Interposta.Info

MM-də Şuşaya görə AXC günahlandırıldı, Xalq şairi cavab verdi

Siyasət
 9-05-2020, 12:44     1 146

Mayın 8-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Sədr Sahibə Qafarova iclası açıq elan edəndən sonra dedi ki, bizim bugünkü iclasımız həm kədərli, həm də əlamətdar hadisələr ərəfəsində keçirilir.

Sədr dedi ki, mayın 8-də Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 28-ci ildönümü tamam olur. "Ermənistandan və Azərbaycanın işğal edilmiş ərazilərindən didərgin salınmış 1 milyondan çox soydaşımızın 22 min nəfəri Şuşa sakinidir. Onlardan biri bu gün bizimlə bərabərdir. Əsra Məmmədli Şuşada doğulmasa da, ruhən Şuşaya bağlıdır və doğma yurdunun həsrəti ilə yaşayır” - deyən S.Qafarova bundan sonra sözü şuşalı qıza, Əsra Məmmədliyə verdi.
Yeniyetmə qız deputatlara üz tutaraq "xahiş edirəm, mənim səsimi dünyaya çatdırın. Qoy bilsinlər ki, Şuşadanam, amma Şuşanı görməmişəm”. O, çıxışını "Qarabağ Azərbaycandır!” deyərək bitirdi. O çıxış etdikcə monitorda Şuşadan bəhs edən kadrlar təqdim olundu, kədərli musiqi səsləndirildi. Xanım deputatların bəziləri göz yaşlarını saxlaya bilmədi. Deputatlar yeniyetmənin çıxışını alqışlarla qarşıladılar.Çıxışdan sonra sədr "Biz əminik ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və qətiyyətli siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyü tezliklə bərpa ediləcək, bütün Qarabağ bölgəsi, o cümlədən onun nadir incisi olan Şuşa şəhəri işğaldan azad ediləcək, qaçqın və köçkün soydaşlarımız doğma yurdlarına qayıdacaq, bölgədə uzunmüddətli möhkəm sülh bərqərar olacaq” - söylədi.

Spikerin təklifi ilə Şuşa şəhərinin müdafiəsi zamanı həlak olmuş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra S.Qafarova faşizm üzərində Qələbənin 75 illiyi və mərhum prezident Heydər Əliyevin anadan olmasının 97 illiyi ilə bağlı geniş nitq söylədi.

Deputat Fazil Mustafa İranın Araz çayı üzərində həyata keçirdiyi və Azərbaycanda kəskin etirazlar doğuran layihələrdən bəhs etdi. Dedi ki, bizim hökumət təmsilçiləri bu məsələ ilə bağlı lazımi aydınlıq gətirmədiyi üçün Milli Məclisdə təsdiqlənmiş saziş haqqında neqativ fikirlər səslənir. "Mən ondan sonra bu sazişlə bir daha, ciddi şəkildə tanış oldum. Gördüm ki, orda hansı müddəalar var”. F.Mustafanın sözlərinə görə, sənəddə qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunanadək orada hər hansı digər addımlar atıla bilməz: "İrana su ehtiyatlarından üçüncü ölkənin ehtiyatlarından istifadəsi qadağan edilir, ancaq öz maraqları üçün istifadə edə bilər”. F.Mustafa bildirdi ki, bu saziş hər hansı bir şəkildə Azərbaycanın əleyhinə yönəlməyib: "İran özbaşına yol çəkir, erməni terroruna dəstək verir. Bu dəstəyi onsuz da verirdi və biz buna qarşı daim etiraz etmişik. Amma bu sazişdə buna əsas verən heç nə yoxdur. Bu sazişi bəhanə kimi göstərmək düzgün deyil”-deyən deputat digər məsələyə də toxundu: "Mən möhtərəm Şeyximizin də İranla bağlı müraciəti ilə tanış oldum. Humanitar baxımdan heç bir iradım yoxdur. Amma siyasi baxımdan ora bir məsələ əlavə olunmalı idi. İran təcridolma vəziyyətində erməni terrorçularına daha çox dəstək verir”.

