Interposta.Info

Bunu Azərbaycan özü edəcək - Polad Bülbüloğlu

Siyasət
 7-10-2020, 22:12     555

"Ermənistanın Baş nazirinin son vaxtlar bəyan etdiyi “Qarabağ Ermənistandır və nöqtə” sözləri ATƏT-in Minsk qrupunun 28 il ərzində apardığı işin üstündən xətt çəkdi və danışıqların davam etdirilməsi mənasız oldu".

Bunu Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu TASS agentliyinə müsahibəsində deyib. O bildirib ki, Ermənistanın siyasəti Azərbaycanı cavab tədbirləri görməyə sövq edib:

“Azərbaycan tərəfi Ermənistan rəhbərliyinin danışıqların formatını dəyişmək cəhdləri ilə, habelə istər təmas xəttində, istərsə də ondan uzaqlarda təxribatlarla üzləşdi”.

Səfir həmçinin beynəlxalq ictimaiyyətin hazırkı vəziyyətdə susduğunu söyləyib:

“Beynəlxalq birlik hər şeyi görməzliyə vurmaq mövqeyi tutdu və guya heç nə baş verməmiş kimi, susmağa üstünlük verdi. Bu mövqe təcavüzkarın əl-qolunu tamamilə açdı və o, yeni ərazilər tutmaq üçün müharibəyə hazırlaşdığını bəyan etməyə, Azərbaycanın dinc şəhərlərini və kəndlərini intensiv atəşə tutmağa, təxribatlar törətməyə və özünün cəzasızlığını nümayiş etdirməyə başladı”.

P.Bülbüloğlu Azərbaycan cəmiyyətinin Prezident İlham Əliyevin yürütdüyü xətti tamamilə dəstəklədiyini vurğulayıb:

“Hamı bir nəfər kimi bizim Ali Baş Komandanın ətrafında sıx birləşib. Ölkəmizin müasir tarixində ilk dəfədir ki, bütün siyasi partiyalar - onların sayı 50-dən çoxdur - o cümlədən müxalifət partiyaları Prezidentin yürütdüyü, işğal olunmuş ərazilərin azad edilməsinə yönəlmiş fəaliyyət xəttini tamamilə dəstəklədiklərini bəyan ediblər. Bizim Prezidentin dediyi kimi: “Əgər beynəlxalq ictimaiyyət beynəlxalq qətnamələrin yerinə yetirilməsini təmin edə bilmirsə, bunu Azərbaycan özü edəcək”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26