Interposta.Info

Şuşanın işğalından 26 il ötür

Gündəm
 8-05-2018, 10:21     10 437

Dağlıq Qarabağın tamamilə işğalı ilə yekunlaşan işğal

Bu gün Azərbaycanın qədim ərazisi olan Şuşanın Ermənistan tərəfindən işğal olunmasından 26 il keçir. Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb.

Bununla ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar. Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 68 nəfər əsir götürülüb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla, bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.

Ermənilər Azərbaycana məxsus olan bir çox abidələrin məhv edilməsinə və ya erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.

Ümumilikdə, 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib. Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejim artıq uzun müddətdir Şuşada qanunsuz məskunlaşdırma həyata keçirir. Hər il mayın 8-də Şuşanın işğalı gününü bayram kimi təntənəli qeyd edirlər. Builki ildönümü isə ermənilər üçün gərginliklərin yaşandığı günlərə təsadüf edir. Mayın 8-də Ermənistan parlamentində müxalifət lideri Nikol Paşinyanın baş nazir seçilməsi məsələsi səsverməyə çıxarılacaq. Ermənistanda hakimiyyətdən uzaqlaşdırılmaq üzrə olan Qarabağ klanı özünü qorumaq üçün ən müxtəlif variantlara əl atır. Bir sıra siyasi ekspertlər hesab edir ki, mayın 8-də Dağlıq Qarabağdakı hərbi xunta generallarının cəbhə xəttində təxribatlar törətməsi-Azərbaycan ordusuna hücum təşkil etmələri və Ermənistanda əhali arasında ənənəvi müharibə xofunu yaratmağa cəhd eləmələri istisna deyil.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26