Komitə sədri Qənirə Paşayeva Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından danışarkən çox mühüm bir təklif irəli sürdü. Bildirdi ki, Xurşidbanu Natəvan, Bülbül və Üzeyir bəyin güllələnmiş heykəlləri İncəsənət Muzeyinin həyətində qoyulub: "Çox yaxşı olardı ki, bu üç abidə ya Şəhidlər xiyabanında, ya da Dənizkənarı Milli Parkda qoyulsun. Çünki Şəhidlər xiyabanını protokolla ziyarətə gələn xarici qonaqlar da, xarici turistlər də ziyarət edir. Bunlar erməni vandalizmini, barbarlığını göstərən heykəllərdir”.



Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev diqqəti karantin rejiminin pozulmasına yönəltdi. Komitə sədri dövlət başçısının bir gün əvvəl bu məsələ ilə bağlı dediklərinə istinad edərək narahatlığını ifadə etdi. "Təəssüf ki, karantin rejiminin yumşaldılması yoluxmaların sayını çoxaldıb” - deyən M.Quliyev bildirdi ki, bu məsələdə məsuliyyətli olmalıyıq. O, təklif etdi ki, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə karantin rejiminin pozulması ilə bağlı cəzaların sərtləşdirilməsini nəzərdə tutan əlavələr olunmalıdır.

Sədr Sahibə Qafarova da deputatın fikirlərinə dəstək verdi. Dedi ki, hər kəs öz çıxışlarında bu məsələ ilə bağlı mövqeyini ifadə etməli, əhalini məlumatlandırmaqla bağlı əlindən gələni etməlidir.

Deputat Sahib Alıyev Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini tənqid etdi. Bildirdi ki, onların bir sıra hərəkətləri işğalı stimullaşdırır: "Sosial şəbəkələrə baxın, hər kəs soruşur ki, biz nə qədər dözməliyik? 28 ildə hər hansı irəliləyiş olmayıb. Bütün danışıqlar Ermənistanın destruktiv siyasəti nəticəsində pozulub, amma işğalçı öz adı ilə çağırılmır”.

Deputat Məlahət İbrahimqızı Şuşanın işğalından danışarkən dedi ki, prezident nəinki Qarabağla bağlı, həmçinin Zəngəzur, Göyçə, İrəvanla bağlı beynəlxalq təşkilatlardan mesajlar verir. "İstər dövlətimiz, istər ordumuz işğalçı Ermənistandan qat-qat güclüdür. Bu gün bizim ən çox ehtiyacımız olan məsələ təbliğat və təşviqatla bağlıdır”, - deyə o bildirdi.

Deputat Naqif Həmzəyev dedi ki, son vaxtlar koronavirusa yoluxanların sayında artım baş verir: "Bunun bir səbəbi də nağdsız ödənişlər problemidir. Bankların qarşısında çoxlu adam yığılır. Bu məsələ ilə bağlı da çox ciddi qərarlar qəbul edilməlidir. Əhali arasında maarifləndirmə işi aparılmalıdır ki, nağdsız ödənişlərə üstünlük versinlər”.

Deputat Cavid Osmanov iddia etdi ki, Şuşanın işğal edilməsində AXC-Müsavat cütlüyünün rolu az deyil. O bildirdi ki, AXC-Müsavat cütlüyü Azərbaycan xalqına xəyanət edərək Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə dəstək verib: "Xəyanətkarların, satqınların toplaşdığı Milli Şura adlı qurum Ermənistanın səfirliyi, Əli Kərimli isə Ermənistanın səfiri funkisyasını yerinə yetirir. Mən hüquq-mühafizə orqanlarına çağırış edirəm ki, Azərbaycan xalqını hər gün təhqir edən insanların, dövlətimizə, müstəqilliyimizə, xalqımıza xəyanət edənlərin əməllərinə hüquqi qiymət verilməsinin vaxtıdır”.

