Interposta.Info

Azərbaycan yeni işğalla hədələməni BMT-yə çıxara bilər

Siyasət
 8-04-2019, 09:40     10 297

Siyasi ekspertlər düşmən ölkənin müdafiə nazirinin bəyanatı ilə bağlı çağırış etdilər
Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycanı yeni ərazilərinin işğalı ilə hədələməsi, ardınca baş nazir Nikol Paşinyanın bu bəyanatı dəstəkləməsinə Azərbaycan tərəfindən adekvat cavablar verildi. Bununla belə, siyasi ekspertlər hesab edirlər ki, Tonoyanın Azərbaycan ərazilərini işğal etməklə hədələməsi faktından çıxış edərək rəsmi Bakı ərazilərimizin işğalı məsələsini yenidən BMT gündəminə rəsmi şəkildə çıxarmalıdır. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələri də gündəmə gətirmək lazımdır.

Politoloq Nəzakət Məmmədova bu barədə “Yeni Müsavat”a şərhində bildirdi ki, Azərbaycan bu məsələləri, əlbəttə ki, BMT gündəliyinə çıxarmalıdır: “Çünki faktiki olaraq Ermənistan müdafiə naziri BMT konvensiyalarını pozaraq Azərbaycanın ərazilərini işğal edəcəklərini açıq şəkildə bəyan edib. Azərbaycan bu məsələ ilə bağlı BMT-də çox ciddi məsələ qoymalıdır. Eyni zamanda, BMT TŞ-nin 1993-cü ildə Qarabağla bağlı qəbul etdiyi qətnamələrin hələ də icra olunmaması məsələsi qaldırılmalıdır. 1994-cü ildən münaqişənin həlli ilə Minsk Qrupu məşğul olduğundan, BMT bu məsələdə bir o qədər də fəallıq nümayiş etdirmir və bütün məsuliyyət Minsk Qrupunun üzərinə düşüb. Azərbaycan BMT Təhlükəsizlik Şurasından qətnamələrin icrasını tələb edə bilər, lakin reallıq bundan ibarətdir ki, həmin Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü elə Minsk Qrupunun həmsədrləridir. Əgər onlarda münaqişəni həll etmək istəyi və iradəsi olsaydı, onlar həmsədr kimi də bu işin öhdəsindən vicdanla və layiqli şəkildə gələ bilərdilər. Lakin biz hər bir halda BMT qətnamələri məsələsini qaldırmalıyıq. Azərbaycan bu gün qlobal qarşıdurmada daha çox İngiltərə-Çin-Türkiyə-Rusiya ittifaqının yanında yer alıb, nəinki ABŞ-ın. Məsələn, Azərbaycan ABŞ-Çin ticarət savaşının geniş vüsət aldığı dönəmdə Trampın boykot etdiyi Davos sammitinə qatıldı, Çinin ”Bir qurşaq, bir yol" layihəsində iştirak etdi. Bu, yəqin ki, ABŞ-ın xoşuna gəlmədi. Azərbaycan Çin və İngiltərənin mövqeyinə yaxın mövqe sərgiləyərək ABŞ-a öz ərazisindən İranı vurmağa imkan vermir və sair. Düşünmək lazımdır, bizim neftimizi aparan BP, İngiltərə niyə BMT Təhlükəsizlik Şurasının Daimi üzvü olduğu halda bizə Qarabağ məsələsində yardım etmir?! Mallarını Avropaya daşımaqda tranzit rolu oynadığımız, “Bir qurşaq, bir yol” kimi meqalayihəsinə dəstək verdiyimiz, BMT Təhlükəsizlik Şurasının daimi üzvü Çin niyə bizi dəstəkləmir?! Rusiyanın mövqeyi aydındır, o, nə Qarabağ, nə də digər postsovet məkanındakı münaqişələrin həllində maraqlıdır. Problemi yaradan başlarla problemi həll etmək olmaz. Ona görə də BMT Təhlükəsizlik Şurasında Rusiyanın real dəstəyinə ümid bəsləmək olmaz. O, yalnız formal olaraq səsvermədə bizə dəstək göstərir, lakin işğalçı Ermənistan qoşunlarının Qarabağdan çıxarılmasına çalışmır, üstəlik işğalçı ölkə ilə hərbi-siyasi ittifaq qurub".

