Interposta.Info

"Gəncə hadisələrini törətməklə Brüssel səfərini və sazişi əngəlləmək istəyiblər" - ŞOK VERSİYA

Siyasət
 12-07-2018, 11:12     10 433

Müqəddəs Mehdiyev: “1993-cü il iyunun 4-dən indiyədək Gəncədən Azərbaycan dövlətçiliyinə açılan atəşlər səngimir”
"interposta.info"-ın müsahibi Şimali Qafqaz üzrə ekspert, jurnalist Müqəddəs Mehdiyevdir.


Müqəddəs müəllim, Gəncədə baş vermiş olaylara münasibətiniz necədir?

Mən bu hadisələrə münasibət bildirəcəkdim, bir az gec, istintaqın gedişini gözləyirdim. Amma Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov müraciət etdi ki, hər bir azərbaycanlı öz qəti mövqeyini ortaya qoymalı, milli iradəsini nümayiş etdirməlidir. Bir vətəndaş olaraq fikrimi bildirmək istəyirəm. Çoxları mənimlə razılaşmayacaqlar, fikirlərimdə isə israrlıyam. Doğrudur, Gəncə hadisələri ilə bağlı rəsmi dövlət qurumları az açıqlama veriblər, istintaq gedir. Lakin ilkin təhlillər bir sıra versiyalar irəli sürməyə imkan yaradır.
Bir qədər uzaqdan başlayacağam. 25 il bundan öncə iyunun 4-də Gəncədə qiyam baş verdi. Bu, çevriliş idi. Surət Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissə dövlətə qarşı qiyam qaldırdı. Biz niyə bu qədər unutqanıq? Həmin vaxt da Gəncədə qan töküldü. Təkcə bir faktı deyim. Öz silahlarını könüllü şəkildə təhvil verib avtobusda oturan prezident qvardiyasının komandiri Tahir Məmmədov və onun on səkkiz əsgəri vəhşicəsinə güllələndi. Surət və tərəfdarları yalandan hay-küy saldılar ki, guya Gəncədə onlarla dinc sakin öldürülüb. Kim idi qiyamçılar? Cinayətkarlar və narkomanlar. Çoxları iddia edir ki, bu hadisə AXC iqtidarının səhvi ucbatından baş verib. Mən demirəm ki, o vaxt Gəncədə əməliyyat uğurlu olub, onu təşkil edənlər səriştəli idilər. Qətiyyən belə deyil. Səhvlər çox idi, daxili satqınların sayı isə ondan da artıq. Təsəvvür edin, Gəncənin yaxınlığındakı rayonlarda düşmənlə savaş gedirdi. Belə bir vaxtda Surət və onun başıpozuq dəstəsi müstəqilliyini yenicə əldə etmiş dövlətimizə silah qaldırdı. Açığını deyəcəyəm, gəncəlilərin bir hissəsi onu dəstəkləyirdi. Əgər bütün əhali əliyalın küçələrə çıxıb 709-u tərksilah etsəydi, bu olay baş verməyəcəkdi. Bir daha deyirəm, qiyamın yatırılması zamanı səhvlər çox olub. Lakin bu o demək deyildi ki, Surət ölkənin xilaskarı idi. Gəncədəki diviziyanın “alkaş” komandiri Şerbakın hərbi süfrəsindən qalan qırıntıları götürüb Bakıya yürüş edənlər üçün nə millət, nə də dövlət vardı. Onların əsas amalı Azərbaycanı Rusiyanın əsarətinə soxmaq idi. 4 iyun Gəncə qiyamı Rusiyanın ali rəhbərliyi və xüsusi xidmət orqanları tərəfindən Azərbaycana qarşı hazırlanmış xain ssenaridir. Bu plana İran İslam Respublikası da böyük dəstək verirdi. Nəzərə alaq ki, qiyam başlayandan dərhal sonra vaxtilə qadın paltarı geyinərək bir müddət gizlənən talış separatçısı Ələkrəm Hümbətov da ölkənin cənubunda qondarma dövlət yaratmaq üçün ayağa qalxdı. Şimalda isə terrorçu və separatçı “Sadval” hərəkətə keçdi. Məncə mənzərə aydındır. Əgər mərhum prezident Heydər Əliyev hakimiyyət başına keçməsəydi, Azərbaycan bir neçə yerə parçalanacaqdı. Hadisələrin sonrakı inkişafı göstərdi ki, Gəncə yenə də Rusiya və İran üçün təxribat mərkəzi olaraq qalmaqdadır. 1994-cü ilin oktyabrında növbəti dəfə artıq boş nazir olmuş Surət Hüseynov Gəncədə qiyama başlamağa cəhd göstərdi. Lakin mərhum prezident H. Əliyevin qətiyyəti sayəsində iflasa uğradı.