Deputat Sabir Rüstəmxanlı əvvəlcə İranla Azərbaycan arasında imzalanmış saziş ətrafında gedən müzakirələrdən bəhs etdi. Dedi ki, bu məsələyə tam şəkildə aydınlıq gətirilməlidir. "Məncə, qanunun özündə bir aydınlıq olmalıdır” - S.Rüstəmxanlı bildirdi. Xalq şairi daha sonra Şuşanın işğalından danışarkən keçmiş hakimiyyəti günahlandıran həmkarı ilə bağlı fikirlərini bölüşdü: "Cavan deputatlar ki, o hadisələrin şahidi olmayıblar, bəzən səthi bilikləri ilə danışırlar, onlar bu barədə bir az diqqətli olmalıdırlar. Vaxtilə Xocalı soyqırımı ilə bağlı səsləndirilən ehtiyatsız fikirlərlə biz düşmənlərin əlinə bir dəstəvüz, bəhanə verdik. İllərdir ermənilər bu məsələdən istifadə edirlər. İndi də belə fikirlər səslənir ki, sanki Şuşanı da biz özümüz vermişik. A qardaş, bu cür danışmaq olmaz axı! Bura Milli Məclisdir! Sən kimi istəyirsən tənqid elə, amma bu məsələlərdə diqqətli olmaq lazımdır. Yüzlərlə, minlərlə şəhid vermişik, torpasqlarımız böyük bir dövlətin yardımı ilə alınıb. Millət qəhrəmanlıq edib, amma gücümüz çatmayıb. Belə bir vəziyyətdə hər şeyi ovaxtkı hakimiyyətin boynuna qoyub erməniləri təmizə çıxartmaq olmaz!”

Sədr Sahibə Qafarova dedi ki, gündəlikdəki məsələ başqadır. S.Rüstəmxanlı isə "mən bu fikri deməliydim, hesab edirəm ki, Məclisin də mövqeyi olmalıdır”.

Sədr isə "Məclisin fikri ifadə olunub”,- deyə əlavə etdi.

Birinci vitse-spiker Əli Hüseynli dedi ki, bu gün heç kim Şuşanın ermənilər tərəfindən işğal olunmadığını, bizimkilər tərəfindən təhvil verldiyini demədi: "Bu fikri siz səsləndirdiniz, Sabir müəllim!” Burada Cavid müəllim fikir söylədi və Siyavuş Novruzov dedi. Şuşanın işğalına hüquqi qiymət verilərkən Şuşanın işğalına şərait yaradılmasına da qiymət verilib".

İclasda "Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişikliklər üçüncü oxunuşda qəbul olundu.

Komitə sədri Siyavuş Novruzov müxalifətçilərin pandemiya ilə bağlı görülən tədbirlərdən də öz məqsədləri naminə yararlandığını söylədi: "Deyirlər ki, Azərbaycanda SMS fəaliyyəti ona görə yaradılıb ki, müxalifətçiləri izləsinlər. Hansı ki, bütün dünyada bu proses gedir. Nə qədər aşağı səviyyəli olmaları ilə yanaşı, bütün vətəndaşları çaşdırmaq istəyirlər. Gün ərzində vətəndaşlardan 1 milyona yaxın SMS gəlir. Onların 10-15 nəfər adamları var, dərnəkdə toplaşıblar. Bura seçiləndə başqa şey danışırdılar, indi başqa şey deyirlər. Qonşu Gürcüstanda SMS icazəni pozanlar min lari cərimələnir. O biri tərəfrdən də iddia edirlər ki, Gürcüstan çiçək açıb, çiçəyi yığıb-yığışdırmaq mümkün deyil. Bu mənada yayılan informasiyalarla bağlı məsuliyyətin ağırlaşdırılması vacibdir. Xalqı çaşdırmağa xidmət edən, dövlətin əleyhinə yönəldən informasiyalarla bağlı da ciddi ölçülər götürülməlidir”.

S.Novruzov sabiq deputat Cəmil Həsənlinin arxivləri açmaqla bağlı çağırışına da reaksiya verdi. Dedi ki, 90-cı illərdə dəfələrlə arxivlərin açılması təşəbbüsü ilə çıxışlar olsa da, buna gedilmədi: "Çünki arxivlər açılsa, hamısında öz adları çıxacaqdı. İndi Cəmil Həsənli 1993-cü ilə toxunmur, 95-ci ildən danışır. Sual olunur, o hansı ölkənin kəşfiyyatına işləyir və hansı ölkənin kəşfiyyatına xidmət göstərir?”

