Interposta.Info

Azərbaycan bir güllə atmadan Ermənistanı parçaladı

Siyasət
 5-05-2018, 09:24     10 334

Yerevanda Sərkisyan əleyhinə aksiyalara rəsmi Bakının təsiri; düşmən bir-birini qırarkən...

Ermənistanda etiraz aksiyaları gedən günlərdə Azərbaycanın hansı mövqe tutacağı maraqla izlənirdi. Əksəriyyət düşünürdü ki, rəsmi Bakı düşmən ölkədəki qarşılıqdan istifadə edib, öz ərazilərini işğaldan azad etmək üçün Dağlıq Qarabağda və Ermənistanla digər sərhəd bölgələrdə hərbi əməliyyatlara start verəcək.

Lakin bunların heç biri baş vermədi. Azərbaycan tərəfi gözləmə mövqeyi tutdu. Əksəriyyət bu mövqeyi tam dəstəkləyir. Çoxları hesab edir ki, əgər Azərbaycan hərəkətə keçərdisə, düşmən ölkədə inqilab baş tutmaya bilər, nəticədə cinayətkar Serj Sərkisyan rejiminin bunu əlində alət edib hakimiyyətini qoruyardı.

Onsuz da neçə illərdi Ermənistanı bütün regional layihələrdən kənarda saxlanılır. Rəsmi Bakının güzəştsiz mövqeyi Ermənistanın bu layihələrdən yararlanmasını istisna edir. Bir yandan da orda başlayan inqilab prosesi düşmən ölkəni daha da taqətdən salır.

Politoloq Elçin Mirzəbəyli Ermənistandakı proseslərdə Azərbaycanın rolunun yüksək olduğu qənaətindədir:
“Ermənistanda yaranan vəziyyətdə şübhəsiz ki, Azərbaycanın yürütdüyü siyasətin rolu var. Amma bu proseslərə müdaxilə yolu ilə deyil, işğalçı ölkənin regionda baş verən proseslərdən təcrid olunması nəticəsində baş verib. Ermənistan regionda həyata keçirilən bütün layihələrdən kənarda qalıb. Hətta Gürcüstan və İran vasitəsi ilə təcriddən xilas olmağa can atsa da bu, real nəticələr verməyib. Doğrudur, bütün bunlar ölkəmizə əlavə səylər hesabına başa gəlib. Amma nəticə bu səyləri doğrultduğu üçün bu istiqamətdə təftiş aparmağı lazımsız hesab edirəm. Ermənistanı son dövrlərdə fakt qarşısında qoyan ən başlıca amil Azərbaycanın İranla əlaqələrində baş verən dəyişikliklərdir. Azərbaycan, İran və Rusiya arasında Şimal-Cənub nəqliyyat dəhlizinin Qərb marşrutu (Həştərxan-Mahaçqala (Rusiya) - Samur - Astara (Azərbaycan) - Astara - Rəşt - Qəzvin (İran) ilə bağlı razılığın əldə olunması və bu prosesin intensiv şəkildə real müstəviyə keçirilməsi rəsmi İrəvanın illərdən bəri Tehranla apardığı danışıqların üzərindən xətt çəkdi. Azərbaycanla İran arasında enerji sektorunda əməkdaşlığın güclənməsi isə Ermənistanın öz enerji təhlükəsizliyini təmin etmək üçün illərdən bəri etdiyi çoxsaylı cəhdləri də boşa çıxardı. Bütün bunlar şübhəsiz ki, Ermənistanın ictimai rəyinə və bu ölkədəki siyasi proseslərə öz ciddi təsirini göstərməmiş deyil. Ermənistanın xəritəsini göz önünə gətirib nəticə çıxarmaq olar. İşğalçı ölkənin və himayədarlarının Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirilməsi istiqamətində atdığı addımlar da nəticə vermədi. Futbol diplomatiyasının ardından Sürix protokolları da fiaskoya uğradı. Rusiya ilə münasibətlər və forpost statusunun həzm edilməsi də Ermənistanın təhlükəsizliyinə təminat vermədi”.

Politoloq bildirdi ki, Ermənistanda baş verən son hadisələr fonunda Azərbaycanın müşahidəçi mövqeyi doğru yanaşmadır:
“Çünki bu günə qədər Ermənistan cəmiyyətində uğursuz idarəçiliyə, iflasa uğrayan daxili və xarici siyasətə, cinayətkar rejimin özbaşınalığına göz yumulmasına səbəb xarici düşmən amilinin qabardılması, işğal edilmiş Azərbaycan əraziləri üzərindən yürüdülən siyasət və təbii ki, bu istiqamətdə aparılan təbliğat olub. Prosesə hər hansı formada müdaxilə hələ də hakimiyyətdən getməmək üçün yollar axtaran klanın yaranmış vəziyyətdən istifadə etməsinə zəmin yarada bilərdi. Amma bu o demək deyil ki, ölkəmiz əlverişli məqamı itirib və yaxud proseslərə hansısa üçüncü tərəfin mövqeyini nəzərə alaraq yanaşıb. Ermənistandakı proseslər səngiməyib və bu ölkədə sabitliyin bərpa olunması üçün gərəkli olan daxili və xarici faktorların sayı həddən artıq çoxdur. Hadisələrin gedişi göstərir ki, hətta Nikol Paşinyan baş nazir seçilsə belə, vəziyyəti sabitləşdirmək mümkün olmayacaq. Bu illər ərzində ölkənin bütün resurslarını əllərində cəmləmiş Qarabağ klanının təmsilçiləri belə asanlıqla təslim olmayacaqlar. Vəziyyətin bu gün olmasa da belə növbədənkənar seçkilər zamanı nəzarətdən çıxması üçün kifayət qədər əsaslar var”.

E.Mirzəbəylinin sözlərinə görə, Ermənistandakı ayrı-ayrı qüvvələr, xüsusilə də hakimiyyəti əldən vermək istəməyən Qarabağ klanının təmsilçiləri təmas xəttində vəziyyəti də gərginləşdirmək üçün təxribatlara əl ata bilərlər: “Düşünürəm ki, əgər belə təxribatlar baş verərsə, Azərbaycanın cavabı öldürücü olmalıdır. Düşmən o qədər ağır itkilərə məruz qoyulmalıdır ki, Ermənistandakı bütün siyasi qüvvələr işğala son qoyulmadan ölkənin böhrandan çıxa bilməyəcəyini birdəfəlik anlasınlar. Bir daha qeyd edirəm ki, Ermənistandakı proseslər səngiməyib və bundan sonra gərginliyin ziqzaqvari formada artıb-azala biləcəyini də göz önünə almaq lazımdır. Həmçinin unutmaq lazım deyil ki, işğalçı ölkənin mərkəzi hakimiyyəti ciddi şəkildə silkələnib və mərkəzdənqaçma meylləri də güclənib. Hakim komanda parçalanır, amma idarəçiliyə iddia edənlərin sabitliyi qoruyub saxlamaq üçün vacib olan təsir mexanizmləri yoxdur. Ermənistanda vəziyyətin tamamilə nəzarətdən çıxa biləcəyi ehtimalı kifayət qədər çoxdur”./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26