Azərbaycanla Avropa İttifaqı arasında gözlənilən ikitərəfli saziş... - İmzalanacaq?
İkitərəfli saziş Azərbaycanın tamamilə “Şərq tərəfdaşlığı” proqramından çıxması anlamına gəlirmi?..
Politoloq: “Avropa İttifaqının Azərbaycana qarşı bir çox iradlarının olmasına baxmayaraq, Brüssel Azərbaycanla iqtisadi, siyasi əməkdaşlığa mühum əhəmiyyət verir”.
“İkitərəfli saziş Avropa Birliyi ilə Azərbaycan arasındakı münasibətlərə müsbət təsir edəcək. Çünki başqa xarici siyasət vektorlarından fərqli olaraq Qərb siyasi vektoru Azərbaycanın Dağlıq Qarabağ kimi probleminin həllində daha böyük rol oynaya bilər”.
Bu sözləri politoloq Qabil Hüseynli Azərbaycan və Avropa İttifaqı arasında müzakirə edilən yeni əməkdaşlıq sazişini PİA.az-a şərh edərkən qeyd edib.
Xəbər verdiyimiz kimi dünən Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsselə işçi səfəri çərçivəsində Avropa İttifaqının (Aİ) ticarət üzrə komissarı Fil Hoqan ilə görüşüb.
XİN-dən verilən məlumata görə, konstruktiv və qarşılıqlı faydalı tərəfdaşlıq mühitində keçən görüşdə Azərbaycan ilə Aİ arasındakı əməkdaşlıq məsələləri, habelə ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni sazişlə bağlı danışıqların gedişatı müzakirə edilib.
E.Məmmədyarovu səmimiyyətlə salamlayan F.Hoqan Aİ ilə Azərbaycan arasında əməkdaşlığa dair sazişin ikitərəfli münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə təkan verəcəyindən əminliyini ifadə edib.
Öz növbəsində, nazir Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş layihəsi üzrə aparılan danışıqların cari vəziyyəti və müzakirəsi davam edən məsələlər barədə qarşı tərəfə məlumat verib.
Komissar Azərbaycan Respublikası ilə sazişi layihəsinin ticarət bloku üzrə danışıqların intensivləşdirilməsinin əhəmiyyətini qeyd edib və sənədin bu ilin iyun ayında keçiriləcək Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin Zirvə toplantısına qədər yekunlaşdırılaraq tədbir zamanı paraflanmasını təklif edib.
Azərbaycanın “Şərq tərəfdaşlığı” proqramından kənar Avropa Birliyi ilə yeni saziş imzalama imkanlarını necə dəyərləndirmək olar və ikitərəfli saziş Avropa Birliyi ilə Azərbaycan arasındakı münasibətlərə necə təsir edə bilər? Ümumiyyətlə ikitərəfli saziş Azərbaycanın tamamilə “Şərq tərəfdaşlığı” proqramından çıxması anlamına gəlirmi?
Qabil Hüseynli: “Qərb Azərbaycanı öz siyasi dairəsində saxlamaq üçün bu müqaviləni imzalayacaq”.
İndi çətin prosseslərin getdiyini vurğulayan politoloq açıqlamasında bildiirb ki, bütün bunlara baxmayaraq çətinlikləri, maneələri dəf etmək mümkün olacaq. Yaxın vaxtlarda da Azərbaycanla Avropa İttifaqı arasında yeni əməkdaşlıq sazişi imzalanacaq:
“Düşünürəm ki, Azərbaycanla Avropa İttifaqının yeni əməkdaşlıq sazişi baş tutacaq. Avropa İttifaqının Azərbaycana qarşı bir çox iradlarının olmasına baxmayaraq, Brüssel Azərbaycanla iqtisadi, siyasi əməkdaşlığa mühum əhəmiyyət verir. Buna görə də hesab edirəm ki, Azərbaycanla Avropa İttifaqı arasında baş tutacaq danışıqlar müsbət yekunlaşacaq.
Həmçinin Qərb Azərbaycanı öz siyasi dairəsində saxlamaq üçün bu müqaviləni imzalayacaq. Düzdür indi çətin proseslər gedir, amma bütün bunlara baxmayaraq çətinlikləri, maneələri dəf etmək mümkün olacaq və hesab edirəm ki, hər iki tərəfdə belə bir siyasi iradə var. Ona görə də hesab edirəm ki, yaxın vaxtlarda da Azərbaycanla Avropa İttifaqı arasında yeni əməkdaşlıq sazişi imzalanacaq.
Qabil Hüseynli: “Yeni imzalanacaq ikitərəfli saziş əvvəlkilərə nisbətən daha yüksək əməkdaşlıq forması olacaq”.
İkitərəfli saziş Avropa Birliyi ilə Azərbaycan arasındakı münasibətlərə müsbət təsir edəcək. Çünki başqa xarici siyasət vektorlarından fərqli olaraq Qərb siyasi vektoru Azərbaycanın Dağlıq Qarabağ kimi probleminin həllində daha böyük rol oynaya bilər. Hal-hazırda da Qərb Dağlıq Qarabağ məsələsində böyük rol oynamaqdadır və Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləməkdədir. Qərb məsələnin sülh yolu ilə istiqamətində davamlı hərəkət edir.
Onu da qeyd edim ki, bu hərəkətlər son vaxtlarda Ermənistana təzyiq formasında özünü biruzə verməyə başlayıb. Bu da Ermənistanın indiyə qədər tutduğu qeyri-konstruktiv mövqeyinin üstündən xətt çəkə bilər.
“Şərq tərəfdaşlığı” proqramı keçmiş mərhələdir. İndi yeni saziş imzalanacaq. Həmçinin də ikitərəfli saziş Azərbaycanın arzusu ilə həyata keçirilir. Düşünürəm ki, yeni imzalanacaq ikitərəfli saziş əvvəlkilərə nisbətən daha yüksək əməkdaşlıq forması olacaq”.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26