Interposta.Info

Çevrilişlər və qətliamlar ölkəsi Myanmanın qanlı dosyesi

Siyasət / Paradoks
 1-02-2021, 22:18     1 106

6 illik fasilədən sonra yenidən hərbi xunta hakimiyyətə gəldi
Myanma yenidən dünyanın xəbər agentliklərinin gündəmindədir. Buna səbəb hərbçilərin çevriliş edərək hakimiyyəti ələ keçirməsidir.

Fevralın 1-də səhər saatlarında çevriliş etmiş hərbçilər ölkənin prezidenti və hakim partiyanın bir çox rəsmilərini həbs edib. Ölkədə 1 illik hərbi vəziyyət elan olunub. Hakimiyyət silahlı qüvvələrin ali baş komandanı, general Min Aun Hlayna keçib. Dövlət teleradio kanalının yayımı dayandırılıb, onun sosial şəbəkələrdəki hesabları dondurulub. Paytaxt Yanqonun bəzi hissələrinə ordu qüvvələri yeridilib. Həbs edilənlərdən biri ölkənin faktiki baş naziri Suu Kyidir.

Ordunun hərbi çevriliş etməsinin “səbəbi” seçkilərlə bağlıdır. Hərbi komandanlıq çevrilişi ötən ilin noyabrında keçirilmiş seçkilərdə baş vermiş saxtakarlıqla əlaqələndirib. BMT, ABŞ və bir sıra dövlətlər hərbi çevrilişi pisləyiblər.

Hərbi çevriliş Myanma üçün qeyri-adi hal deyil. Bu ölkəni uzun illər ordu, yəni generalların xuntası idarə edib. Ordu yalnız 2015-ci ildə, uzun sürən mübarizədən sonra idarəçiliyi seçkilərlə formalaşmış mülki hökumətə verməyə razı olub. Bundan sonra keçirilmiş seçkilərdə qalib olmuş Aunq San Suu Kyi hakimiyyətə gəlib. Gözləntilərə və azadlıq mübarizi elan olunmasına baxmayaraq, Aunq San ölkədə ciddi siyasi, sosial dəyişikliklərə səbəb ola bilməyib. Ən pisi isə odur ki, Myanmanın müsəlman əhalisi olan Arakan sakinlərinə qarşı ayrı-seçkilik və soyqırıma son qoyulmayıb.



General qızı olan Aunq San Suu Kyi uşaq olarkən atasını itirib. Gəncliyində hərbi xuntaya qarşı siyasi mübarizəyə qoşulmuş Aunq San təxminən 15 illik müddətə həbs edilib. 1991-ci ildə həbs olduğu zaman apardığı mübarizəyə dəstək olmaq məqsədilə ona Nobel sülh mükafatı verilib. Aunq Sanın lideri olduğu Milli Demokratiya Liqası 25 il sonra - 2015-ci ildə keçirilmiş ilk seçkilərdə qalib gələrək hökumət qurub. Aunq San baş nazir ola bilməsə də, lideri olduğu partiya hakimiyyətə gəlib. Ölkənin faktiki idarəçisi olub. Ancaq bu, Myanmada sülhə, xüsusən də Arakanın müsəlman əhalisinə qarşı zorakılığa son qoymayıb.



Aunq San Suu Kyi

2017-ci ildə Arakanda ordunun müsəlman əhaliyə qarşı başlatdığı növbəti qətliam bütün dünyada ciddi narahatlıq doğursa da, Suu Kyi buna etiraz etməyib, hətta cinayəti ört-basdır etməyə çalışaraq müsəlmanlara qarşı soyqırım olmadığını iddia edib. Bu səbəbdən Beynəlxalq Amnistiya Təşkilatı Kyiyə verilən mükafatı geri alıb. BMT isə onu arakanlılara qarşı cinayətlərin iştirakçısı hesab edib.

Köhnə adı Birma olan Myanma isə artıq bir neçə onillikdir ki, hərbi xunta və müsəlman sakinlərə qarşı soyqırım hadisələri ilə dünya gündəmini zəbt edir.

Myanmanın şimal-qərbində, Banqladeşlə sərhəd əyalət olan Arakanda (rəsmi adı Rakhine – K.R) yaşayan müsəlman rohinja xalqına qarşı ayrı-seçkilik, düşmən münasibət 70 ildən çoxdur davam edir. Hələ 1940-cı illərdə Myanma müstəqil olmazdan əvvəl Rohinja müsəlmanları təşkilatlanaraq müstəqillik mübarizəsi başladıb. O zamandan etibarən yerli buddist inanclı xalqla müsəlmanlar arasında ilk münaqişə baş verib. II Dünya müharibəsi zamanı yaponlar Myanma ərazilərini işğal edib və etnik münaqişə daha da böyüyüb. 1946-cı ildə isə arakanlılar yeni qurulmuş Pakistan dövlətinə müraciət edərək onlara birləşmək istədiklərini bildiriblər. Sonradan Arakanda təşkilatlanan Rohinja müsəlmanlarının Birma hakimiyyətindən muxtariyyət tələbləri rədd edilib, baş qaldırmış müsəlman üsyanları Birma ordusu tərəfindən yatırılıb.



Min Aun Hlayn

800 min nəfərə yaxın rohinjalıların bir çoxu hələ də vətəndaşlıq ala bilməyib. Myanma hökuməti ölkə əhalisinin 4 faizini təşkil edən və əksəriyyəti Arakan bölgəsində məskunlaşan müsəlmanları gəlmə (ötən əsrin ortalarında ingilislər tərəfindən Benqaldan köçürülmüş – K.R.) hesab etsə də, rohinjalılar özlərini müsəlmanlaşmış yerli xalq hesab edir.

