Interposta.Info

“Xəstə” Petrosyan necə dirildi? – Nikola ata qayğısının səbəbi

Siyasət
 5-06-2018, 10:34     10 463

Levon Ter-Petrosyan Paşinyanın xaç atasına çevrilib və şagirdini hər cür təhlükədən qorumağa çalışır.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın son zamanlar aktivləşməsi ilə bağlı danışan politoloq Elxan Şahinoğlu deyib.

“Petrosyan 2008-ci il prezident seçkisindən sonra təxminən 10 il idi ki, kənara çəkilmişdi: nə açıqlama verir, nə də ölkədəki siyasi proseslərə qarışırdı. Hətta onun ağır xəstəliyə düçar olduğunu deyirdilər. Ancaq “xəstə” adlandırılan Levon Ter-Petrosyan Nikol Paşinyan baş nazir olandan bəri rəsmən dirçəlib və keçmiş şagirdinə yol göstərir, nəyi necə etməyi ona dolayı yollarla izah edir. Başqa sözlə, Petrosyan Paşinyanın xaç atasına çevrilib və şagirdini hər cür təhlükədən qorumağa çalışır”, - siyasi şərhçi bildirib.

Politoloq Qarabağdakı aksiyalara da münasibət bildirib:

“Məsələn, Nikol mitinq və küçə yürüşləri vasitəsilə Sərkisyanı devirib hakimiyyətə gəldikdən sonra özünün də başı dərdə girdi, hər şəhərdə və az qala hər məhəllədə müxtəlif tələblərlə mitinq və küçə yürüşləri başladı. Bu zaman Petrosyan açıqlama verərək, bu mitinq və yürüşlərin xaos və anarxiyaya çevrilə biləcəyini bildirdi. Bundan sonra Paşinyan da eyni sözləri təkrarladı. Artıq bir neçə gündür Dağlıq Qarabağda da etirazlar var. Yenə Petrosyan sinəsini qabağa verərək etirazların davam etməsinin Dağlıq Qarabağ üçün təhlükə yarada biləcəyini vurğuladı. Onun şagirdi bu dəfə də müəlliminin yolu ilə getdi, oxşar açıqlama verərək Dağlıq Qarabağdakı etirazları danışıqlar vasitəsilə yoluna qoymağa çağırdı. Beləliklə, Levon Ter-Petrosyan atalıq qayğısını Paşinyandan əsirgəmir”.

E.Şahinoğlu hesab edir ki, Paşinyan bu gedişlə yaxın gələcəkdə parlamentdə çoxluğu necə əldə etməyin yollarını da Petrosyandan öyrənməyə çalışacaq:

“Ermənistanda parlament seçkisi öncəsi Petrosyan özünün lideri olduğu hərəkatı və müttəfiqlərini Nikolun ətrafında birləşməyə çağıra bilər. O vaxtilə Qarabağ separatçılarının - Robert Köçəryan və Serj Sərkisyanın Ermənistandakı ağalığı ilə bacarmadı, onları məğlub edə bilmədi. Petrosyan heç olmasa, indi Paşinyana dəstək verməklə bu işə son vermək istəyir”.

Politoloq bu arada Rusiyanın Ermənistana yeni səfir təyin etməsinə də münasibət bildirib:

“Rusiya Ermənistana xüsusi diqqət göstərir. Sergey Kopırkin iyunun 4-də etimadnaməsini Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakyana təqdim etməklə bu ölkədə rəsmən fəaliyyətə başlayıb. Maraqlıdır ki, Rusiyanın Ermənistandakı səfir postu cəmi ay yarım boş qalıb. Bundan əvvəlki səfir İvan Volınkin Ermənistanı aprelin ortalarında tərk edib. Rusiyanın Azərbaycandakı səfir postu isə düz 6 aydır ki, boşdur. Keçmiş səfir Vladimir Doroxin Bakını noyabrda tərk edib. Putin yeni səfiri - Mixail Boçarnikovu isə bu ayın əvvəlində təsdiq edib və səfir hələ etimadnaməsini Bakıya təqdim etməyib. Söhbət ondan gedir ki, Rusiya Azərbaycanda bir müddət səfirsiz keçinə bilir, ancaq Ermənistanı uzun müddətə nəzarətdən kənar qoymaq istəmir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26