Politoloq hesab edir ki, Qarabağ məsələsində əsas çıxış yollarından biri ABŞ ilə yaxınlaşmağa çalışıb onun dəstəyini qazanmaqdır: “Biz ABŞ-Rusiya, ABŞ-Avropa Birliyi, ABŞ-Çin qarşıdurmasından istifadə etməli, Qarabağ məsələsində bizə yardım edə biləcək dövlət və ya dövlətlərlə sövdələşib torpaqlarımızı azad etməliyik. 1994-cü ildən bəri keçən dövr göstərdi ki, Minsk Qrupu Qarabağ məsələsini həll etmək iqtidarında, yaxud istəyində deyil. Azərbaycan Dağlıq Qarabağa ən yüksək muxtariyyət təklif edir. Əgər Ermənistan bununla razılaşmırsa, əksinə, bizi yeni ərazi işğalı ilə hədələyirsə, Minsk Qrupu Ermənistanı buna məcbur etmirsə, yaxud məcbur etmək istəmirsə, deməli, münaqişənin Minsk Qrupunun vasitəçiliyi ilə həlli mümkün deyil”.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər isə bildirdi ki, Ermənistanın işğalçı olması və işğal etdiyi Azərbaycan ərazilərindən qoşunlarının qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələri var: “Azərbaycan bu məsələni qaldırmalıdır. Danışıqlar prosesinə konseptual yanaşma yanlışdır. Elçibəy hakimiyyəti dövründə Azərbaycan danışıqlar prosesinə böyük üstünlük əldə etmişdi. Kəlbəcərin işğalından sonra hakimiyyət beynəlxalq birlikdən birmənalı dəstək qazanmışdı. Rusiyanın regionda güclənməsini istəməyən, regionda yeni müstəqil dövlətlərin daxili işlərinə qarışmasını istəməyən güclərin dəstəyini Azərbaycan o dövrdə qazana bilmişdi. Elçibəy hakimiyyəti konkret olaraq ABŞ-ın dəstəyini əldə edə bilmişdi və nəticədə 822 saylı qətnamənin BMT Təhlükəsizlik Şurasında qəbul olunmasına nail olunmuşdu. Həmin qətnamədə birmənalı şəkildə erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması qoyulurdu. Azərbaycan hakimiyyəti indi danışıqlar prosesində bu tezisdən tutmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi məsələsini çox ciddi şəkildə qoymalı, bu məsələdən bir santimetr belə kənara çəkilməməlidir. Gec də olsa Azərbaycan konseptual olaraq öz yanaşmasını dəyişməli və ortaya BMT TŞ-nin qəbul etdiyi 822 saylı qətnamədəki yanaşmanı qoymalıdır. Danışıqların əsas predmeti bu olmalıdır: Ermənistanın işğalçı qüvvələrinin qeyd-şərtsiz Azərbaycan torpaqlarını tərk etməsi məsələsi. Bu məsələ həll olunmayınca, başqa heç bir danışığa gedilməməlidir. Azərbaycan BMT-nin yanaşmasından çıxış eləməlidir. Əks halda, BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Azərbaycan əraziləri ya təkbaşına, ya da müttəfiqləri ilə bir yerdə güc yolu ilə azad edəcəyini bəyan eləməlidir və buna da hazırlaşmalıdır. Təkcə sözdə qalmamalıdır bu bəyanat. Çünki bütün dünya kəşfiyyatları burada real vəziyyəti bilirlər”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26