Bütün bunları nəyə görə xatırlayırsınız?

Bilirsinizmi, 1993-cü ildə Gəncədə şəhid olan prezident qvardiyasının mərd əməkdaşlarının qanı hələ də yerdədir. Baş verən qiyamlar yatırılsa da əsl günahkarlar layiqli cəzalarını almayıblar, onların xaricdəki havadarlarının adı açıq-aşkar çəkilmir. Görünür, elə bu da Gəncəni dövlətlə üz-üzə qoymaq istəyənlərin dəyirmanına su töküb.

Sizcə Gəncədə baş verənlər daxili qüvvələrin işidir, yoxsa xaricdən idarə olunur?

İyunun 3-də Gəncənin icra başçısı Elmar Vəliyevə(Allah ona və mühafizəçisinə şəfa versin) qarşı törədilən sui-qəsd sıradan bir hadisə deyil. Bu yenidən suverenliyimizə açılan növbəti atəşdir. İyulun 10-da bu şəhərdə iki yüksək vəzifəli polis zabitinin vəhşicəsinə öldürülməsi(Allah onlara rəhmət etsin) deyilənlərə sübutdur. Baş verən sui-qəsddən dərhal sonra sosial şəbəkələrdə Yunis Səfərovun qəhrəmana çevrilməsi də təsadüfi deyil. Elmar Vəliyevin yarıtmaz fəaliyyəti haqqında KİV-lər çox yazırdılar. Lakin bunlara məhəl qoyan yox idi. Ola bilsin ki, icra başçısının bəzi addımları əhali tərəfindən birmənalı qarşılanmayıb. Lakin bu heç də onu öldürməyə əsas vermir. Gəncənin narazı sakinləri dinc yolla da icra başçısına qarşı etirazlarını bildirə bilərdilər. Bununla da dövlət başçısının diqqətini şəhərdə baş verənlərə cəlb edərdilər. Lakin belə olmadı. Azərbaycan Baş prokurorunun müavini, ölkənin hərbi prokuroru, Elmar müəllimin qardaşı Xanlar Vəliyev də hadisədə “Rusiya izi” olduğuna işarə vurub. Hər halda bunu deyən sıradan bir şəxs deyil. Mən onunla razıyam. Gəncədə baş verənlərin ilkin təhlili göstərir ki, bu olayların Rusiya və İranın xüsusi xidmət orqanları tərəfindən hazırlandığı istisna edilmir. Hadisələrə qiymət verən bəzi deputatlar, partiya sədrləri, QHT təmsilçiləri və ziyalılar isə “bəzi dövlətlər” ifadəsini işlətməkdən yorulmurlar. Nəyə görə açıq danışmamalıyıq? Nədən ötrü Rusiya və İrandan şübhələrimizi ortaya qoymamalıyıq? Axı ən yaxın tarixi keçmişimizdə bu dövlətlər Azərbaycanın başına müxtəlif oyunlar açıblar. İndi ölkəmizin həyata keçirdiyi beynəlxalq layihələri, bizdəki sabitliyi, öz şərtlərini diktə edə bilməmələrini həzm etmirlər. Biri Azərbaycanı Avrasiya İttifaqına və KTMT-yə cəlb etmək istəyir, digəri isə suverenliyimizi özü üçün daim təhdid sayır. Bunu heç gizlətmirlər də. Azərbaycan prezidenti İlham Əliyevin Brüssel səfərində Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın prioritetləri barədə sənəd paraflandı. Aydın məsələdir ki, Rusiya bunun əleyhinədir. Ola bilsin ki, qonşu ölkədəki bəzi dairələr bu sənədin imzalanacağından xəbərdar olublar. Gəncə hadisələrini törətməklə Brüssel səfərini və sazişi əngəlləmək istəyiblər. Təbii ki, bu bir versiyadır.