II Dünya müharibəsindən sonra başlamış və 1960-cı illərə qədər davam etmiş Arakan müsəlmanlarının üsyanları zamanı silahlı müsəlmanlar uzun müddət Birma-Banqladeş sərhəd bölgəsini əllərində saxlaya bilib. Lakin hökumət yenə də üsyanı yatırıb və müsəlman liderlərinin əksəriyyətini məhv edib.

1962-ci ildə baş vermiş hərbi çevrilişə qədər Birmada əksər arakanlı müsəlman üsyançı ya məhv edilib, ya da hökumətə təslim olub.

Banqladeşdə baş vermiş vətəndaş müharibəsindən təsirlənmiş və silah əldə etmiş arakanlı müsəlmanlar yenidən fəallaşıb, 1971-1974-cü illərdə hökumətə silahlı müqavimət göstərib. Ancaq 1974-cü ildə müsəlmanlar yenidən məğlub olub və bir çox üsyançılar Banqladeşə qaçıb. Bu hadisə Birmada ilk silahlı islamçı hərəkat olub.



1970-ci illərdə Arakanda silahlı islamçı hərəkatlar meydana çıxıb. Lakin Birma hökuməti cihad qruplarına və xalqa qarşı amansız davranıb. Banqladeşlə sərhədi nəzarətə alan Birma ordusu on minlərlə müsəlmanı evindən didərgin salıb, xeyli günahsız insanı öldürüb. Bu hadisələr müsəlmanlar arasında mərkəzi hökumətə qarşı nifrəti daha da artırıb.

1974-cü ildə qurulmuş Rohinja Vətənpərvərlər Cəbhəsi, 1980-ci illərdə isə Məhəmməd Yunisin rəhbərlik etdiyi Rohinja Həmrəylik Təşkilatı dünyadakı müsəlman cihadçı təşkilatlarla yaxından əməkdaşlıq edib. 1986-cı ildə Arakan Rohinja İslam Cəbhəsi adlı təşkilat qurulub. Bu təşkilatlar həmin vaxt Əfqanıstanda davam edən cihad hərəkatı ilə yaxından əməkdaşlıq edib. Mediada əl-Qaidənin arakanlı cihadçı qruplara təlim keçməsi haqqında materiallar yayılıb.

1992-ci ildə Birma və Banqladeş arasında baş vermiş sərhəd gərginliyi toqquşmalara çevrilib, nəticədə həmin ilin aprelində 250 min arakanlı müsəlman zorla Banqladeşə köçürülüb. Bu hadisədən sonra müsəlman ölkələri Birmaya qarşı sərt etiraz edib. Hətta Səudiyyə Ərəbistanı şahzadəsi Xalid Sultan Əbdüləziz Birmaya qarşı koalisiya quraraq müharibə elan edilməsini təklif edib. Ancaq bu təklif və çağırışların hamısı söz olaraq qalıb.



1998-ci ildə Rohingiya Həmrəylik Təşkilatı və Arakan Rohingiya İslam Cəbhəsi “Rohinja Milli Şurası” adı altında birləşib. Bu təşkilatın hərbi qanadı olan “Rohinja Milli Ordusu” adlı təşkilat qurulub.

Birma hökuməti və bəzi “Wikileaks” sənədlərində bu qruplaşmaların əl-Qaidə və Talibanla əlaqələri haqqında iddialar ortaya atılıb. Məhz bu amilə görə Qərbdə zaman-zaman Arakan müsəlmanlarına qarşı olan basqılara göz yumulub.

Son olaraq 2012-ci ildə yerli buddist qadının müsəlman gənclər tərəfindən təcavüzə məruz qalması iddiası etnik münaqişəni alovlandırıb. Cinayət törətməkdə ittiham edilən 3 nəfər həbs olunsa da, Myanmadakı yerli millətçi qruplar bundan müsəlmanlara qarşı zorakılıq üçün istifadə ediblər. Baş vermiş toqquşmalarda 90-a yaxın müsəlman öldürülüb, 2500 ev yandırılıb, 90 min nəfər sürgün olunub.

Həmin ilin avqustunda Arakan müsəlman liderləri Şimali Arakanda “Rahmanland İslam Respublikası” elan ediblər.
BMT-nin 2017-ci ilin martında açıqlanmış hesabatına əsasən, Myanmada ordu və polis müsəlmanlara qarşı insanlıq əleyhinə cinayət törədib.

Nobel sülh mükafatı almış dissident siyasi lider, həmin vaxt Myanma hökumətinə rəhbərlik edən Aunq San Suu Kyi hadisəyə seyrçi qalıb, hətta BBC-yə müsahibəsində müsəlmanlara qarşı cinayətləri ört-basdır etməyə çalışıb.

Qeyd edək ki, XX əsrin ortalarına qədər Böyük Britaniyanın müstəmləkəsi olan Hindistanın əyaləti Birma 1948-ci ildə müstəqillik əldə edib. Lakin 1962-ci ildən bu yana ölkədə hərbçilərin diktaturası hökm sürüb, diktaturaya qarşı xalq üsyanları baş verib.

2007-ci ildə buddist rahiblərin özlərini yandırması ilə tarixə düşmüş etirazlar hərbi diktatura tərəfindən yatırılsa da, hərbçilər sonrakı illərdə yumşalmaya gediblər.

Nəhayət, beynəlxalq aləmin təzyiqləri nəticəsində konstitusiyaya dəyişiklik edilib və 2010-cu ildə ölkədə respublika qurulub.

2015-ci ildə uzun illərdən sonra ilk dəfə seçkilər nəticəsində mülki hakimiyyət formalaşdırılsa da, xarici güclərin rəqabət meydanı olan Myanmada hərbçilər yenidən hakimiyyətə qayıtdı.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26