Interposta.Info

Bakı-Paris münasibətlərində yeni mərhələ

Siyasət
 14-03-2019, 10:24     10 310

Birinci vitse-prezidentin Fransa səfəri əlaqələrin inkişafı üçün fürsətdir; Fazil Mustafa: “Dünya sürprizlərlə dolu dünyadır, inanıram ki, bəzi mövqeləri dəyişmək mümkün olacaq”
Fransada səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bir sıra mühüm görüşlər keçirib.

Martın 12-də birinci vitse-prezident Parisdə, Fransa Senatının sədri Jerar Larşe ilə görüşüb. Larşe iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Prezident İlham Əliyevin ötən ilin iyulunda Paris səfərini məmnunluqla xatırlayan Senatın sədri Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın da Fransa-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verdiyini, onun mədəniyyət, elm və təhsil sahələrində böyük xidmətlərinin olduğunu vurğulayıb.

Fransanın Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafında maraqlı olduğunu deyən Senatın sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışarkən bildirib ki, ölkəsi ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin sülh yolu ilə həllinə tərəfdardır.

Mehriban Əliyeva Fransaya səfərinin uğurlu olduğunu və səfər çərçivəsində bir sıra səmərəli görüşlərin keçirildiyini bildirib. İki ölkə arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsini qeyd edən birinci vitse-prezident əməkdaşlıq baxımından böyük potensialın olduğunu deyib. Azərbaycan-Fransa iqtisadi əməkdaşlığının daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayan Birinci vitse-prezident fransız şirkətlərini ölkəmizdə daha fəal olmağa çağırıb. Mehriban Əliyeva Azərbaycanın iştirakı olmadan regionda heç bir layihənin reallaşmadığını və ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını diqqətə çatdırıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə, sülh və danışıqlar yolu ilə beynəlxalq hüququn normaları və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayan Mehriban Əliyeva bildirib ki, münaqişənin mövcudluğu bütün regionun inkişafına və təhlükəsizliyinə ciddi təhdiddir.

Həmin gün birinci vitse-prezident Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lömer, Fransa Respublikası Milli Assambleyasının sədri Riçard Ferran, sabiq prezidenti Nikola Sarkozi ilə də görüşüb. M.Əliyeva Fransanın birinci xanımı ilə də bir araya gəlib.

Birinci vitse-prezidentin zəngin görüşlərindən ortaya çıxan qənaət budur ki, Paris-Bakı münasibətlərində hər hansı problem yoxdur və əlaqələr yüksək səviyyədədir. Xatırladaq ki, Fransanın keçmiş prezidentləri Fransua Mitteran, Jak Şirak və Nikola Sarkozinin zamanında da Azərbaycanın birinci şəxsləri ilə münasibətlər yüksək səviyyədə olub. Lakin nədənsə Fransa nə Azərbaycanla yüksək səviyyədə mövcud olan əməkdaşlığa, nə də ATƏT-in Minsk Qrupunun həmsədri statusunda olmasına rəğmən ermənipərəst mövqeyindən əl çəkmir, bu da daim bizi narahat edir.

Azərbaycan Fransanın mövqeyini öz xeyrinə dəyişmək üçün nələr edə bilər? Parisin siyasətindəki ermənipərəstliyin səbəbi nədir? Hələ ki bu sualların doğru-dürüst cavabı verilməyib. Amma Ermənistanı Fransanın “bacısı” hesab edən dövlət başçılarının yanaşması da çox söz deyir. Bütün bunların fonunda Mehriban Əliyevanın Fransa səfərinin faydalı olacağına böyük ümidlər var.

Deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, ölkənin birinci vitse - prezidentinin Fransada təmasları olduqca önəmlidir: “Burada hədəf Fransanın siyasi kursunun dəyişdirilməsi kimi anlaşılsa, realist təsəvvür yaranmaz. Biz Avropanın söz sahibi olan bir dövlətin Azərbaycana qarşı siyasətinin tərəfsizliyinə və yaxud yumşaldılmasına cəhdlər etməliyik. Çünki kiçik dövlətlərin oturuşmuş sistemlərin siyasətini dəyişdirmək imkanları çox cüzidir. Vaxtilə Topçubaşovun başçılığı ilə nümayəndə heyəti də Parisdə qapıları döyürdü ki, ”biz də varıq, bizi də tanıyın!" İndi illərdir bizim varlığımızı tanıyıblar, ancaq varlığımızdan məmnun deyillər. Kimliyimiz onlar üçün erməni kimliyi ilə müqayisədə elə bir dəyər daşımır. Ya bölgənin texnoloji cəhətdən yüksək inkişaf etmiş müasir dövləti olmalıyıq ki, bizimlə hesablaşsınlar, ya da indiki durumumuzda addım-addım Avropa evində ayaqqabımız üçün yer etməliyik ki, içəri keçə bilək. Ona görə də bu çalışmalar bizə münasibətin dəyişməsi üçün edilən cəhdlərdir, əlimizi, qolumuzu yanımıza salıb oturmaqdan da bir şey çıxmaz axı".