Deputat Qüdrət Həsənquliyev bəzi həmkarlarını danışarkən diqqətli olmağa çağırdı. Torpaqların işğalı ilə əlaqədar olaraq keçmiş hərəkatçıların günahlandırılmasını doğru saymayan Q.Həsənquliyev dedi ki, biz bununla o vaxt xalq hərəkatında olmuş insanları Cəmil Həsənlinin ətrafına toplamış oluruq. Deputat daha sonra dedi: "Bütün xalqların içərisində xəyanətkarlar olub və olacaq. Amma biz bəzi məsələlər barədə danışanda ehtiyatlı olmalıyıq. Rəhmətlik Əbülfəz Elçibəy deyirdi ki, ”torpaq bərk olanda öküz-öküzdən görür". İndi torpaqlarımızın hansı yolla azad olunmasından danışmalıyıq. Amma başlamışıq bir-birimizi ittiham etməyə. Şuşa işğal olunanda AXC hakimiyyətdə deyildi, o zaman Yaqub Məmmədov ölkəyə rəhbərlik edirdi və Tehranda ermənilərlə danışıqlar apararkən Şuşa şəhəri işğal edildi. Bunu da kiçik bir məlumat kimi Cavid Osmanovun diqqətinə çatdırdım".

Plenar iclasda kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə inzibati cərimənin 1 il şərti olaraq tətbiq edilməsi təklif olundu və dəyişiklik təsdiqləndi. İclasda Vergi Məcəlləsinə dəyişikliklər də üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul edildi. Layihədə bildirilir ki, koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar müvəqqəti vergi rejimi tətbiq ediləcək. Pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət istiqamətləri üzrə vergi ödəyicilərinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə, əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştlərinin verilməsini nəzərdə tutulur.

Deputat Razi Nurullayev "təəssüf edirəm ki, burada həmkarlarım AXC-Müsavat ifadəsini çox işlədirlər. Bu ifadəni prezident də tez-tez səsləndirir, amma ona olar. Çünki ondan böyük yoxdur, o bu dövlətin başçısıdır”, -deyə bildirdi. Deputat daha sonra dedi: "Mən AXCP sədriyəm və buradakı həmkarlarımdan bir çoxu AXC şinelindən çıxıb. Əgər bu məsələlərin qaynağı Əli Kərimlidirsə, birbaşa onun adı çəkilsin. AXC-ni bütövlükdə demək düzgün deyil, Müsavat isə bu məsələyə qatmaq haqsızlıqdır. Mən Müsavatın vəkili deyiləm, amma istəyirəm ki, haqq-ədalət öz yerini tapsın”.

Komitə sədri Siyavuş Novruzov isə R.Nurullayevin dediklərinə cavabında bildirdi ki, söhbət bir-iki nəfərdən getmir, o zaman sanki məqsədli şəkildə onları bir komandaya yığmışdılar. Müsavatın adının çəkilməsinə gəldikdə, S.Novruzov "bu Müsavat, ovaxtkı Müsavat demək deyil. Hər adı Həsən, Hüseyn olan imam deyil ki” -söylədi.

Razi Nurullayevin bələdiyyələrin fəaliyyətini sərt tənqid etməsi "1999-cu və 2009-cu ildə bələdiyyə seçilənlər torpaq qalmayıb, hamısını satılıblar” deməsindən sonra vitse-spiker Fəzail İbrahimli onun fikirlərinə münasibət bildirdi: "Biz kifayət qədər bələdiyyələrlə bağlı olan qüsur və nöqsanları daim gündəmə gətirmişik. Onların aradan qaldırıılması üçün təkliflər vermişik. Bu sahədə müəyyən addımlar atılıb”.

Bildirdi ki, bələdiyyələrin 20 illik fəaliyyətinə kölgə salmaq, hamısını rüşvətdə təqsirləndirmək insan hüquqlarının pozulmasıdır, yaxşı işçilərin fəaliyyətinə qara yaxmaqdır. Vitse-spiker deputat Razi Nurullayevi danışarkən diqqətli olmağa çağırdı: "Sizin bu qısa müddətdə çıxışlarınıza qulaq asanda adı sizin adınıza oxşayan bir mərsiyəçi var, o yadıma düşür. Sizin adınız Razi, onun adı isə Racidir. Siz hər dəfə danışanda onun mərsiyələri yada düşür. Fikirlərinizdə diqqətli olun!”

R.Nurullayev isə növbəti dəfə söz aldı: "Mən təəssüf edirəm, Fəzail müəllim! Sizə heç yaraşdırmadım”.

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26