Interposta.Info

NATO-nun kritik sammiti başlayır – prezident İlham Əliyev də Brüsselə gedib

Siyasət
 11-07-2018, 09:04     10 402

Elçin Mirzəbəyli: “Belə tədbirlərdə iştirak ölkəmiz üçün mühüm önəm kəsb edir”
İyulun 11-12-də Brüsseldə NATO-nun zirvə toplantısı keçiriləcək. NATO-nun zirvə toplantısında Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov iştirak edəcək. Xəbər verdiyimiz kimi, dövlət başçısı dünəndən Brüssel şəhərindədir.

Ermənistanı isə NATO-nun zirvə toplantısında yeni baş nazir Nikol Paşinyan böyük nümayəndə heyəti ilə (bura xarici işlər və müdafiə nazirləri də daxildir) təmsil edəcək. Artıq Ermənistan mediası hökumətə istinadən məlumat yayıb ki, Paşinyan iyulun 11-12-də Brüsseldə NATO sammitində iştirak etmək niyyətindədir. Erməni mətbuatı yazıb ki, Ermənistan baş nazirinin NATO sammitində iştirakı ölkə üçün çox vacibdir. Ermənistan hökumətindəki mənbəyə istinadən məlumat yayan nüfuzlu media orqanları qeyd ediblər ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olsa da, rəsmi İrəvan NATO-nu tərəfdaş təşkilat və ölkənin təhlükəsizliyinin təmin olunmasında etibarlı müttəfiq kimi görür.

Bir sıra ekspertlər hesab edir ki, Rusiyanın özünə bir nömrəli rəqib və təhlükə gördüyü NATO-nun zirvə toplantısına Ermənistanın yeni baş nazirinin qatılması, ümumiyyətlə, İrəvanın bu alyansa meyllənməsi Moskvanı qəzəbləndirə bilər.

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Ermənistan rəhbərlərinin NATO sammitlərində iştirakı yeni hadisə deyil: “Bundan öncəki dövlət və hökumət başçıları da alyansın zirvə toplantılarına qatılırdılar və bu, adətən Rusiya tərəfindən qəzəblə qarşılanmırdı. Çünki Ermənistana manevr imkanları verilməsi Kremlin ənənəvi siyasətidir. Təbii ki, Moskva İrəvanın bəlli bir mərhələyədək Qərb təşkilatları ilə münasibətlərinə qəzəblə yanaşmır, əksinə, müəyyən zaman kəsiyində bu əlaqələrdən Ermənistanın müəyyən dividentlər əldə etməsinə imkanlar da yaradır. Rusiya üçün əsas məsələ bu manevrlərin nəzarətdən çıxmaması və status-kvonu dəyişə bilmək imkanında olmamasıdır.

Bu baxımdan da əsas diqqət Paşinyanım sammitdə iştirakı üzərində deyil, necə iştirak edəcəyi üzərində olacaq. Yəni Nikol Paşinyanın sammit çərçivəsində keçirəcəyi görüşlərə, verəcəyi bəyanatlara diqqət yetiriləcək və buna uyğun da davranış sərgilənəcək. Doğrusu, indiki məqamda Paşinyanın NATO sammitində Rusiyanı qəzəbləndirə biləcək hansısa ciddi addımlar atacağını gözləmirəm".

NATO kimi mühüm beynəlxalq təşkilatın sammitində iştirakın Azərbaycan üçün nə qədər əhəmiyyət daşıdığına diqqət çəkən Elçin Mirzəbəyli bildirdi ki, Azərbaycanın sammitdə iştirakı vacibdir: “Amma bu barədə ölkəmizin maraqlarını və mövqeyini ifadə edən qərarı şübhəsiz ki, siyasi rəhbərlik verəcək. NATO sammiti kifayət qədər ciddi bir toplantıdır. Toplantıda üzv və tərəfdaş ölkələrin dövlət və hökumət başçıları iştirak edirlər. Bu baxımdan, sammit eyni zamanda ikitərəfli münasibətlərin müzakirəsi üçün də geniş imkanlar yaradır. Düşünürəm ki, Azərbaycan hər zaman olduğu kimi bu imkandan da istifadə edərək, regionda sülhə və təhlükəsizliyə təhdid yaradan amillər barədə öz mövqeyini bir daha ifadə edəcək”.

Xatırladaq ki, ötən il NATO-nun Varşavada keçirilən zirvə toplantsında qəbul edilən yekun sənəddə Azərbaycanın ərazi bütövlüyü dəstəklənmişdi. Alyansın bu addımı o zaman ermənilərin hay-küyünə səbəb olmuşdu. NATO-nun Brüssel sammitində də Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edilməsi istisna deyil.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26