Interposta.Info

Bir aktyorun “teatr”ı: Zelenski Ukraynanı necə idarə edəcək?

Siyasət
 30-04-2019, 09:16     10 285

Asim Mollazadə: “Əsas məsələ korrupsiyaya qarşı mübarizə və oliqarxların imkanlarının məhdudlaşdırılmasıdır”; Nəzakət Məmmədova: “İsa peyğəmbər də gəlsə, Ukraynanı birdən düzəldə bilməz”
Ukraynada seçki eyforiyası bitməkdədir, siyasət reallığa qayıtmağı tələb edir. İndi Vladimir Zelenski soyuq duş almış kimi reallıq hisslərini itirmədən həqiqətlərlə hesablaşmalı, ona uyğun davranmalıdır.

Artıq şoumenlik və teatr dövrü başa çatdı, xalq Zelenskidən ölkəni necə idarə edəcəyini, hansı qərarlar verəcəyini, sosial-iqtisadi islahatlar aparıb-aparmayacağını gözləyir.

Sabiq prezident Pyotr Poroşenkonun Ukrayna iqtisadiyyatını “reanimasiya”dan çıxara bilməməsi, Kremlin “iri pəncələri”nin hələ də Ukrayna torpaqlarını tapdalaya bilməsi Zelenskinin qarşısında ağır məsuliyyət qoyub. O, ölkəni necə idarə edəcək, vəziyyətdən çıxara biləcək?

Xüsusən də Zelenskinin Rusiya prezidenti Vladimir Putinə Donbasda rus pasportları paylanmasına görə verdiyi cavab iki ölkə arasında münasibətlərin yeni prezidentin dövründə də ürəkaçan olmayacağı qənaətini yaradır.

Onun sözlərinə görə, Donbasdakı problemlərin həlli üçün Rusiya ilə müzakirələrə hazırdır. O, Ukrayna ilə təhdid və təzyiq dilində danışılmaması gərəkdiyini bildirib: “Normandiya formatındakı müzakirədə Rusiyanın da gərginliyi azaltmağa hazır olduğunu göstərəcəyinə ümid edirəm. Öz tərəfimizdən Ukrayna ilə Rusiyanın birgə var olması üçün yeni şərtlərdən danışmağa hazırıq”.

Zelenski vəziyyətin həqiqi mənada normallaşmasının yalnız Donbas və Krımdakı işğalın sonlandırılması ilə baş tutacağını bildirib: “Sözün həqiqi mənasında Ukrayna baş əyməyəcək!”

Zelenski Ukraynanın missiyasını açıqlayıb. O bildirib ki, ölkəsinin əsas hədəfi demokratiyaya xidmət edərək postsovet ölkələrinə nümunə olmaqdır.

Rusiyalı senator Aleksey Puşkov isə deyib ki, Ukrayna müqəvvadır, nümunə deyil: “Ukraynanın yeni prezidenti ilk növbədə Odessadakı qətllərin, Donbasdakı atışmanın səbəbkarlarını ədalət qarşısına çıxarmalı, millətçilərə qadağa tətbiq etməlidir”.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Ukrayanda bir çox problemlər mövcuddur.

A.Mollazadənin fikrincə, ilk növbədə əsas məsələ korrupsiyaya qarşı effektiv mübarizə və oliqarxların imkanlarının məhdudlaşdırılmasıdır.

“Ukraynanın Rusiya ilə olan problemlərindən əsas öz dövlət quruculuğudur. Bu gün vahid Ukrayna qurulması məsələsi var”.

Deputat Zelenskinin bu problemlərin öhdəsindən təkbaşına deyil, komanda şəklində gəlməli olduğunu düşünür: “Hər məsələ bir adamdan asılı deyil və komanda formalaşarsa, islahatlar aparılarsa, uğurlardan danışmaq olar. Əks təqdirdə, oliqarxların savaşları ilə Ukrayna problemlərlə üzləşəcəksə vəziyyət daha da pisləşəcək”.

Politoloq Nəzakət Məmmədova isə bildirdi ki, yeni prezidentin kökündən nəyisə dəyişəcəyi inandırıcı deyil. Onun sözlərinə görə, Ukrayna xaotik vəziyyətə düşüb və iki güc arasında qalıb: “Zelenski yox, İsa peyğəmbər də gəlsə, Ukraynanı birdən düzəldə bilməz. Çünki prezidentin sehirli çubuğu yoxdur ki, problemləri birdən həll etsin. Zelenski imkanları daxilində korrupsiyanı aradan qaldıra bilər, qayda-qanunu yüksəldər, oliqarxların hakimiyyətini məhdudlaşdıra bilər”.

Ekspertin fikrincə, onu hansı güc iqtidara gətiribsə, Zelenski həmin tərəfə üstünlük verməyə məcburdur: “Söhbət onun aktyor olmasından getmir. Ən peşəkar siyasətçi də hakimiyyətə gəlsəydi, problemləri birdən düzəldə bilməzdi. Çünki iqtisadiyyat dağılıb, ölkə döyüş poliqonuna çevrilib”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26