutun Qazax-İcevan yolu olduğu görünür, üçtərəfli işçi qrupu çərçivəsində müzakirə olunan mövzulardan biri də budur; istisna deyil ki, Rusiya bu marşrutun daha tez açılmasında maraqlıdır və Overçukun Bakıya qədər gəlməsinin səbəblərindən biri də bu ola bilər;



4. Burada əsas həll edilməli məsələ Qazaxın işğal altında qalan 7 kəndinin taleyidir, çünki adıçəkilən yol Bərxudarlı üzərindən keçir və bu kommunikasiyanın bərpası üçün öncə həmin kəndlərin taleyi həll edilməlidir, Bakının əsas tələbinin də bu olduğu ehtimalı böyükdür: üçtərəfli işçi qrupunun Ermənistan tərəfdən olan həmsədri Mher Qriqoryan dünən (13 iyul) erməni mediasında müsahibəsində bildirdi ki, “Tavuş (Qazax istiqaməti) bölgəsində dəmiryolu və avtomobil yolunun bərpası gündəmdədir”; Overçukun Bakı səfərində mümkündür ki, kəndlərin taleyi ilə bağlı detallar da müzakirə olunub.


Gözləniləndir ki, Paşinyanın Moskva səfərindən sonra İlham Əliyevlə Putinin də görüşü keçirilsin. Məqsəd Ermənistanda hökumət formalaşandan sonra Moskvada mümkün üçtərəfli görüşə hazırlaşmaqdır və istisna deyil ki, Overçukun indi Bakıya səfərinin əsas məqsədi də Əliyevin proseslərlə bağlı mövqeyini dəqiqləşdirməkdir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26