F.Mustafanın sözlərinə görə, Mehriban xanımın görüşlərində Azərbaycanın haqlı mövqeyi və maraqları sözsüz ki, dilə gətirilir və onların ədalətli davranış sərgiləməsi tələb olunur: “Fransa həm dövlət olaraq, həm də həmsədr ölkə olaraq özünü küstah formada erməni dəstəkçisi kimi aparsa da, saxta erməni soyqırımının qızışdırıcı ünsürü kimi çıxış etsə də, böyük bir türk arealı ilə düşmənçilik onun da maraqlarına nə zamansa zərbə vuracaq. Biz xaricdə öz fəallığımızı davam etdirməliyik. Dünya sürprizlərlə dolu dünyadır, inanıram ki, bəzi mövqeləri dəyişmək mümkün olacaq”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya səfəri bir sıra səbəbdən vacib idi: “Birincisi, Mehriban Əliyeva uzun illər Milli Məclisdə Azərbaycan-Fransa dostluq qrupunun Azərbaycan tərəfdən həmsədri olub. O, bu illərdə bir neçə dəfə Fransada olub və iki ölkə arasındakı əlaqələrin inkişafı üçün fəaliyyət göstərib. Bu illərdə Azərbaycana yatırım qoyan Fransa şirkətlərinin sayı artıb. Mehriban Əliyeva birinci vitse-prezident vəzifəsinə təyin olunduqdan sonra da əvvəlkitək Azərbaycan-Fransa əlaqələrinin inkişafında əsas məsul şəxslərdən biridir. Vitse-prezident postu Mehriban Əliyevaya imkan verir ki, rəsmi səfərlər reallaşdırıb ikitərəfli əlaqələrin inkişafı ilə bağlı müzakirələr aparsın. Mümkündür ki, Mehriban Əliyevanın Fransadan sonra Azərbaycanın digər əsas tərəfdaş ölkələrinə də səfərləri reallaşsın”.

Ekspertə görə, bu, həm də ondan xəbər verir ki, birinci vitse-prezident prezidentin daxili və xarici siyasətdəki ağır yükünü bölüşür: “İkincisi, Fransa prezidenti Emmanuel Makronun hələ keçən ilin oktyabr ayında Azərbaycana rəsmi səfəri planlaşdırılırdı. Ancaq Makron Azərbaycanın əvəzinə, Ermənistana getdi və İrəvanda beynəlxalq forumda iştirak etdi. Makron Ermənistandan sonra Azərbaycana gəlmədi. Daha sonra Makronun dekabr ayında Azərbaycana səfər edəcəyi xəbəri yayıldı. Ancaq bu səfər də reallaşmadı. Həm Makronun Bakıya gəlməməsi, həm də Fransa prezidentin aprelin 24-nü Fransada ”erməni soyqırımı günü" kimi anılması haqqında qərar qəbul etməsi Azərbaycanda narazılıqla qarşılandı. Rəsmi Paris Fransa-Azərbaycan münasibətlərində yaranan gərginliyi ortadan qaldırmaq üçün iki addım atdı. Birinci addım Fransanın keçmiş prezidenti Nikola Sarkozinin Azərbaycana səfəri idi. Sarkozi prezident olduğu illərdə Azərbaycana rəsmi səfər etmişdi. Sarkozi məhz həmin səfərində Mehriban Əliyevanı Fransanın ali mükafatı ilə təltif etmişdi. Sarkozi eks-prezident kimi Azərbaycana səfəri zamanı prezident İlham Əliyevlə və Mehriban Əliyeva ilə görüşdü. Mehriban Əliyeva Fransaya səfəri zamanı Sarkozi ilə yenidən görüşdü. Sarkozi ortamı yumşaltmaq üçün Bakıya gəlmişdi. İkinci addım kimi rəsmi Paris münasibətləri yenidən əvvəlki axarına qaytarmaq üçün Mehriban Əliyevanı Fransaya rəsmi səfərə dəvət etdi. Makron Azərbaycana səfərini təxirə saldığı üçün İlham Əliyevin Fransaya ikinci rəsmi səfəri mümkün görünmürdü. Ancaq Mehriban Əliyevanın Fransaya səfər etməsi mümkün idi və o bu səfəri reallaşdırmağa qərar verdi".

E.Şahinoğlu qeyd etdi ki, bu, strateji baxımdan doğru addım idi: “Çünki Fransa-Azərbaycan münasibətlərinin gərginləşməsi Fransadakı erməni lobbisinin, Ermənistanın və Qarabağ separatçılarının maraqlarına cavab verir. Buna imkan vermək olmaz. Mehriban Əliyevanın Fransaya səfəri iki ölkə arasındakı münasibətlərin normal axarına qayıtmasına işarədir. Buna baxmayaraq, Fransa prezidentinin Azərbaycana rəsmi səfərinin aktuallığı azalmayıb”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26