Necə bilirsiniz, dövlət qurumlarının baş verənlərdə günahı varmı?

Hesab edirəm ki, daha çox hüquq-mühafizə orqanları məsuliyyət daşıyırlar. Necə ola bilər ki, Gəncədəki ictimai-siyasi vəziyyətdən bu qurumların xəbəri olmasın? Necə olur ki, terrorçu Yunis Səfərov axtarışda olduğu halda sərhəddən keçə bilir? Və yaxud, baş vermiş sui-qəsddən sonra bütün ölkə əhalisi bilirdi ki, iyulun 10-da saat 20:00-da Gəncədə etiraz aksiyası keçiriləcək. Bunu təşkil edən qüvvələr açıq-aşkar bəyan edirdilər ki, icra başçısı və ailəsi şəhəri tərk etməlidir. Bəs nəyə görə yerli hüquq-mühafizə orqanları imkan verdilər ki, iki yüksək rütbəli zabit qətlə yetirilsin? Sui-qəsddən sonra bu arxayınçılıq nədən yaranmışdı? Suallar çoxdur, yəqin ki, istintaq hər şeyə aydınlıq gətirəcək.

Sizcə indi hansı zəruri tədbirlər görülməlidir?

Gəncənin bütün hüquq-mühafizə orqanları rəhbərlərinin məsuliyyət məsələsinə baxılmalıdır. Şəhərin əməliyyat şəraiti tam nəzarətə götürülməlidir. Koordinasiya mərkəzi yaradılmalı, istintaq bitənədək bu qurum fəaliyyətdə olmalıdır. Televiziya ekranlarında və mətbuatda dedi-qodulara, heç bir əhəmiyyət kəsb etməyən şəxsi mülahizələrin işlənməsinə yol verilməməlidir. Gəncə əhalisi isə bir daha imkan yaratmamalıdır ki, dövlətimizin tarixi və mədəni paytaxtında bu cür hadisələr təkrarlansın.
-Siz sanki gəncəlilərdən incik kimi danışırsınız.
Qətiyyən belə deyil. Mənim üçün gəncəli, qubalı, naxçıvanlı və sair yoxdur. Azərbaycan dövləti və onun vətəndaşları var. Milli, dini-etnik separatizmin qatı əleyhdarıyam. Məmləkətimin dünyəvi prinsiplərə uyğun idarəçiliyinin dəstəçkisiyəm. Gəncə Azərbaycanın ən böyük şəhərlərindən biridir. Təkrar edirəm, ola bilsin ki, burada yaşayanların bir qismi icra başçısından narazıdır. Mən gözləyirdim ki, sui-qəsddən dərhal sonra şəhər əhalisi ayağa qalxıb terroru lənətləyəcək. Təəssüf ki, belə olmadı. Əgər bu cür aksiya keçirilsəydi, 10 iyul hadisəsi də baş verməzdi. Bəlkə də gəncəlilər bunu etmək istəyiblər, lakin obyektiv səbəblər ucbatından alınmayıb. Bu şəhərdə baş verən son hadisələr bütün əhali üçün bir dərsdir. Çünki söhbət ölkəmizin müstəqilliyindən gedir. Gəncəlilərə isə böyük hörmətim var. Onlar tarixən sübut ediblər ki, milli mənafeyi hər şeydən üstün tuturlar. Yeri gəlmişkən, yadıma “Gəncəbasarlı qisasçı” həm də “Qatır Məmməd” adlanan film düşdü. Nədənsə, Yunis Səfərovla Qatır Məmməd arasında bir oxşarlıq gördüm. Qatır da müstəqil dövlət nə olduğunu anlamayan biri olub. Nə isə...
Maraqlı müsahibəyə görə sağ olun.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26